Müstəqilliyimizin ilk illərində ölkədə ağır siyasi böhran yaşanırdı. Belə bir vəziyyətdə hakimiyyətə can atan, milli maraqları deyil, şəxsi maraqlarını önə çəkən qüvvələr ölkədə xaos, qarışıqlıq yaratmışdırlar. Nəticədə torpaqlarımız ermənilər tərəfindən işğal olunmağa başlandı. Əvvəlcə Şuşa, sonra isə Laçın işğal olundu. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Hazırda 77 min nəfərdən artıq Laçın sakini Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün qismində yaşayır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi kimi qeyri-qanuni əməllər törətmişlər. 30 illik işğal dövründə bu qərarların yerinə yetirilməsi üçün heç bir tədbir görülməmişdir. Yalnız 44 günlük Vətən müharibəsindən sonra Laçının azad olunması prosesi başlandı. Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı. Laçın rayonunun ən böyük hissəsi siyasi yollarla - bir güllə belə atılmadan azad edildi. Bu, bizim həm böyük tarixi Zəfərimiz, həm də Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq çox qiymətlidir.
44 günlük Vətən Müharibəsində şanlı ordumuz tərəfindən işğaldan azad olan ərazilərə artıq yeni nəfəs gəlib, bu gün bu ərazilərdə aparılan bərpa işləri, infrastrukturun bərpası, strateji obeyktlərin tikintisi Azərbaycan dövlətinin daxili imkanları əsasında aparılır və 30 il erməni işğalı altında qalmış Qarabağ və ətraf rayonlarımız yeni görkəm alır. Qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərin bərpası ölkə Prezidenti İlham Əlyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapmışdır. Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi bu gün işağaldan azad olunan ərazilərdə tikinti-quruculuq və bərpa işlərini Azərbaycan dövləti təkbaşına icra etməkdədir və Azərbaycanın qüdrətli dövlət olmasına bariz nümunədir. İşğaldan azad edilmiş digər rayonlarımız kimi, Laçın rayonu da hazırda genişmiqyaslı bərpa-quruculuq dövrünü yaşayır.
Martın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul etdi. Qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyevin Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında Sərəncam imzalaması işğaldan azad olunmuş Laçın rayonunun daha da inkşafına böyük təkan verəcək. Qəbul zamanı Prezident İlham Əliyev çıxışında bir sıra vacib məsələlərə toxundu və tarixi həqiqətləri diqqətə çatdırdı. Laçın rayonunun yüksək potensialı, beynəlxalq əhəmiyyəti, rayon ərazisində həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri haqqında bəhs edən Azərbaycan Prezidenti, ermənilərin işğal dövrü zamanı Laçında həyata keçirdiyi vandalizm və terror siyasəti haqqında da məlumat verdi. Eyni zamanda yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək. Laçın rayonunda beynəlxalq hava limanı inşa edildiyini bildirən cənab İlham Əliyev həmin ərazilərdə uçuş-enmə zolağının inşası üçün düz yer tapmaq mümkün olmadığını, dağları kəsərək, böyük torpaq işlərini həyata keçirərək bütün dağlıq və dağlarla əhatə olunan ərazilərdə beynəlxalq hava limanının inşa edildiyini vurğuladı. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq. Eyni zamanda Kəlbəcər-Laçın yolunun yenidən qurulması prosesinə də start verilmişdir ki, bununla da, Göygöl rayonundan da Şərqi Zəngəzura yol açılmışdır. Bütün bu faktlar Azərbaycan dövlətinin iqtisadi gücünün və qüdrətinin göstəricisidir. Zəfərimizi həzm edə bilməyən ermənilər və havadarları isə yenə də revanşist mövqe tutaraq sülhə hər cür vasitələrlə mane olmaq istəyirlər.
Müharibənin yeni bitməsinə baxmayaraq bu gün Azərbaycan öz inkşaf tempini qoruyub saxlamaqla yanaşı işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-qurucluq işləri həyata keçirir və bu ərazilərimiz cənnətə çevrilməkdədir. Əlbətdə bütün bunlar Prezident İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi müdrik və unikal siyasətin nəticəsidir. Bu gün digər işğaldan azad olunmuş rayonlarımız kimi Laçın rayonu da özünün çiçəklənən dövrünü yaşamaqdadır və rayonda həyata keçirilən təxirəsalınmaz uğurlu infrastruktur layihələrinin məntiqi nəticəsi kimi laçınlılar da çox qısa müddət ərzində öz doğma evlərinə qayıdacaqlar.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri