03 aprel 2023 13:28
550

Aprel döyüşləri 44 günlük müharibənin baş məşqi oldu - Aydın Hüseynov

“Aprel döyüşləri barədə danışanda ilk növbədə bunu Azərbaycan Ordusunun ilk ən böyük uğuru kimi səciyyələndirə bilərik. Silahlı Qüvvələrimiz bu qələbə ilə ermənilərin öz orduları haqda yaratdıqları mifi kökündən dağıtdı, “Ohanyan səddi” barədə uydurmaların sadəcə boş sözdən ibarət olduğunu sübut etdi. Düzdür, Ermənistanın işğalçı ordusu kifayət qədər maddi-texniki imkanlar əldə edə bilmişdi, mövqeləri də lazımi şəkildə təmin edilmişdi, mühəndis qurğuları da müasir müharibələrin şərtlərinə uyğun inşa edilmişdi. Bütün bunlara baxmayaq Azərbaycanın vətənpərvər oğulları uzun illər həsrətində olduğu və səbirsizliklə gözlədiyi əmri alandan sonra qarşılarındakı sədləri yararaq torpaqlarımızın bir hissəsini düşmənin qara əllərindən qoparıb ala bildi”.

Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

Deputat bildirib ki, Vətən torpaqlarının azad edilməsi üçün təkcə hərbi texnika, coğrafi üstünlük, təchizad əsas rol oynamır: “Bunun üçün Vətən sevgisi, vətənpərvərlik, ürək lazımdır. Bizi qələbəyə aparan da bu hisslər idi. Azərbaycan Ordusu 25 il dözüm nümayiş etdirmişdi. Münaqişənin dinc yolla, diplomatik üsullarla, danışıqlar masasında həll olunacağına inanırdıq. Son olaylar, ermənilərin işğalçı ordularının təxribatları, yeni ərazilər ələ keçirmək həvəsi silahlı qüvvələrimizin öz gücünü göstərməsi ilə nəticələndi. 4 günlük müharibədə həm Cəbrayıl və Füzuli istiqamətində, həm də Talış kəndi ətrafındakı bir sıra hakim yüksəkliklər düşməndən geri alındı. Bu qələbə təkcə əsgər və zabitlərimizi yox, həm də bütün Azərbaycan sakinlərini ruhlandırdı, qələbəyə inamını artırdı. Aprel döyüşləri işğalçılar üçün bir mesaj, bir siqnal oldu ki, işğala son qoyun. Bu barədə Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı demişdir: “Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər. Bizi yeni müharibə ilə hədələyən düşmən İkinci Qarabağ müharibəsində öz dərsini aldı”. 
A.Hüseynov qeyd edib ki, ordumuzun psixoloji hazırlığının yüksək olmasını bütün dünya gördü: “Aprel döyüşləri bizim ruhumuzun qələbəsi, eyni zamanda zəfər müjdəsi idi. Bütün bu olanlar gənclərimizdə vətənpərvərlik ruhunun yüksəlməsinə təsir etdi. 2020-ci ilin Vətən müharibəsi və qələbəmiz başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla Azərbaycanın uğurudur. 2016-ci il Aprel döyüşlərində həyatını qurban verən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirik. Hər zaman Azərbaycanın ərazi bütövlüyü uğrunda çalışan şəhidlərimiz və qazilərimiz bizim üçün çox əzizdir. Bununla Azərbaycan göstərdi ki, torpaqlarının işğal altında qalması ilə qətiyyən barışmayacaq və işğalçıları öz torpaqlarından qovacaq. Qələbə Azəbaycan xalqının mənəvi haqqı idi. Aprel döyüşləri 44 günlük müharibənin baş məşqi oldu”.