06 aprel 2023 00:11
474

İran nələri həzm edə bilmir?..

İkinci Qarabağ müharibəsindən sonra İran qardaş adlandırdığı  Hayastanla əlaqələri genişləndirməklə yanaşı, Azərbaycana qarşı daha aqressiv mövqe tutub. Fars-molla rejiminin son vaxtlar sərhəd­lərimiz yaxınlığında iki dəfə hərbi təlim keçi­rməsi, Azərbaycanın Tehrandakı səfirliyinin terrora məruz qoyması, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd təşkil etməsi, Təbrizdəki baş konsulluğumuz önündə etiraz aksiyası sərgiləməsi, öz çirkin niyyətlərini reallaşdırmaq məqsədilə casuslar bəsləməsi və s. buna əyani sübutdur.

Hələ bunlar azmış kimi, İranın Azərbaycandakı səfirliyi­ bir neçə gün öncə ölkəmizin Xari­ci İşlər Nazirliyinə nota da təqdim edib. Sən demə, molla rejimi Azərbaycan mediasında İran siyasətinin və siyasətçilərinin tənqid olunmalarından narazı imiş. Reallıq isə budur ki, Azərbaycan mediasının bu istiqamətdə atdığı addımlar həm beynəlxalq, həm də ölkəmizin qanunlarına tam uyğundur. Belə ki, ölkəmizin mediası İrana qarşı tutarlı faktları qələmə alır ki, həmin faktların mənbəyi də məlumdur, mənsəbi də. Bu mənada mətbuatımız tamamilə beynəlxalq qanunlar çərçivəsində hərəkət edir.

Amma molla rejiminin mediasında, o cümlədən “Səhər” televiziya kanalında ölkəmiz əleyhinə həqiqətə uyğun olmayan, öz fars təxəyyüllərinə uyğun böhtan və qarayaxmalardan ibarət o qədər materiallar təqdim olunur ki… Hətta həmin materiallarda respublikamızın ərazi bütövlüyü şübhə altına alınır, Azərbaycan adlı dövlətin varlığına kinayə ilə yanaşılır, rəsmilərimiz haqqında xoşagəlməz ifadələr işlədilir, dahi söz ustadımız Nizami Gəncəvi fars şairi kimi təqdim olunur, internet səhifələrinndə ölkəmizə qarşı təhdid xarakterli videomateriallar yerləşdirilir və s.  Üstəlik, İran rəsmilərinin Azərbaycan əleyhinə sayıqlamaları da bəh-bəhlə tirajlanır. Məsələn, bu günlərdə İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri Azərbaycanda guya “sionist” qüvvələrin olması və 44 günlük Vətən müharibəsində Suriyadan gətirilən İŞİD terroristlərindən istifadə etdiyini və onların hələ də ölkəmizin ərazisində olduğunu iddia edib. Şübhəsiz, bu “ittiham” terrorizmi dəstəkləyən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi gülüş doğurur. Halbuki bütün dünya dövlətləri, o cümlədən İran da yaxşı bilir ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan yalnız öz ordusunun peşəkarlığı sayəsində qələbə əldə edib. Bu prosesdə heç bir kənar qüvvədən istifadə olunmayıb.  Belə olan təqdirdə bu kimi sayıqlamaların həqiqət fonunda təksib  edilməsi, əhaliyə çatdırılması niyə qəbahət sayılmalıdır axı?  Digər tərəfdən, həmin şəxs öz sayıqlaması ilə istehza, gülüş doğurursa, burada mətbuatı günahlandırmaq nə dərəcədə doğrudur axı?

Bəs Qarabağ münaqişəsinin bitməsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsini açıq-aşkar əngəlləyən, Zəngəzur dəhlizinin reallaşdırılmasına mane olmaq üçün əlindən gələni əsirgəməyən,  ölkəmizin İsraildə səfirlik açmasına qısqanclıqla yanaşan, həmçinin bununla əlaqədar İran İslam Şurasında (Parlament) bəyanat qəbul edən, Xankəndiyə qaçaq mal daşıyan, ermənilər üçün araq istehsal edən, 30 ilə yaxın müddətdə işğal altında saxladıqları ərazilərimizdəki məscidlərdə donuz saxlayan hayları dəstəkləyən molla rejimi tənqid olunmamalıdırmı? Yaxud mediamız mollakratiyanın Azərbaycanın İrandakı səfirliyində baş verən terror aktını ciddi şəkildə araşdırmadığını diqqət mərkəzində saxlayırsa bundan əndişilənməyin nə mənası var axı? Ölkəmizin mediası İranda yaşayan xalqların, o cümlədən Güney Azərbaycan türklərinin milli hüquqlarının təmin olunması ilə bağlı tələblərini yazırsa, bu, sadəcə xəbərin çatdırılmasıdır. Burada heç bir qərəzdən, kindən söhbət gedə bilməz. Şübhəsiz, bu gün Azərbaycan mətbuatında Tehran rejimi ilə bağlı yazılanlar milyonlarla azərbaycanlının fikrinə tam uyğundur. Bu mənada  İranın təxribatçı yalan və böhtanlarına faktlarla, həm də tutarlı cavab verəm mediamız  ictimai rəylə hesablaşan materiallara yer verir, bütün böhtanları, qərəzləri haqlı mövqeyi,  şərhləri ilə puç edir

Bəli, bu gün İran mediasında Azərbaycana qarşı düşmənçilik və təhqir siyasəti baş alıb gedir. Bütün bunların arxasında fars-molla rejiminin ermənipərəst siyasətinin dayandığı aydındır. Mətbuatımız da bunlardan yazır. Mollakratiya isə bu kimi yazılarla iç üzünün açılmasını, müsəlman dünyasına qarşı xain əməllərinin faş edilməsini  həzm edə bilmir. Ona görə də belə addımlarla beynəlxalq aləmdə özünü təmizə çıxarmaq istəyir. Halbuki İranın özünü təmizə çıxarmasının yalnız bir yolu var: Tövbə edib Azərbaycana qarşı siyasi, iqtisadi təxribatlarından birdəfəlik əl çəkmək!

Qvami Məhəbbətoğlu, “İki sahil”