12 aprel 2023 15:58
672

İslam həmrəyliyinə sadiqliyimiz sözdə deyil əməldədir

Əsasları Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş Azərbaycan Respublikasının xarici siyasət kursu müasir dövrümüzdə ölkə başçımız Cənab İlham Əliyev tərəfindən daha da uğurla davam etdirilir. Beynəlxalq hüquq prinsiplərinə söykənən və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan xarici siyasətimiz ölkəmizin dünyadakı nüfuzunu yüksəltməkdədir. Azərbaycanın Avropa və Asiyanın qovuşuğunda yerləşməsi imkan verirki ölkəmiz bu iki qitə arasında mühüm körpü rolunu oynasın.

Ölkəmizin xarici siyasətində Mərkəzi Asiya dövlətləri ilə əlaqələrimiz xüsusi yer tutur. Son dövrlərdə Azərbaycan ilə Mərkəzi Asiya respublikaları arasındakı əlaqələr intensivləşməkdədir. Mərkəzi Asiya respublikalarının dövlət başçılarının Azərbaycana rəsmi səfərləri və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin həmin ölkələrə rəsmi səfərləri əlaqələrin dərinləşməsinə əvəzsiz töhvələr verir. Bu baxımdan ölkə başçımız Cənab İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri də istisna təşkil etmədi. Düşənbə şəhərinin Beynəlxalq Aeroportunda dövlətimizin başçısı Tacikistan Prezidenti Emoməli Rəhmon tərəfindən böyük hörmətlə qarşılandı. Əvvəlcə iki ölkənin prezidentləri arasında təkbətək görüş keçirildi, ardınca Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü reallaşdı.  Görüşün sonunda “Azərbaycan Respublikası Prezidentinin və Tacikistan Respublikası Prezidentinin Birgə Bəyannaməsi”ni Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon imzaladılar. 

Daha sonra “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov, “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Tacikistanın xarici işlər naziri Sirociddin Aslov, “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında səhiyyə sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev və Tacikistanın səhiyyə və sosial müdafiə naziri Salimzoda Nusratullo “Azərbaycan Milli Elmlər Akademiyası və Tacikistan Respublikası Elmlər Akademiyası arasında elmi əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə və Tacikistan Elmlər Akademiyasının prezidenti Farxod Rahimi imzaladılar. Bir məqam da xüsusi vurğulanmalıdır ki, Tacikistandan olan 50-yə yaxın kursant hal-hazırda Azərbaycan Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin tədris müəssisələrində təhsil alır.

Mərkəzi Asiya dövlətləri ilə əlaqələri ötən hər gün bir qədər də dərinləşdirən Azərbaycan Resbublikası bu istiqamətdə daha bir önəmli addım atmış oldu. Azərbaycan Prezidenti Cənab İlham Əliyevin Tacikistan Respublikasına rəsmi səfəri göstərdi ki, dövlətimiz və dövlət başçımız İslam həmrəyliyinə sadiqliyini sözdə deyil, real əməldə ortaya qoyur.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini