05 aprel 2023 23:23
490

Hayastanın səfilistan olma reallığı

Artan borc, aclıq, kütləvi köç və daha nələr….

Bu gün Cənubi  Qafqazda sülh sazişi Azərbaycandan daha çox məhz Hayastana lazımdır. Ona görə ki, bu, haylar  üçün indiki blokada vəziyyətindən xilas olub, dinc inkişaf mərhələsinə keçid edə bilməsi üçün mütləq lazımdır. Eyni zamanda, geopolitik proseslər də indi Paşinyan hakimiyyətinin əleyhinə işləyir. Çünki ABŞ və Avropa Birliyi də Hayastanın Rusiyanın forpostluğundan qurtarıb Azərbaycanla birbaşa sülh sazişini imzalanmasında maraqlıdır.

Bəli, reallığı bir az ağılla düşünən haylar birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycanla Türkiyənin ərazi bütövlüyünü, suverenliyini tanımaq, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını həyata keçirmək və bunun nəticəsində yaranacaq yeni iqtisadi, ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları var. Artıq haylar yaxşı anlayırlar ki, hər il diaspordan verilən 30-40 milyon dollarla yaşamaq qeyri- mümkündür.

Hazırda reallıq belədir ki, Ermənistanın İkinci Qarabağ savaşındakı məğlubiyyətindən xeyli vaxt keçsə də bu ölkə hələ də özünə gəlmək iqtidarında deyil və sosial-iqtisadi, hərbi-siyasi böhran davam etməkdədir. Nəticədə Ermənistan vətəndaşlarında öz ölkəsinə və hökumətinə qarşı ciddi inamsızlıq hökm sürür.

Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatik, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır. Ona görə də xarici havadarlarına, ermənipərəst ölkə başçılarına güvənərək onlardan dəstək almaq isə son çarədir. Lakin bu istiqamətdə də dəstəkdən məhrum olan Nikol Paşinyan hakimiyyəti ölkəsində tamamilə nüfuzdan düşüb. Yəni, bu gün lider kasadlığı və səfil həyat hayları ölkələrindən kütləvi köç etməyə məcbur edən digər amildir. 

Ermənistan Milli Statistika Xidmətinin  2011-ci il yanvar ayında olan rəsmi məlumatına əsasən Ermənistan Respublikasının əhalisi 3,262,600 nəfərdir. Ancaq 2020-ci ildə isə Ermənistanda qeydiyyatda olan faktiki əhalinin sayı  2.871 nəfər olub.
Həmin Xidmətin 2023-cü ilin yanvarında  mətbuata açıqladığı məlumatlarda qeyd olunub ki,  2021 -2022-ci illərdə ölkə vətəndaşlarının hər üç nəfərindən biri yoxsuldur. Buna görə kasıblar ölkə əhalisinin 30 faizini təşkil edir ki, onlardan 1, 8 faizi çox yoxsul, 8 faizi olduqca yoxsuldur. Ölkə üzrə yoxsulların sayı isə təxminən 800 min nəfərdir. Yoxsullar nəzərdə tutulan 40.867 dramdan (99.7 dollar) az pul xərcləyirlər. Yoxsulluq əmsalı ayda 40 867 dramdan (85 dollar) az xərcləyən vətəndaşlara aiddir.

Erməni iqtisadçıların fikrincə, yoxsulluğun qarşısının alınması üçün 63.2 milyard dram (130. 3 milyon dollar) lazımdır ki, bu da ÜDM-in 1.2 faizini təşkil edir və Ermənistan kimi kiçik və kasıb bir ölkə üçün bu, olduqca böyük rəqəmdir. Qeyd edək ki,  Ermənistanın 2014-2025-ci illər üçün Strateji inkişaf perspektivi proqramında hökumət yoxsulluq həddini 24 faizə endirməyi planlaşdırsa da, mövcud iqtisadi göstəricilər bunun mümkün olmayacağını ortaya qoyub.

Ermənistandakı iqtisadi və sosial iflasın digər göstəricisi isə ölkənin xarici borcunun davamlı olaraq artmasıdır. Hazırda bu ölkənin dövlət borcu  7 milyard dollardan çoxdur. Erməni iqtisadçılar həyəcan təbili çalaraq xarici borclanmanın artıq risk həddini keçdiyini bildirirlər. Ermənistanın tanınmış iqtisadçıları da etiraf ediblər ki, ötən illər ərzində alınan kreditlər ölkənin heç bir sahəsdə inkişafına təsir göstərməyib.

Rəqəmlər və faktlardan da göründüyü kimi, Azərbaycana qarşı  revanşist hisslərlə yaşayan Ermənistanın bundan sonra da heç bir inkişaf perspektivi yoxdur. Bu, bir reallıqdır ki, əgər vəziyyət  bu şəkildə davam etsə Ermənistan bir dövlət kimi iflasdan qurtara bilməyəcək.

Elçin Zaman, «İki sahil»