13 aprel 2023 10:19
592

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafına dəyərli töhfələr verib

Həyatda elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlmiş Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyeva da məhz belə seçilmiş insanlardan olmuşdur.

Onun Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri ölçüyəgəlməzdir. Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatlar aparmışdır. Eyni zamanda, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Zərifə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına da böyük əmək sərf etmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Görkəmli alim tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara diqqət və qayğı ilə yanaşmışdır.

1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.

 Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçilmişdir. Görkəmli alim xidmətlərinə görə orden və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar Elm Xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.

Akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi-tədqiqatlar aparmışdır.

Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiyası məkanında məşhurlaşdırmışdır.

Zərifə xanım Əliyeva, eyni zamanda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin – ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə cəlb edir. O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirmiş, oftalmologiya elminə çox böyük töhfələr vermişdir.

Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir insan kimi yaratdığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, mədəni irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir.

Bu gün də Zərifə xanım Əliyeva haqqında söhbət düşəndə gözümüz önündə işıqlı bir obraz – əsl Azərbaycan qadınının obrazı canlanır. Onun yaşadığı ömür başdan-başa bir işıq mücəssəməsidir.

Xanım Qədirova,
YAP Salyan rayon təşkilatının fəalı