10 aprel 2023 23:23
521

Xəyanətkarlığın, satqınlığın, ruhu çöküşün bu qədəri olmaz axı…

Son zamanlar “siyasi mühacir” adı ilə xarici ölkələrdə sığınacaq tapan “sapı özümüzdən olan baltalar”ın, informasiya müharibəsində düşmən dəyirmanına su tökən antimilli ünsürlərin xeyli fəallaşması diqqətimizi cəlb edir. Belələrindən biri xalqına, Vətəninə qarşı xəyanətkar əməlləri ilə məşhuri-cahan olan Tural Sadıqlıdır. T.Sadıqlının son vaxtlar sosial şəbəkələrdəki əmamməliyi bir daha onu göstərir ki, deyəsən, xarici xwsusixidmət orqanları, xüsusilə də SEPAH bu adamı yaxşıca yedizdirirlər.

Belə yerdə sual oluna bilər ki, görəsən, Tehranın Azərbaycana bağlı təxribatçı əməllərinin əsas icraçılarından olan bu terrorçu təşkilat T.Sadıqlıya və onun kimi Vətəninə xəyanət edənlərə nə vəd edib ki, belələri dəridən-qabıqdan çıxaraq molla rejiminə var gücləri ilə dəstək verirlər?

Mənəviyyatını pula-paraya satan, ruhunu şeytana, daha doğrusu, SEPAH-a təslim edən xəyanətkarlar arasında xüsusi cənfəşanlığı ilə seçilən T.Sadıqlıdan düşmənlərimiz çox məharətlə istifadə edirlər.

Heç kimə sirr deyil ki, ayətullahkratiya Azərbaycandan İrana dini təhsil almağa gedən gəncləri öz cənginə keçirərək onlardan casus kimi istifadə edir. Digər tərəfdən, onlar ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq ölkəmizdə özlərinin “mədəniyyət mərkəzlərini”, yəni, yerli casus yuvalarını yaradaraq gənclərimizin beynini çox pis şəkildə yuyurlar. Yeri gəlmişkən, bu günlərdə İran səfirliyinin “persona-non-grata” elan edilən dörd diplomatından biri Qurbanəli Purmərcan Varcovi İranın Bakıdakı mədəniyyət mərkəzinin sədridir. Q.Purmərcan 2021-ci ildə Azərbaycandan qaçan dini təbliğatçı, İranın ali dini lideri Xameneinin Azərbaycandakı nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejadın yerinə keçmiş və hələ də onun ölkədəki yarım qalan işlərini davam etdirirdi. 

Əlbəttə ki, mollakratiya ölkəmizə qarşı törətdiyi təxribatlarda xarici ölkələrdəki casus şəbəkəsinin üzvlərindən də, necə deyərlər, çox məharətlə istifadə edir. Belələrindən biri də özünü azərabaycanlı adlandıran, Vətənin havasını udub, çörəyi ilə böyüyən xəyanətkar T.Sadıqlıdır. Son zamanlar bu adamın işi-gücü gecə-gündüz bir neçə gün bundan əvvəl Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terror hadisəsində hər cidd-cəhdlə terrorçu mahiyyətli İranın rolunu gizlətmək və burada hansısa “iz” axtararaq molla rejimini təmizə çıxarmaqdır. Nə deyəsən, necə deyəsən? Hərdən fikirləşirsən ki, görəsən, şeytan xislətli bu əbləhdə öz Vətəninə, torpağına və millətinə qarşı bu qədər kin-küdurət haradandır? Təsəvvür etmək belə çətindir.

Mənəvi-əxlaqi deqradasiyaya uğrayan, beş-on quruş tula payına görə xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə sosial şəbəkə platformalarında özü kimi milli satqınlarla birlikdə Azərbaycan əleyhinə şər-böhtan, iftiralar yağdıran T.Sadıqlı bundan əvvəl də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumu ilə bağlı Tehran hökumətinin mövqeyindən çıxış edib. O, həmin günlərdə “YouTube”dakı bütün çıxışlarında xüsusi cənfəşanlıqla ictimai rəyi çaşdırmaq üçün çox iyrənc və çirkin mövqe nümayiş etdirib. Bu mənəviyyatsız, vicdanı ləkəli adam özünün “Azad söz” kanalında həyasızcasına terrorçuların mövqeyini müdafiə etdi. Bütün bunlar bir daha təsdiq edir ki, anti-Azərbaycan dairələr ölkəmizə qarşı informasiya mübarizəsi aparmaq üçün T.Sadıqlı kimi xəyanətkarın  rəhbəri olduğu “Azad söz” kanalından bir platforma kimi istifadə edirlər.

Əslində, T.Sadıqlı və onun kimilərin anti-Azərbaycan dairələrin əlində maşa olduğunu hamımız yaxşı bilirik. Ancaq bir azərbaycanlı kimi hamımızı düşündürən bir məsələ var: Xəyanətkarlığın, satqınlığın, əxlaqi-mənəvi deqradasiyasnın, ruhu çöküşün və nankorluğun bu qədəri də olmaz axı…

Zahid Rza, “İki sahil”