Azərbaycan və Qazaxıstan münasibətləri qədim və zəngin köklərə malikdir. Xalqlarımız eyni etnik soy-kökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub.
Azərbaycan-Qazaxıstan münasibətləri Sovet imperiyası dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Həmçinin hər iki dövlət Xəzəryanı ölkələr kimi ortaq su sərhəddinə malikdir.
İki qardaş ölkə arasında diplomatik əlaqələr 1992-ci il avqustun 30-da qurulmuşdur. 1993-cü ilin yanvarında Qazaxıstanın Azərbaycanda, 2004-cü ilin martında isə Azərbaycanın bu ölkədə səfirlikləri fəaliyyətə başlayıb. 2008-ci ilin sentyabrından isə Qazaxıstanın Aktau şəhərində Azərbaycanın konsulluğu fəaliyyət göstərir.
Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbəri kimi Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə ilk görüşü 1994-cü il oktyabrın 19-da türk dövlətləri başçılarının ikinci Zirvə görüşündə baş tutub. Həmin görüşdə prezidentlər iki qardaş ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər. Görüş zamanı Azərbaycan-Qazaxıstan münasibətlərinin həm türk dövlətlərinin münasibətləri çərçivəsində, həm də ikitərəfli formatda inkişaf etdirmək barədə qərar qəbul edilib.
1996-cı ilin sentyabrında isə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfər edib. Səfər zamanı Ulu Öndər Heydər Əliyevin və Nursultan Nazarbayevin iştirakı ilə Azərbaycan və Qazaxıstan nümayəndə heyətləri arasında danışıqlar keçirilib. Danışıqların əsas mövzusu iki ölkə arasında siyasi-iqtisadi əməkdaşlığın yeni inkişaf istiqamətləri olub.
Prezident İlham Əliyev isə Qazaxıstana ilk rəsmi səfərini 2004-cü ildə edib. Səfər zamanı Prezident İlham Əliyev və Prezident Nursultan Nazarbayev iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıblar. Bu görüşdən sonra Nazarbayev bildirib ki, İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olmaqla yanaşı, ölkənin regionda və dünyada mövqeyini gücləndirəcək.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə Türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsinin prioritet məsələlərdən biri olduğunu qeyd edib. Dövlətimizin başçısı, həmçinin bu ölkələrlə nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevlə mütəmadi əlaqədə olduğunu və iki ölkə arasında əlaqələrin son illərdə yüksələn xətlə davam etdiyini bildirib.
Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır.
Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.
Qazaxıstan Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. Qazaxıstanın ictimai-siyasi xadimi, böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı kəskin şəkildə çıxış edərək Azərbaycanın haqq səsini bütün dünyaya bəyan etmişdir. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.
44 günlük Vətən müharibəsi dövründə də bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib.
Bu gün ölkələrimiz arasında nəqliyyat, logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi, mədəniyyət, turizm, təhsil, gənclər siyasəti və digər sahələrdə əlaqələrin genişləndirilməsinə xüsusi əhəmiyyət verilir.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri