Son zamanlar Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən respublikamızda İranın casus şəbəkələrinin ifşası bir daha sübut edir ki, molla rejimi öz agentləri vasitəsilə ölkəmizdə qarşıdurma, iğtişaşlar və terror aktları törətmək üçün ən çirkin vasitələrə əl atır
Deyəsən, Azərbaycanın ünvanına daim hədyanlar yağdıran, min bir fitnə-fəsad toru quran, təxminən 30 il müddətində təcavüzkar Ermənistanı dəstəkləyən molla rejimi unudub ki, müsəlman müsəlmanın qardaşıdır. O zaman onlara xatırlatmaq istərdik ki, müqəddəs kitabımız Qurani Şərifdə deyilir ki, kim ki, ona zülm etməz, onu tək buraxmaz, müsəlman qardaşının ehtiyacını qarşılarsa, Allah da ona kömək edər. Kim müsəlmanın çətinliyini aradan qaldırsa, Allah da qiyamət günündə onun çətinliklərindən birini aradan qaldırar.
Son hadisələr, xüsusilə də İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə müsəlman azərbaycanlılara qarşı müxtəlif məkrli planlar hazırlayıb həyata keçirməyə cəhd edən, təxribatlar törədən, “islam” donuna bürünərək hər addımda “müsəlman müsəlmanın qardaşıdır” deyən İran mollakratiyasının nə qədər saxtakar olduğunu bir daha ortaya qoydu.
Ona görə də bu gün heç çəkinmədən deyirik ki, müsəlmanlar arasında qardaşlığa baxış salıb, önəmsəyib və ona əmr edən Hucurət surəsinin Uxuvvət ayəsi (Qardaşlıq ayəsi) Qarabağda və Şərqi Zəngəzurda müsəlman azərbaycanlılara məxsus məscidləri dağıdan, müqəddəs yerləri murdarlayan, orada donuz saxlayan ermənilərə hər cür dəstək verən İran ayətullahkratiyasının qənimi olsun. Qırx ildən çox bir müddətdə bir məzhəbi əldə bayraq edərək əsl Dəccalıqla məşğul olan molla rejiminin yaxşı bələd olduğu şiə mənbələrindən “Məcməül-Bəyan” və “Təfsiri Burhan”da bu ayə belə təfsir olunur: Ayə nazil olduqdan sonra Məhəmməd müsəlmanlar arasında qardaşlıq yaratdı, Əbu Bəkr, Ömər, Osman və Əbdürrəhman aralarında və başqaları arasında hər kəsin öz yeri və məqamına baxaraq qardaş etdikdən sonra Əli bin Əbu Talib-ə dedi: Sən də mənim qardaşım və mən də sənin qardaşınam.
Görəsən, müsəlmanların qardaşlığı ilə bağlı olan bu ayə tarixi şiəliklə heç bir əlaqəsi olmayan, bu gün yalnız panfarsizmə xidmət edən şiəliyi öz siyasi oyunlarının alətinə çevirən, Birinci Qarabağ müharibəsi zamanı müsəlmanların qanını tökmək üçün təcavüzkar Ermənistana top-tüfəng, Azərbaycana isə meyvə-tərəvəz “hədiyyə” edən molla rejimi ox olub gözlərinə batırmı?
Daim şiəlikdən, müsəlman qardaşlığından dəm vuran İran ölkəmizdəki daxili sabitliyi pozmaq və konstitusiya quruluşunu dəyişmək üçün müxtəlif vaxtlarda təxribatçı-terrorçu planlar hazırlayıb. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması artıq təkzibolunmaz faktlarla təsdiqini tapıb. Törədilmiş cinayətin xarakteri, iştirakçıların şəxsiyyəti, istifadə etdiyi üsullar, eləcə də Azərbaycan xüsusi xidmət orqanlarının əməliyyat məlumatları bu terror aktının arxasında İran xüsusi xidmət orqanlarının, xüsusilə SEPAH-ın dayandığına dair əsaslı şübhələri gücləndirib. Heç kimə sirr deyil ki, 2023-cü il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı həyata keçirilmiş terror hücumunda da Tehranın əli var.
Son zamanlar Azərbaycanın hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən respublikamızda İranın casus şəbəkələrinin ifşası bir daha sübut edir ki, molla rejimi öz agentləri vasitəsilə ölkəmizdə qarşıdurma, iğtişaşlar və terror aktları törətmək üçün ən çirkin vasitələrə əl atır. Bu barədə hətta xarici mətbuatda belə maraqlı məlumatlara rast gəlinir. Məsələn, qardaş Türkiyənin “Diriliş Postası” nəşri yazır ki, İran Azərbaycana “şiş informatorları” adı altında 3500 agenti sızdırıb. Bu şəxslər ilahiyyat, siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik, mülki, hərbi və diplomatik sahələrdə Tehranın şər oyunlarına xidmət etmək üçün cidi tapşırıq alıblar. Tehran rejiminin ölkəmizdəki səfirliyi bu işləri koordinasiya etmək üçün demək olar ki, əsl casusluq və şər yuvasına çevrilib.
Təbii ki, bütün bunlar Azərbaycanın təhlükəsizlik orqanlarının və aidiyyəti qurumlarının diqqətindən yayınmayıb. İş o yerə çatıb ki, 2023-cü il aprelin 6-da İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılaraq, ona son zamanlar ölkəsi tərəfindən ölkəmizə münasibətdə nümayiş etdirilən təxribat xarakterli fəaliyyətə görə qəti narazılıq bildirilib. Həmçinin bu ölkənin səfirliyinin 4 əməkdaşının diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətinə görə Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan edildiyi İran səfirinin diqqətinə çatdırılıb və həmin şəxslərin 48 saat ərzində Azərbaycan ərazisini tərk etməsi tələb edilib.
Son vaxtlar İran İsraillə Azərbaycan münasibətlərini bəhanə edərək Azərbaycana qarşı hədələr, təhdidlər yağdırır. Bu mənada İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açmasına etiraz bəyanatı qəbul etməsi bunun əyani təsdiqidir.
Şübhəsiz, mollakratiyanın parlamentinin bu məkrli, siyasi və diplomatik etikadan kənar addımı cavabsız qalmayıb. Qısa müddətdə Azərbaycan Respublikası Milli Məclisi İran parlamentinin ölkəmizə qarşı bu həyasızlığı ilə bağlı bəyanat verib. Bəyanatda qeyd edilir ki, Milli Məclis İran parlamentinin Azərbaycanın İsraildə səfirlik açması ilə bağlı qəbul etdiyi bəyanat Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə kimi qiymətləndirir. Bildirilib ki, bu bəyanat İranın Azərbaycana qarşı növbəti siyasi təxribatıdır. Qeyd edilib ki, Azərbaycanın İsraildə səfirliyinin açılması müsəqil dövlət kimi onun suveren hüququdur və bununla bağlı ittihamlar qəbuledilməzdir.
Bütün bunların fonunda demək olar ki, son illər Azərbaycana qarşı törədilən təxribatların, qurulan məkrli planların mərkəzində dayanan ölkələrdən biri, bəlkə də birincisi təcavüzkar Ermənistanın “qan qardaşı” İrandır. Buna görə də hər birimiz ayıq-sayıq olmalı, aidiyyəti qurumlar bu istiqamətdə fəaliyyətini gücləndirməlidir ki, Tehranın əmmaməli iblisləri ölkəmizə qarşı öz çirkin niyyətlərini həyata keçirə bilməsinlər...
Zahid Rza, “İki sahil”
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri