AXCP sədri Əli Kərimlinin erməni sevgisinə Fransa məhəbbəti də əlavə olunub. Bu ölkənin prezidenti Emmanuel Makronun Hayastana yardımının bölgədə yaratdığı gərginlik göz qabağında olsa da hamının gördüklərini duymayan partiya sədri muşketyorların vətəninə toz qondurmaq istəmir. Torpaqlarımızın işğal altında qaldığı 30 ildə separatçılara yardımları ilə soydaşlarımıza müsibətlər yaşadan, qətliamlar törədən, yurd yerlərimizi viran qoyan haylara dəstəyini daha da artıran Makron hakimiyyəti İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə düşmən münasibətini bütün istiqamətlərdə davam etdirir. Hazırda Ermənistan -İran-Fransa üçlüyünün separatçılara göstərdiyi dəstəyin nəticəsidir ki, erməni terrorçuları təxribatlarını davam etdirir, Hayastanla Azərbaycan arasında daimi sülhün imzalanmasına əngəllər törədirlər. Yaranan belə mürəkkəb vəziyyətə həmişə olduğu kimi, yenə də ermənisayaq münasibət bildirən Əli Kərimli «Osmanqızı TV»yə müsahibəsində Hayastana dəstək göstərən Fransadakı vəziyyəti «təhlil edir», Makrona haqq qazandırır. Azərbaycanı isə günahlandırır.
Ermənistanla münasibətləri həmişə qardaşlıq prizmasında davam edən Əli Kərimlinin «dostumun dostu mənim də dostumdur» prinsipini əsas tutaraq Fransanı müdafiə etməsi başadüşüləndir. Çünki Azərbaycana qarşı təxribat kampaniyalarında ölkəmizə qarşı radikal mövqedə dayanan rəsmi Parisin haylara yardımlarından Əli Kərimliyə də pay düşür. Ölkəmizə qarşı törədilən terror aktlarını, vəhşilikləri təbii qəbul edən, İranın molla rejimi ilə münasibətlərini pozmaq istəməyən «yurd şefi» Azərbaycanın İrandakı diplomatik korpusuna edilən silahlı hücumlara, səfirliyin əməkdaşlarının qətlinə və yaralanmasına etinasızlığını susqunluğu ilə bildirdi. Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilən terrora da biganəlik göstərən «islahatçı sədr» molla qaragüruhçuların xətirinə dəymək istəmədi. Müsahibəsində Fransanı «insan hüquqlarının qorunduğu demokratik ölkə» kimi təqdim etməsi isə AXCP sədrinin korluğunun, karlığının, Vətənə xəyanətinin nəticəsidir. Necə deyərlər, qonşuda bişər, bizə də pay düşər.
Bütün dünya bilir ki, Fransa müstəmləkə altında saxladığı ölkələrdə kütləvi qırğınlar törətməklə yüzminlərlə günahsız insanı qətlə yetirib. Həmin ölkələrin təbii sərvətlərini istismar etməklə o ölkənin əsl sahiblərini miskin, dilənçi halına halıb. Fransa polisinin yerli əhaliyə çəkdirdikləri zülmlərin sübutu üçün təkcə Əlcəzairdə törədilən dəhşətləri xatırlamaq kifayətdir.
Əlcəzairin Şəhidlər memorialında, Mücahidlər Muzeyində Fransanın kölələrinə qarşı törətdiyi soyqırımı, qəddarlığı, zorakılıqları əks etdirən eksponatlar Əli Kərimlinin təqdim etdiyi demokratik Fransanın pərdəarxası zülmkarlığının qandonduran sübutudur. 1830-1962-ci illərdə Fransanın müstəmləkəsi altında qalan Əlcəzairdə 1milyondan artıq insanı qətlə yetirən, Parisin muzeylərində azadlıq mücahidləri olan 1500 əlcəzairlinin öldürüldüyü mənzərəni yaşadan «Sena qətliamı»nı yada salaq. Mücahidlərin kəllə sümüklərinin eksponat kimi nümayiş etdirilməsi heç bir ölkədə rast gəlinməyən vəhşilikdir.
İnsanlara fransızsayaq «dəyər verən» Əli Kərimliyə Ermənistanın qanlı əllərinin izləri olan Xocalı soyqırımını, Kəlbəcər rayonunun Ağdaban, Ballıqaya, Başlıbel kəndində, «Tunel» adlanan ərazisində, Xocavəndin Edilli kəndində , , Fərrux yüksəkliyi yaxınlığında, Qaradağlıda, Ağdabanda aşkarlanan kütləvi məzarlıqları xatırladaq. Soydaşlarımızın əzab və işgəncələrlə qətlə yetirilməsində torpaqlarımızda keyf çəkən fransızların iştirakı istisna deyil. Qan donduran bu mənzərələr Hayastan- Fransa vandallarının «insanlara verdiyi dəyərin» hansı prinsiplərə əsaslandığını göstərir. Biri-birinə tən gələn vandal ermənilərlə qəddarlıqları ilə tanınan fransızları birləşdirən əsas prinsiplərin qana hərisliyin olduğunu hər kəs kimi AXCP sədri də bilir.
Amma İkinci Qarabağ müharibəsində qorxaqcasına Milli Ordumuza təslim olan, əsir düşən hayların əsgərlərini azad edən, yaralılarına yardım göstərən, yaxınlarının belə atıb getdiyi tənha erməni qocalarına dəstək olan Azərbaycan xalqı Əli Kərimlinin nəzərində «qeyri- demokratik ölkədir». Burada təəccüblü heç nə yoxdur. Əlikərimlilərin verdikləri saxta, böhtan xarakterli informasiyalar nəticəsində Azərbaycanın qərəzlə «qeyri- demokratik ölkə» adlandırılması antimillilərin, beynəlxalq təşkilatlarda məskən salan ermənipərəstlərin illərdən bəri davam edən məkrli siyasətinin nəticəsidir.
Bu gün də virtual məkanda Parisdə, ölkənin digər iri şəhərlərində keçirilən etiraz aksiyalarında insanlara qarşı fiziki zorakılıqlar törədilir, həbs edilənlərin, döyülənlərin sayı artır. Azərbaycanda isə sosial şəbəkələrdən istifadə edərək yalanları, böhtanları ilə ölkədə siyasi vəziyyəti gərginləşdirib sabitliyi pozmağa çalışanlara, istədiklərini söyləyən milli xəyanətkarların çıxışlarına məhdudiyyət qoyulmur. Azərbaycanda mövcud olan söz azadlığı, plüralizm, sərbəst dini etiqad demokratiyanın əsas prinsipləri kimi qorunur. Fransada ada sakinlərinin etirazına səbəb olan Korsika dilinin ləğv olunması ilə müqayisədə ölkəmizdə azsaylı xalqların hüquqları, dilləri, milli-mənəvi dəyərləri, adət-ənənələri digər Azərbaycan vətəndaşları kimi qorunur. Dünyada dəstəklənən Azərbaycanda davam edən demokratik, sosial islahatların üstünlüklərinə çox nümunə göstərmək olar. Bəs Əli Kərimlinin Fransa «demokratiyasına» vurğunluğu nədən və haradan qaynaqlanır? Cavab sadə və aydındır. İllərdən bəri maliyyə mənbəyi olan «Mühacir bazarı»ndakı «müştəriləri» azalan Əli Kərimli Azərbaycana qarşı böhtanlarını intensivləşdirməklə tükənən vəsaitlərinin yerini doldurmaq istəyir.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri