08 aprel 2023 00:23
567

Davamlı inkişaf və siyasi sabitlik

Növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən amillər

Dayanıqlı inkişafın və ictimai-siyasi sabitliyin təmin olunduğu müasir, müstəqil Azərbaycanın dinamik tərəqqisini şərtləndirən mühüm strateji amillərdən biri bütün sahələrdə kompleks xarakterli, sistemli və məqsədyönlü islahatlatın həyata keçirilməsidir. Prezident İlham Əliyevin siyasi iradəsi əsasında icra strukturlarında aparılan ardıcıl reformalar, eləcə də məhkəmə-hüquq islahatları idarəetmənin təkmilləşdirilməsinə, vətəndaş məmnunluğunun artmasına xidmət edir, daha qüdrətli Azərbaycan naminə qarşıya qoyulan strateji əhəmiyyətli vəzifələrin yerinə yetirilməsinə imkan verir. Təbii ki, bu islahatlar davamlı, hərtərəfli xarakter daşıyır.

Əfsuslar olsun ki, hər zaman milli maraqlara zidd mövqedən çıxış edən, xalqın və dövlətin mənafeyini heçə sayan, anti-Azərbaycan dairələrin direktivləri əsasında hərəkət edən radikal müxalifət öz ampluasına sadiq qalaraq bu məsələni də manipulyasiya predmetinə çevirməyə çalışır. Dünya təcrübəsi göstərir ki, müxtəlif ölkələrdə parlamentin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi hüquqi xarakterli deyil, siyasi hadisələrlə əlaqədar olur.

Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyev 11 aprel 2018-ci il tarixli andiçmə mərasimində etdiyi çıxışında demişdir: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var... Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.” Bu tarixi hadisədən cəmi iki il yarım sonra bütün dünya Azərbaycan Prezidentinin nikbinliyinin nə qədər əsaslı olduğunu gördü, özünü nə dərəcədə doğrultduğunun şahidi oldu. Azərbaycan 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq öz torpqlarını işğaldan azad etdi və bununla da şanlı tarixinin ən şərəfli səhifələrini yazdı. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi. Müharibə Azərbaycanın gücünü-qüdrətini bütün dünyaya nümayiş etdirdi. Həmçinin ölkənin tarixi ərazi bütövlüyünün bərpası iqtisadiyyatın perspektiv inkişafı ideyalarının reallaşmasına zəmin yaratdı. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi 30 illik dövr ərzində Azərbaycan dövlətinin daha da güclənməsi üçün aparılan uğurlu islahatların və uzaqgörən xarici siyasətin məntiqi nəticəsidir. Qalib dövlət, beynəlxalq nüfuz, təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifah ölkənin 10 illik sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir. Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçün keyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasına böyük töhfə verəcəkdir.

Əlbəttə ki, bu tarixi Zəfərin əldə olunması üçün uzun illər ərzində müvafiq tədbirlər görülmüş, məqsədyönlü addımlar atılmışdı. O cümlədən Azərbaycanda 2018-ci ilin 11 aprel tarixində keçirilmiş növbədənkənar Prezident seçkiləri dövlətin və xalqın milli mənafeləri baxımından son dərəcə böyük əhəmiyyətə malik olan hadisə idi. Xalqın həmin gün yekdilliklə etimad göstərdiyi Prezident İlham Əliyev bu gün Azərbaycanı qalib dövlət kimi dünyaya tanıdıb və qəbul etdirib. Birmənalı olaraq demək lazımdır ki, cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetlərinə çevrilib. 2003-2020-ci illər mahiyyət etibarı ilə Azərbaycanın özünün ən böyük və ali məqsədinə, işğal altında olan torpaqların azad edilməsinə nail olması üçün keçdiyi hazırlıq dövrü idi. 2018-ci ildə bir çoxları bunu hələ hiss etməsələr də, artıq işğala son qoymaq üçün əlverişli tarixi şərait yetişmək üzrə idi. Azərbaycan isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə öz hazırlıqlarını sona çatdırmaqda idi. Əlbəttə ki, belə bir məsuliyyətli tarixi məqamda işğala tezliklə son qoymaq üçün dövlətin daha da gücləndirilməsinə, ölkə daxilində islahatları sürətləndirərək çevik idarəetmənin qurulmasına, millətin hakimiyyətə etimadının bir daha sınaqdan çıxarılmasına, güvənməsinə əmin olmaqdan ötrü növbədənkənar seçkilərin keçirilməsi zəruri idi. Eyni zamanda da, həmin dövrdə yaranmış mürəkkəb beynəlxalq şərait, müxtəlif dövlətlər arasında münasibətlərin gərginləşməsi çevik addımların atılmasını labüd etmişdi. Beləliklə, Azərbaycan növbədənkənar prezident seçkilərinə getdi və tarix çox az bir müddət sonra bu addımın nə qədər düzgün və uğurlu olduğunu göstərdi. 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki oldu. Seçki marafonunda müxtəlif partiyaları təmsil edən 8 namizəd iştirak etmişdi. Səsvermə hüququna malik olan vətəndaşların 74.3 % iştirak etdiyi şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq (86,02 %) Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Xalqın bu seçimini həmçinin əvvəlki illərdə strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf müəyyən etmişdir. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri kimi müəyyən edilib. 2018-ci ilin prezident seçkilərinin nəticələri xalqın iradəsini əks etdirir. Azərbaycan xalqı görülən işlərə səs vermişdir. Diqqətəlayiq haldır ki, seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşmüşdür.  2003-2018-ci illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu da əvvəllər heç zaman müşahidə olunmamış bir səviyyəyə yüksəlmişdir: BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla ölkəmizin son illər dünya miqyasında artan siyasi nüfuzunun bariz sübutu olaraq qəbul edilməlidir.

2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, Şərq və Qərb dəyərlərinin sintezindən yaranmış cəhətləri birləşdirərək, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir. Bütün yuxarıda göstərilənlər onu deməyə əsas verir ki, həyata keçirilən qlobal miqyaslı tədbirlər bu gün Azərbaycanın dünya miqyasında nüfuzunu xeyli artırmış, mövqelərini daha da möhkəmləndirmişdir. Əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu vahid milli ideya ətrafında birləşmiş Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının diqqətindən kənarda qala bilməzdi. Belə olan şəraitdə isə təbii ki, mövcud hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsilə Azərbaycan xalqı 2018-ci ildə bir daha bəyan etdi ki, bu qüvvələrin Azərbaycanın siyasi səhnəsində yeri yoxdur və bundan sonra da heç zaman olmayacaq.

M.Mikayılova,
YAP Xətai rayon təşkilatının "Q.Nəbi 6a" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü