13 aprel 2023 13:00
720

Heydər Əliyev və davamlı inkişafa xidmət edən təhsil islahatları

Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq. Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Milli ideologiyamızı hər yerdə tətbiq etmək üçün məktəblərdə Azərbaycan xalqının tarixinin tədrisinə çox ciddi fikir vermək lazımdır... Gənclərimiz öz tarixini, öz tarixi keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bugünkü və gələcək mənəviyyatı bununla bağlıdır.

Ulu Öndər Heydər Əliyev

İyirminci əsrin yetmişinci illərindən başlanıb çağımıza qədər davam edən böyük bir tarixi dövr milli təhsilin inkişafının H.Əliyev epoxası adlandırmağa layiqdir. Məhz H.Əliyev epoxası Azərbaycanda təhsilin bütün mərhələlərinin intibah dövrü kimi səciyyələnir. Kitabda ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyevin Azərbaycanda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnalogiyalarla təchiz olunması, Avropaya inteqrasiya edilməsi, bir sözlə, böyük sürətlə müasrləşdirilməsi sahəsindəki məqsədyönlü xidmətlərinin təhlil edilib elmi baxımdan ümumiləşdirilməsinə ciddi fikir verilməsi sınaqlardan çıxmış mövcud siyasi xəttin ölkəmizdə necə böyük irəliləyişlərə səbəb olduğunu əsaslandırmağa möhkəm və etibarlı zəmin yaratmışdır. Eyni zamanda, H.Əliyev fondunun rəhbəri, millət vəkili Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində respublikamızın bütün rayonlarında tikdirib istifadəyə verdiyi geniş miqyaslı təzə məktəblər şəbəkəsinin xalqımızın milli taleyindəki yeri və rolu obyektiv surətdə diqqət mərkəzinə çəkilmişdir.

Milli təhsilin inkişaf yolunu və respublikamızda həyata keçirilən maarifçi islahatları əhatəli və sistemli şəkildə əks etdirən “Azərbaycan təhsili:dünən, bu gün, sabah” kitabı keçilmiş yolun gedişatını bütün təfsilatı ilə ümumiləşdirməklə yanaşı,təhsil sahəsində bundan sonrakı proseslərə də gur işıq salır, bələdçilik edir. Bu mənada haqqında bəhs olunan kitab məktəb, pedaqoji fikir və maarifçilik hərəkatı ilə əlaqədar problemləri öyrənənlər ücün olduğu kimi, müstəqillik dövrü təhsilimizin daha da inkişaf etdirilməsinə cavabdeh olanlardan ötrü də faydalıdır. “Azərbaycan təhsili:dünən, bu gün, sabah” kitabı milli təhsilimizin keçmişinə vəkeçdiyi yola işıq salmaqla bərabər, işıqlı sabahlarına, yeni üfiqlərinə də inam hissi oyadır.

Müasir dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiqi ilə təhsil sisteminin inkişafı, bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son 14 ildə Azərbaycanda  həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

 Ulu öndərimiz  Heydər Əliyevin respublikada elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahəni inkişafının ən mühüm izlərinə çevrilmişdir. Ümummilli liderimiz Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz xalqın yüksək təhsil almasında, maariflənməsində görmüş, respublikada fundamental və humanitar elmlərin tərəqqisi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

Müasir dövrdə təhsilin səviyyəsi həm də hər bir ölkədə kompyuter və informasiya texnologiyalarının sürətli inkişaf dinamikası ilə şərtlənir. Bu reallığı düzgün dəyərləndirən dövlət başçısı cənab İlham Əliyev hələ 2003-cü  ilin dekabrında Cenevrədə keçirilən ümumdünya sammitində çıxış edərkən demişdir ki, Azərbaycanda neftdən sonra prioritet sahə informasiya və kommunikasiya texnologiyaları olmalıdır. Prezident İlham Əliyevin  həyata keçirdiyi siyasətin mahiyyətində də məhz insan və şəxsiyyət amili dayanmışdır. 2004-cü il avqustun 21-də “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci ilər) təsdiq edilməsi haqqında” fərman imzalayan Prezident İlham Əliyev gənclərin müasir biliklərə və informasiya texnologiyalarına dərindən dərindən mənimsəməsinə elmi-texniki zəmin yaratmışdır.

Bu proqram ölkədə yeni informasiya texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmər edən, dünya təhsil sisteminə inteqrasiya imkanı verən vahid təhsil informasiya sistemi yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi daşıyır. Elm müəssisələrinin, məktəblərin kompyuterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü  addımlar Azərbaycanda  həm də insan kapitalının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta  məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək, müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədi ilə dövlət başçısı 30 may 2005-ci il tarixdə “Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında”  sərəncam imzalamışdır. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizmlərini irəli sürür. Dövlət başçısının digər bir fərmanı ilə Azərbaycanda “Bilik günü” təsis edilmiş,təhsil müəssisələrində  iş rejimi tənzimlənmişdir. Eyni zamanda fərmanda ölkəmizin təhsil müəssisələrində  təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir sıra tədbirlərin görülməsi də nəzərdətutulmuşdur.

Respublikamızda həyata keçirilən inkişaf strategiyası ölkədə yoxsulluq səviyyəsinin azaldılmasını, əhalinin maddi rifahının yaxşılaşdırılmasını, işsizliyin aradan qaldırılmasını, xüsusilə gənclərin faydalı məşğulluğunun artırılmasını, işsizliyin aradan qaldırılmasını, xüsusilə gənclərin faydalı məşğulluğunun artırılmasını, rayon və kənd yerlərində sosial-məişət şəraitinin yaxşılaşdırılmasını, o cümlədən təhsil sahəsində aktual problemlərin həlli kimi strateji istiqamətləri özündə əks etdirir. Bu prosesdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezident Mehriban xanım Əliyeva da yaxından iştirak etmişdir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində təkcə 2005-2006-cı illərdə müxtəlif bölgələrdə 200-ə yaxın yeni məktəb inşa edilmişdir.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)”  ölkəmizdə peşə təhsilinin inkişafı məsələlərini nəzərdə tutur. Son illər ölkəmizdə dinamik inkişaf edən iqtisadiyyatın bir çox sahələrinin ixtisaslı kadrlara tələbatının dolğun ödənilməsi, əhaliyə göstərilən texniki peşə xidmətlərinin beynəlxalq tələblər səviyyəsində qurulması Dövlət Proqramının əsas mahiyyətini təşkil edir. Neft-qaz sənayesinin dünya miqyasına çıxması, qeyri-neft sektorunun, xüsusilə regionların sosial-iqtisadi inkişafı, turizmin yeni mərhələyə qədəm qoyması, yeni xidmət sahələrinin yaranması ixtisaslı texniki peşə kadrlarına ehtiyatı gücləndirir. Prezident İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramının icrasına başlanması ilə texniki peşə təhsili sistemi ölkə iqtisadiyyatını ixtisaslı fəhlə kadrları ilə təmin edəcəkdir. Dövlət Proqramına görə, ilk növbədə, müasir tələblərə cavab verməyən peşə təhsili sisteminin maddi-texniki bazası gücləndirilməli, peşə məktəbi və lideylərinin binaları əsaslı təmir olunmalı, bu sahədə təhsilin idarə strukturu təkmilləşdirilməli, onun dövlət büdcəsindən maliyyələşdirilməsi təmin edilməlidir. Eləcə də kadr hazırlığı əmək bazarının tələbləri ilə uzlaşdırılmalı, tədris-istehsalat ocaqları ixtisaslı kadrlarla təmin edilməli, mühəndis-pedaqoji heyətin hazırlığı daim diqqətdə olmalıdır. 

Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” sərəncamı isə bu sahədə həyata keçirilən dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması baxından təqdirəlayiqdir. Sərəncamda həyata keçirilən işlərin səmərəliyinin artırılması, pərakəndəliyin aradan qaldırılması məqsədilə iqtisadi inkişaf və təhsil nazirliklərinə aidiyyatı qurumlarla birgə üç ay müddətində azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramını hazırlayaraq Azərbaycan Prezidentinə təqdim etmək tapşırığı verilmişdir. Bu sərəncam əsasında “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur. Dövlət Proqramına müvafiq olaraq xarici ölkələrin təhsil müəssisələrində  bakalavr dərəcəsi alaraq gənclərin seçimi ilə əlaqədar müsabiqə elan edilmişdir.

Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında” sərəncamına əsasən, 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştataları, Almaniya, Koreya, Fransa,İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmnin etmək məqsədilə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat məbləğində vəsait ayrılmışdır. Eyni zamanda namizədliyi Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən təsdiq olunmuş xaricdə təhsil almağa göndərilən vətəndaşlarla xüsusi müqavilə bağlamaq səlahiyyəti Azərbaycan Respublikasının Təhsil Nazirliyinə verilmişdir. Ölkə başçısının sentyabrın 4-də imzaladığı “Ən yaxşı müəllim mükafatlarının təsis edilməsi haqqında” sərəncamı da təhsilin inkişafında  mühüm əhəmiyyət kəsb edən sənəddir.

Həyata keçirilən tədbirlər deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə dayanıqlı iqtisadi inkişaf tempini heç də neft gəlirləri hesabına deyil, məhz bilik, müasir informasiya texnologiyaları, elmtutumlu sahələrin dinamik inkişafı, güclü insan kapitalının forlaşması sayəsində təmin edəcək.

Ruhəngiz Əliyeva,
Pedaqogika üzrə fələsfə doktoru,
Naxçıvan Müəllimlər İnstitutu