05 aprel 2023 01:15
432

Molla rejimi və onun cinayətkar şəbəkəsi din pərdəsi altında terror fəaliyyəti ilə məşğuldur

Səfeh SEPAH-ın qaranlıq sabahı

Son iki il yarım müddətində İranda ölkəmizin, onun rəhbərliyinin, ayrı-ayrı ictimai-siyasi xadimlərinin ünvanına səslənən təhqiramiz ifadələr, təhdidlər barədə gələn xəbərlər böyük narahatlıq doğurur. Azərbaycan mediası qırmızı xətti nə qədər gözləsə də,  İran tərəfi etik normaları bir tərəfə ataraq əndazəni aşır. İranlı təbliğatçılar, qəzetçilər, hətta hərbi qurum olan SEPAH-çılar heç bir etik qayda gözləmədən ünvanımıza hədə,  nifrət və təhqir yağdırırlar. "Səhər" televiziya verilişində barəmizdə həddini keçən ifadələr, böhtanlar, şantajlar baş alıb gedir. İran mətbuatında bəzi müəlliflər Azərbaycan Respublikası deyil,  "Bakı respublikası", "Bakı hökuməti" yazmaqla müstəqil dövlətimizə hörmətsizliklərini göstərirlər. Sanki özlərini 1828-ci ildə hiss edirlər. Amma unudurlar ki, o şərəfsiz tarixdən yüz doxsan beş il keçib. Ötən iki əsrdə çox şey dəyişib, yeni reallıqlar yaranıb...

Sual yaranır: İranda bizə qarşı bu qədər kin-küdurət nəyə görədir? Biz ki, İranın bir qarış ərazisini zəbt etməmişik.  Buşəhr Atom Elektrik Stansiyasını raket atəşinə biz tutmamışıq. İrana qarşı 101 maddəlik sanksiya tətbiq etməmişik.  İranlı nüvə alimlərinin həyatına silsilə terror aktlarını biz törətməmişik. Onun düşmənlərinə arxa durub silah-sursat verməmişik, "yanındayıq", "qardaşıq" deməmişik. İranın adının “terrorçu dövlət” siyahısına salınmasında da Azərbaycanın rolu olmayıb. Bu ölkədə etiraz dalğasının kükrəməsinə rəsmi Bakı hər hansı şəkildə təkan verməyib. Əksinə, bəzi güclü dövlətlər İranı gözümçıxdıya salanda ona kömək əlimizi uzatmışıq. İran ağır beynəlxalq sanksiyalara məruz qalsa da, Azərbaycan onunla qarşılıqlı faydalı ticarət əlaqələrini davam etdirib.

Qaragüruhun şər-böhtan yağışı o zaman yağmağa başladı ki, Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldi. Təəccüblüdür ki, məhz bundan sonra İranın narkotranzit yolu bağlandı və tonlarla narkotik maddələr anbarlarda yığılıb qaldı. Axı, Azərbaycan azad etdiyi ərazisindən dünyaya "ağ ölüm" yayanlara nə üçün yol verməli idi? Narkotik alveri qadağandır və qəbul olunmuş qanunlara görə beynəlxalq cinayət sayılır. Yoxsa Azərbaycan cinayətkarlara  şərait yaratmalı idi?  Məsələ ondadır ki, həmin cinayət yolu kəsiləndən sonra İran narkotik alverindən əldə edəcəyi milyonları itirib. Bu səbəbdən zəncir çeynəyirlər. Yəni, onların cinayət yolu ilə pul qazanmaları dayandırılıb. Ona görə də xarici ölkələrdə bəsləyib saxladıqları terror dəstələrinə pul göndərə bilmirlər, onlar üçün silah-sursat tədarük etməkdə çətinlik çəkirlər. Bu isə mollaları aqressivləşdirir, özlərinə, sözlərinə nəzarəti itirirlər.

Ancaq görünür ağbaşlı şeytan mollaların ləbbadələrinin altında gizlətdikləri daha hansısa bir sirr var. Xain xoflu olar-deyirlər.

Tehranda "arvad axtarışı"nda səfirliyimizə qarşı törədilən və arxasında İranın hakimiyyət dairələrinin durduğu məlum olan terror aktından sonra Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın həyatına təşkil edilən teraktın arxasından da İrana bağlı şəxslərin çıxması Tehranın ölkəmizə münasibətdə hansı düşüncədə olduğunu bir daha təsdiq etdi.

Uzun illər ölkəmizdə din-məzhəb pərdəsi altında gizlənən, ölkənin dünyəvi quruluşunu dəyişərək şəriət rejimi bərqərar etməyə çalışan, Azərbaycanı İranın əyalətinə çevirməyi düşünən insanlardan ibarət siyasi partiya, gizli təşkilatlar yaradan İranın hakimiyyət orqanlarının məkrli planlarının faş olması Tehranda böyük hiddət doğurub və SEPAH adlı başkəsənlər sürüsünü üstümüzə qısqırdıblar. Gülməli və acınacaqlıdır ki, prezident, ali dini rəhbər və digər hökumət başçıları ola-ola SEPAH-ın ağzıboş polkovnikləri və generalları növbə ilə Arazın qırağında durub bizə üç gündən bir hədə və təhdid göndərirlər. Ağaları isə susur, bununla da onların hədyanlarına icazə verdiklərini səssiz surətdə təsdiq edirlər. Əslində onlar da müəyyən məqamlarda öz zəhərlərini tökürlər.

Ancaq son aylarda şərti adı “casus şəbəkəsi” adlandırılan, əslində isə həm də yarımhərbi təxribatçı-diversiya birləşmələrinin üzvləri olan şəxslərin aşkar olunaraq həbs edilməsi, zərərsizləşdirilməsi mollaları elə aqressivləşdirib ki, az qalıb ki, dəli olsunlar. Çünki onların Azərbaycanla bağlı "perspektiv plan"larının icrası sual altına düşüb. Həmin axmaq planın məqsədi Azərbaycanı qapazaltı ölkəyə çevirməkdir. Onu da qulaqlarının ardını görəndə görə bilərlər.

Molla rejiminin də, casus şəbəkəsinin üzvü olmaqda şübhəli bilinərək saxlanılan şəxslərin də İslam dini ilə heç bir bağlılığı yoxdur. Terrorçu fars-molla rejimi və onun cinayətkar şəbəkəsi din pərdəsi altında çirkin, iyrənc fəaliyyətlə məşğuldurlar.

Aydın məsələdir ki, fars-molla rejimi ölkəmizə qarşı pis niyyətlərini reallaşdıra bilməz. Hiss edirlər ki, başlarının üstündə "dəmir yumruq"dan əlavə başqa metal yumruqlar da var. Əgər çaşıb əl tərpətsələr...

Vəli İlyasov, "İki sahil"