03 aprel 2023 13:30
437

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir

Son illər ərzində ölkəmizdə bütün sahələrdə dinamik, ardıcıl islahatlar, dayanıqlı inkişaf tendensiyası və sağlam siyasi dialoq mühitinin formalaşdırılması müşahidə edilir.  Ölkədə siyasi dialoq mühitinin inkişaf etdirilməsi siyasi proseslərdə iştirak edən bütün tərəfləri açıq və bərabərhüquqlu münasibətlərə dəvət edir.  Həmçinin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesi, ictimai-siyasi institutlaşma meyilləri güclənib. Prezident İlham Əliyevin rəhərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət iqtisadi, siyasi, hüquqi, demokratik dövlət quruculuğu baxımından ölkəmizin inkişafına ciddi töhfələr verib. Sözsüz ki, Azərbaycanın Cənubi Qafqaz regionun  aparıcı dövlətinə çevrilməsində həyata keçirilən məqsədyönlü islahatlar konsepsiyası mühüm önəm kəsb edir. Bunun da nəticəsi olaraq ötən iki il ərzində ölkəmizdə  “siyasi dialoq” məfhumu aktuallaşmış, siyasi münasibətlərin iştirakçıları arasında dialoq ilə bağlı olan lazımi vərdiş və səriştələr inkişaf etdirilmiş, siyasi münasibətlərdə köhnə stereotiplər dəyişdirilmiş, qərəzli mövqelərdən çıxış edən tərəflər öz səhvlərini etiraf etmək və siyasi fəaliyyətlərini yeni təmiz səhifədən başlamaq şansını əldə etmişdir. Eyni zamanda, ölkəmizdə son iki il ərzində həyata keçirilən dayanıqlı dialoq ənənələrinin formalaşdırılması siyasəti, siyasətdə sağlam münasibətlərin tərəfdarlarını müəyyən etmək və müxtəlif təxribatlarla ölkədə həmrəylik mühitinə zərbə vurmaq arzusunda olan “qüvvələrin” ifşa olunması baxımından da böyük əhəmiyyət kəsb etmişdir. Prezident İlham Əliyevin söylədiyi kimi, bizim hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal dialoqa ehtiyacımız var. Bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir. Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu gün bu siyasi dialoq aparılır. Bu çox təqdirəlayiqdir və ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var.

Siyasi sistemin daha da inkişaf etməsi və güclənməsi üçün siyasi münasibətlərdə sağlam müxalifətçiliyin formalaşması vacibdir. Çünki dövlət maraqları, dövlətçilik və müstəqlliyimizlə bağlı məsələlərdə iqtidar-müxalifət mövqeyi olmamalıdır. Təbii ki, bu tendensiya Azərbaycan həmrəylik əsasını təşkil edən ən vacib amildir. Bu mənada təşviq olunan siyasi dialoq mühiti siyasi partiyaları cəmiyyətə daha yaxın etmək məqsədinə xidmət edir.

Bütün bu təşəbbüslərlə yanaşı məlum olduğu kimi, Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Beləliklə Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlər siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, ölkəmizdə, siyasi sistemdə partiyaların güclənməsinə və siyasi proseslərdə iştirak edən tərəflər arasında güclərin balansına hesablanmış, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi. Qəbul edilmiş yeni qanun layihəsi müasir dövrün tələbləri ilə yanaşı bütünlükdə dünya standartlarına da tam cavab verir. Sözügedən yeni qanun layihəsi ölkəmizdə siyasi mühitinin inkşafına və siyasi sistemin dayanıqlığına böyük təkan verməklə yanaşı  siyasi partiyalar üçün yeni imkanlar da açmış oldu

"Siyasi partiyalar haqqında” Qanunun layihəsi hazırlanan zaman da ictimai fikrin öyrənilməsi mühüm amil kimi qarşıya qoyulub. Bununla bağlı Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edilib. Nəticədə 47 siyasi partiyadan 250-dən çox təklif alınıb. Eyni zamanda “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazır olduqdan sonra Milli Məclisin tarixində ilk dəfə olaraq parlamentin saytında rəy və təkliflərin bildirilməsi açıq müzakirəyə təqdim edilib. Həmçinin sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə vacib ictimai dinləmələr keçirilib.

Siyasətdə dialoq mühiti demokratik dəyər kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir     Siyasi dialoqda aktiv şəkildə iştirak edən partiyaları cəmiyyət artıq tanıyır. Siyasi partiyaların güclənməsinə və ölkənin siyasi sistemində rolunun artırılmasına xidmət edən yeni Qanuna qarşı sərt və qərəzli şəkildə çıxış edən qüvvələr özlərini ifşa edərək açıq rəqabətə hazır olmadıqlarını sübut etdilər və rəqabət mühitinə tab gətirə bilmədikləri üçün fəaliyyətlərinə son qoyulması ilə bağlı bəyanatlar verdilər.

Ümumilikdə isə “Siyasi partiyalar haqqında” yeni Qanun kənar təsirlərdən asılı olan radikallar üçün arzuolunmaz bir məsələ olub. Çünki yeni Qanun siyasi partiyalardan manipulyasiya aləti kimi istifadə üçün mənfi tendensiyalara birbaşa son qoymuş olub.Aydındır ki,  müxalifətin əsassız ritorikasının təyinatı ölkəmizdə yeni təxribat xarakterli situasiyalarının yaradılmasından ibarətdir. Dialoqu inkar edən radikalların tək istəyi gərəksiz küçə etirazlarıdır. Bu cür yanaşma peşəkar və demokratik sayıla bilməz.

Vətən  müharibəsindən sonra ölkə həyatında baş verən dəyişikliklər Azərbaycanda bütün sahələrdə olduğu kimi siyasi sistemin daha da təkmilləşməsinə, yeni konfiqurasiyanın formalaşmasına xidmət edib. Bu mənada Yeni Azərbaycan Partiyasının son Qurultayında özünün bundan sonrakı siyasi fəaliyyətini bu güclü təşkilatla birgə görmək niyyətində olan partiyalar da oldu. Bu artıq yeni bir reallıq idi. Çünki güclü və daha geniş ictimai dəstəyə malik olan partiyalar cəmiyyətin lokomotivi hesab edilir. Ona görə də, Yeni Azərbaycan Partiyası ilə birləşmək qərarı verən siyasi partiyalar yeniləşən cəmiyyətdə formalaşan yeni konfiqurasiyada iştirakları üçün belə bir qərar verib.

İnanırıq ki, yeni Qanun cəmiyyətdə yeni çağırışların, sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfə verəcək.

Ayaz Cəbrayılov,

Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri