08 aprel 2023 11:40
778

Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədə inkişaf edir

Azərbaycan ilə Tacikistan arasında münasibətlərin formalaşması ötən əsrin 90-cı illərinin əvvəllərində, iki ölkə liderlərinin gərgin səyləri nəticəsində mümkün olmuşdu.İki dövlət arasında diplomatik əlaqələrin əsası 29 may 1992-ci il tarixində qoyulub. 2007-ci il tarixindən Azərbaycan Respublikasının Tacikistan Respublikasında səfiri fəaliyyətə başlayıb. Hər iki ölkənin dövlət başçılarının və digər yüksək səviyyəli rəsmi şəxslərinin qarşılıqlı səfərləri müqavilə-hüquq bazasının formalaşmasına, münasibətlərin müxtəlif sahələr üzrə inkişafına şərait yaradıb.

Azərbaycan ilə Tacikistan arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanları genişdir. Asiyanı Avropa ilə siyasi, iqtisadi, coğrafi, mədəni baxımdan birləşdirən körpü rolunu oynayan Azərbaycanla əlaqələr Tacikistan üçün Qərbə çıxış imkanıdır. Xüsusən də TRACECA layihəsi çərçivəsində bərpa edilən İpək Yolu belə bir imkanı yaratmağa xidmət edir. Azərbaycan Prezidentinin 7 fevral 2008-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri iki ölkə əlaqələrinin inkişafına yeni təkan verib. Tacikistanın paytaxtı Düşənbə şəhərində mətbuata bəyanatlarla çıxış edərkən ilk növbədə Tacikistan Prezidenti Emoməli Rəhmon bildirmişdir ki, diplomatik münasibətlərin 30 ili ərzində ölkələrimiz səmərəli qarşılıqlı fəaliyyət mexanizmləri qura və bu gün qardaş xalqlarımızın rifahına xidmət edən sanballı nəticələr əldə edə biliblər: “Buna çox cəhətdən əsası Azərbaycan xalqının görkəmli oğlu və mənim dostum, böyük yoldaşım Heydər Əliyev tərəfindən qoyulmuş sıx, qarşılıqlı etimada əsaslanan əlaqələr şərait yaradır. Gələn ay Heydər Əliyevin 100 illiyini Tacikistanda da qeyd edəcəyik.”

Öz çıxışında cənab Prezident İlham Əliyev də vurğulamışdır ki, 1990-cı illərin əvvəllərində həm Tacikistan, həm də Azərbaycan böyük çətinliklərlə üzləşmişdi, ölkələrimizdə ictimai-siyasi sabitlik pozulmuşdu, həm Tacikistanda, həm də Azərbaycanda vətəndaş müharibəsi gedirdi. Vətəndaş müharibəsini qardaş qırğını və müharibələrin ən dəhşətlisi kimi xarakterizə edən dövlət başçımız o dövrdə Tacikistanda Prezident Rəhmonun, Azərbaycanda isə Ulu Öndər Heydər Əliyevin qanlı səhifəni çevirmək və ölkələrimizi inkişaf yoluna çıxarmaq üçün nə mümkündürsə etdiklərini və məqsədlərinə nail olduqlarını diqqətə çatdırdı. Cənab Prezident bu gün həm Tacikistanın, həm də Azərbaycanın sabit dövlətlər olduğunu qeyd edərək, məhz bu göstəricinin inkişafın və təhlükəsizliyin əsasında durduğunu vurğuladı. Həqiqətən də ictimai-siyasi sabitlik olmayan heç bir ölkəyə nə investisiyaların yatırılması, nə də bu ölkədə tərəqqi və insanların rahatlığının bərqərar olması mümkün deyil. Bu sabitliyə isə yalnız öz xalqının milli maraqlarına əsaslanan siyasət yürüdən liderlər nail ola bilərlər. Müdrik rəhbərlik hətta inkişafın ən aşağı səviyyədə olduğu ölkələrdə belə yüksək nəticəyə nail ola bilər. Eləcə də keçmiş sovet respublikaları arasında müstəqillik yoluna ən pis və ən ağır şəraitdə qədəm qoymuş Tacikistan və Azərbaycan bugünkü uğurlu inkişaflarına bunun arxasında duran böyük liderlərinin, öz xalqlarının liderlərinin gərgin əməyi sayəsində nail olublar.”

Hərbi sahədə əməkdaşlığımız da yüksələn xətlə inkişaf edir. Azərbaycanın hərbi məktəblərində 50 nəfər kursantın təhsil alması da bu qəbildən olan tədbirlərdən biridir.

Prezident İlham Əliyevin Tacikistana dövlət səfəri zamanı imzalanan sənədlər tam əminliklə deməyə əsas verir ki, Azərbaycan və Tacikistan arasında əməkdaşlıq əlaqələri bundan sonra daha da yüksək dinamika ilə inkişaf edəcək.

Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı