12 aprel 2023 12:20
498

Müttəfiqlik və dostluq münasibətləri

2023-cü il aprel ayının 10-da Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində bir sıra məsələlər müzakirə edilmişdir.

Ölkə Başçısı Qazaxıstanın paytaxtı Astana şəhərinin  mərkəzi küçələrindən birinə Ulu Öndər Heydər Əliyevin adının verilməsini iki dövlət arasında hörmət və döstluq münasibətinin əlaməti, Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsinə ehtiram kimi qiymətləndirərək özünün və bütün Azərbaycan xalqının adından təşəkkürünü bildirdi.

30 ilə yaxın bir müddətdə torpaqlarımız ermənilərin dəhşətli vandalizminə məruz qalmışdır. Bu illər ərzində onlar dəhşətli soyqırım törətməklə yanaşı, Azərbaycana külli miqdarda maddi və mənəvi ziyan vurmuşlar. 44 günlük Vətən Müharibəsindən sonra düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızı yenidən canlandırmaq və sakinlərin öz torpaqlarına qaytarılmasını təmin etmək dövlətimizin əsas məqsədlərindən biridir. Çıxışı zamanı cənab Prezident İlham Əliyev Qarabağda aparılacaq quruculuq işlərindən də bəhs edərək Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılacağını və bu təşəbbüsə görə öz təşəkkürünü bildirdi. “30 illik işğaldan sonra 10 min kvadratkilometrdən artıq ərazinin praktiki olaraq sıfırdan başlayaraq bərpa etməli olduğumuz vaxtda” tikintisinə artıq başlanılmış Qazaxıstanın Azərbaycana bu hədiyyəsini Azərbaycan xalqının heç vaxt unutmayacağını diqqətə çatdırdı.

Cənab Prezident İlham Əliyev ötən ilin avqust ayında Qazaxıstan Respublikasının Prezidenti cənab Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandığını yada saldı. Çoxəsrlik tarixə malik bu iki qardaş xalqın əlaqələri hər zaman dostluq və əməkdaşlığa əsaslanmışdır.

Qazaxıstan ilə qardaşlıq münasibətlərinin həyati zərurət kimi qiymətləndirən Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev bildirdi ki, “Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir”.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri