
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
Ölkəmiz bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, etimad mühitinin yaradılması üçün səylər göstərir. Dövlətlərarası münasibətlərin inkişafında etimad əsas amillərdən biridir. Aprelin 5-də Azərbaycan və Tacikistan prezidentləri arasında Düşənbə şəhərində keçirilmiş görüşdə bu sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinə dair bir sıra sənədlər imzalanıb. Səfər çərçivəsində Düşənbədə Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Hər iki görüşdə Azərbaycan-Tacikistan münasibətlərinin aktual məsələlərini ətraflı müzakirə etmək və yeni artım nöqtələrini müəyyənləşdirmək üçün yaxşı fürsətin yarandığı qeyd olunub. Bu görüşlərdə həm ticari-iqtisadi sahədə, nəqliyyat-logistika sahəsində, həm də investisiya siyasəti sahəsində çox böyük perspektivləri ətraflı müzakirə edilib.
Tacikistan Prezidenti Emoməli Rəhmon dövlət başçılarının mətbuata birgə bəyanatlarında bu fikri böyük inamla qeyd etdi ki, diplomatik münasibətlərin otuz ili ərzində Tacikistan və Azərbaycan səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər. Hər iki ölkə strateji əhəmiyyətə malik bölgələrdə yerləşir. Xəzər dənizi hövzəsi və Cənubi Qafqaz bölgələrinin aparıcı ölkəsi kimi, Azərbaycanla əməkdaşlıq etmək Mərkəzi Asiyanın açar ölkəsi olan Tacikistanın maraqlarına da uyğundur. Digər yandan, BMT və İslam Əməkdaşlıq Təşkilatında Tacikistan və Azərbaycan arasında ciddi əlaqələr var. Müasir dövrdə Azərbaycanla Tacikistan arasında ticari-iqtisadi əlaqələrin əsasını idxal-ixrac, həmçinin tranzit yükdaşımalar təşkil edir.
Azərbaycan-Tacikistan əlaqələrinin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük əməyi olub. Sovet dönəmində taciklər üçün həyat əhəmiyyətli obyekt olan "Nurek" Su Elektrik Stansiyasının tikintisinə sovet rəhbərliyi etiraz etsə də, Heydər Əliyev bu layihəni əvvəldən sonadək dəstəkləyib. Tacik xalqı dahi şəxsiyyətin yaxşılığını heç vaxt unutmur. Onun xatirəsi bu ölkədə daim hörmətlə yad edilir.Ulu Öndər Heydər Əliyevin rolunun xüsusi qeyd edilməsi bir daha ölkəmizin münasibətlərin qurulmasında hansı prinsiplərə xüsisi önəm verdiyini açıqladı. Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl Azərbaycanın hər bir sahədə davamlı uğurlarını şərtləndirir, ölkəmizə qarşı inamı və etimadı daha da artırır. Bu gün Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması da özündə bu kimi məqamları ehtiva edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında ölkələrimiz arasında qardaşlıq münasibətlərinin uğurlu inkişafı məhz 1990-cı illərin əvvəllərindəki fəaliyyətin nəticəsi olduğunu bildirmiş, qeyd etmişdir ki, o vaxt həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, təəssüf ki, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Müstəqilliyin ilk illərində hər iki ölkənin üzləşdiyi vəziyyətdən çıxış edən cənab İlham Əliyev demişdir: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar. Tacikistan və Azərbaycan keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoyublar. Bizim bugünkü uğurlu inkişafımız göydən düşməyib, bunun arxasında məhz böyük liderlərin, xalqlarımızın liderlərinin əməyi durur”. Qeyd edək ki, səfər çərçivəsində imzalanmış 13 sənəd mühüm əhəmiyyət kəsb etməklə yanaşı, müxtəlif sahələri əhatə edir.
Danışıqlarda təhlükəsizlik məsələləri diqqət mərkəzində oldu. Tərəflər beynəlxalq terrorizmə, ekstremizmə, narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, kibercinayətkarlığa və transmilli mütəşəkkil cinayətkarlığın digər formalarına qarşı mübarizədə əməkdaşlığın möhkəmləndirilməsinə tərəfdar olduqlarını bildirdilər. Beynəlxalq məsələlər və regionda vəziyyət ətraflı müzakirə edildi. Prezidentlər mətbuata bəyanatlarında diplomatik münasibətlərin qurulduğu 30 ildə əlaqələrin yüksələn xətlə inkişafını xüsusi qeyd edərək belə bir əminliyi ifadə etdilər ki, səfər çərçivəsində danışıqların yekunları ölkələrimiz arasında münasibətlərin inkişafına böyük nikbinliklə və xoş ümidlərlə baxmağa əsas verir. Azərbaycan Respublikasının Prezidenti xalqlarımızın əsrlər boyu dostluq, həmrəylik şəraitində yaşadığını, mədəni sahədə qarşılıqlı əlaqələrin möhkəm təməli olduğunu bildirmiş, Azərbaycanda tacik mədəniyyətinə, Tacikistanda Azərbaycan mədəniyyətinə çox yüksək qiymət verildiyini bildirmişdir. İki ölkə arasında imzalanmış sənədlər onu deməyə əsas verir ki, yaxın zamanlarda Tacikistan və Azərbaycan arasında iqtisadi əlaqələr daha da yüksələn xətlə inkişaf edəcəkdir.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri