Fransanın, İranın himayədarlıq etdiyi Ermənistan hələ də təxribatçı niyyətlərindən əl çəkmir. Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi ədalətsiz, əsassız qətnamədən sonra anti-Azərbaycan qruplaşmanın qızışdırıcı dəstəyinə arxalanan Hayastan riyakar təxribatları ilə Azərbaycanla Ermənistan arasında daimi sülhün imzalanmasına əngəl törədir. Fransa deputatlarının çoxluq təşkil etdiyi, Prezident İlham Əliyevin vurğuladığı kimi, riyakar, yalançı, üzdə bir söz deyib arxada məkrli siyasət yeridən ermənipərəst təşkilatların dəstəyindən azğınlaşan separatçılar dəmir yumruğun zərbəsini yenidən görmək istəyirlər.
Prezident İlham Əliyevin «Yəni, bu iki il yarım müddət ərzində bütün dünya bir daha hər şeyi gördü. Eyni zamanda, anti-Azərbaycan qüvvələr bizim əyilməz iradəmizi gördü. Heç kim bizim iradəmizə təsir edə bilməz. Heç kim bizimlə ultimatum dili ilə danışa bilməz. Biz bunu İkinci Qarabağ müharibəsində Ermənistana sübut etmişik, müharibədən keçən iki il yarım ərzində Ermənistanın himayədarlarına sübut etmişik. Onları məğlub etmişik və bir daha bütün dünyaya göstərmişik ki, biz istədiyimizə nail oluruq və olacağıq» xəbərdarlıqlarından belə nəticə çıxarmayan Ermənistanın baş naziri Nikol Paşinyan və dəstəkçiləri separatçı rejimi, terrorçu dəstələri müxtəlif yollarla silahlandırırlar. Xankəndi separatçılarının törətdikləri təxribatlara baxmayaraq Azərbaycan Ordusunun əsgərləri düşmənin bütün həmlələrinə layiqli cavab verirlər. Son günlərdə müxtəlif yüksəkliklərə, magistral yollara nəzarəti ələ keçirən, müəyyən ərazilərdə irəliləyərək bir neçə kəndi azad edən, Şərqi Zəngəzurda üçrəngli bayrağımızı dalğalandıran Azərbaycan hərbçilərinin uğurlu əməliyyatları separatçılar kimi havadarlarını da qorxuya salıb. Fransanın və İranın Ermənistanı silahlandırmalarına baxmayaraq Azərbaycan Ordusunun qarşısında dayanmaq gücü, cəsarəti çatmayan Ermənistanın fərari əsgərləri postlarını tərk edib qaçırlar. Torpaqlarımızın işğaldan azad edilməsi əməliyyatlarını davam etdirən Azərbaycanın rəşadətli ordusu qarış-qarış irəliləyərək ata- baba yurdlarını işğalçılardan təmizləyirlər.
Xankəndidə toplaşan separatçı ünsürlərin təzyiqlərinə baxmayaraq Qarabağda ermənilərlə danışıqlar aparmaq üçün Azərbaycanın reinteqrasiya təklifinə müsbət yanaşanlar çoxdur. Müraciətdə deyildiyi kimi, Azərbaycan vətəndaşlığını qəbul edən Qarabağ ermənilərinin təhlükəsizliyi respublikamızın Konstitusiyasının şərtlərinə uyğun olaraq qorunacaq. Amma hələ də havadarlarına arxayınlaşan İrəvanın hərbi-siyasi rəhbərliyi təhdid xarakterli əməlləri ilə sülh sazişinin imzalanmasını istəyən sadə erməniləri niyyətlərindən çəkindirmək üçün hər cür çirkinliklərə əl atır. Müəyyən müddətlərdə Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildirən, separatçıların girovuna çevrilən Qarabağdakı erməni ailələrinə təzyiqlər göstərilir, onlar guya Vətənə xəyanət, casusluq adı ilə həbs edilirlər.
Ermənistanla Azərbaycan sərhədində rəsmi İrəvanın xahişi ilə yerləşdirilən Avropa İttifaqının monitorinq missiyasının bölgədə müəyyən dəyişikliklər yaradacağı, atəşkəsin pozulması faktlarına ədalətli mövqe bildirəcəyi də inandırıcı deyil. Bu beynəlxalq təşkilata güclü təsiri olan Fransanın Cənubi Qafqazda baş verən hadisələrə münasibəti bəllidir. İşğalçının havadarı olduğunu Hayastana yardımları ilə bildirən Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə son aylarda müxtəlif təşkilatlarda Azərbaycan əleyhinə keçirilən təxribat xarakterli tədbirlər bölgədə gərginliyi daha da artırır. Bəllidir ki, Avropa Komissiyasının guya «mülki missiyası»nın Ermənistana gətirilməsi də təşkilatda çoxluq təşkil edən fransız deputatların məkrli təşəbbüslərinin nəticəsidir. Həmin «missiya»nın tərkibində erməniəsilli nümayəndələrin, xarici ölkələrdə yaşayan varlı hayların maliyyələşdirdiyi deputatların olması istisna deyil. Ermənilərin iştirak etdikləri missiyalarda ölkəmizə qarşı təxribatların, silahlı qarşıdurmaların baş verməsi təkzibolunmaz faktdır. Bu «təcrübənin» acı nəticələrini Azərbaycan xalqı 1990-cı ilin 20 Yanvarında yaşamışdı. İmperiyanın əli qanlı qoşunlarının tərkibində Bakıda qırğınlar törədən ermənilər hələ o zamanlarda başqalarının əbalarının altında gizlənməyi sınaqdan keçirmişdilər.
Əsas məsələ isə odur ki, nə qədər silahlansalar da Hayastanın «qüdrətli ordusunda» fərarilik hələ də davam edir. Vətən müharibəsinin davam etdiyi müddətdə Ermənistan ordusunda fərarilik hallarının baş alıb getdiyini vurğulayan Prezident İlham Əliyevin sözlərini müsahibələrində etiraf edən Nikol Paşinyanın xanımı Anna Paşinyan bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsində Hayastan ordusundan 11 min nəfərdən artıq əsgər fərarilik edib. Azərbaycanın qüdrətli əsgərini görən ermənilər ağ bayraq qaldırırdılar. Eyni vəziyyət bu gün də davam edir. Hərbi xidmət yaşı çatmış gənc ermənilər müxtəlif yollarla çağırışlardan yayınır, yaxud ölkəni tərk edirlər. Rüşvət müqabilində döyüş bölgəsinə getməkdən sığortalanırlar. Vətənimizin müdafiəsi, əzəli torpaqlarımızın işğaldan azad olunması naminə qəhrəmalıq göstərən Azərbaycan əsgərindən fərqli olaraq erməni hərbçiləri nəyin naminə vuruşduqlarını belə dərk etmirlər. Bu reallığı görən Ermənistanın revanşist siyasi dairələri rəzil maraqları naminə gəncləri ölümə göndərmək niyyətlərindən əl çəkmirlər. Belə gülünc vəziyyətdə olan Hayastan kimi havadarlarının da hərbi ritorikası sabun köpüyündən başqa bir şey deyil. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, havadarlarına arxayınlaşan rəsmi İrəvan bilməlidir ki, heç kim onların əvəzinə döyüş əməliyyatlarında vuruşmayacaq. Ermənilərin rahat yaşaması üçün işğalçı dövlət Bakının irəli sürdüyü şərtlər çərçivəsində sülh müqaviləsini imzalamalı, delimitasiya işləri aparılmalı və Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır. Başqa variantlar, xüsusilə hərbi əməliyyatlar barədə düşünən, havadarlarının vədlərinə arxayınlaşan Ermənistan onu gözləyən daha ağır nəticələrə hazır olmalı və dövlət başçımızın bu sözlərini unutmamalıdır: «Yenə də deyirəm, Ermənistan dövləti hazırda burada ilk sıralarda deyil. Amma bu, bizi heç nədən çəkindirməyəcək. Biz artıq bunu dəfələrlə sübut etmişik və İkinci Qarabağ müharibəsi bunu göstərdi, müharibədən keçən iki il bunu göstərdi. Heç kim bizə təsir göstərə bilməz. Zənglər ola bilər, hansısa bəyanatlar ola bilər, onlara əhəmiyyət vermək lazım deyil. Sadəcə olaraq, siyasi nəzakət naminə biz bu zənglərə cavab veririk. Ancaq bu, bizim mövqeyimizi zərrə qədər dəyişməyəcək.»
Dövlət başçımızın vurğuladığı kimi, gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq. O zaman paşinyanlar, makronlar, persiyanlar o torpaqlarda olmayacaqlar.
Xuraman İsmayılqızı, «İki sahil»
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri