Aydın Quliyev
Prezident İlham Əliyevin "Vergilər Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Qanunu imzalaması ölkədə vergi siyasətinin sahələr üzrə daha da optimallaşdlrılması ilə bərabər mediamızın mühüm bir kəsiminin gələcək inkişafına və yeni mərhələyə keçməsinə böyük töhfələr verəcək. Prezidentin imzaladığı yeni Qanun Azərbaycan mediasının hiss etdiyi böyük bir ehtiyacı yüksək səviyyədə qarşılamaq gücündədir. Audio-vizual media istisna olmaqla bütün digər media seqmentlərinin əlavə dəyər, mənfəət və sadələşmiş vergi növlərindən azad edilməsi çap və onlayn media qurumlarının həyati mənafelərinə tam cavab verir. Söhbət çap və onlayn medianın inkişafına və möhkəmlənməsinə dövlət başçısının yeni xarakterli dəstəyindən gedir. Media orqanlarının öz fəaliyyətləri nəticəsində qazandıqlarının, reklam qazanclarının və müxtəlif ianə və qrantların üç müxtəlif vergi növündən azad edilməsinin böyük səmərəsi olacağı şübhəsizdir. Ölkə Prezidenti bu Qanunu imzalamaqla dövlətin medianın inkişafına dəstək siyasətində keyfiyyətcə yeni mərhələ açdı. Prezident İlham Əliyev illər öncə başlatdığı media islahatlarını davamlı prosesə çevirdiyini bir daha nümayiş etdirdi. Prezident sübut etdi ki, hər bir mərhələ üçün medianın əsas inkişaf təmayüllərini zamanında və kompleks şəkildə qiymətləndirməyi bacarır.
Prezidentin imzaladığı Qanun milli media qanunvericiliyinin təkmilləşdirilməsi prosesinin mühüm səhifəsidir. Media orqanlarının vergidən azad edilməsi dövlət başçısının söz və media azadlığının mühüm şərti olan iqtisadi müstəqilliyin təminatına prioritet kimi baxdığını da bir daha təsdiqlədi.Yeni qanun medianın iqtisadi güclənməsi üçün əlavə motivlər vermək gücünə malikdir. Vergilərdən azadolma media orqanlarını yeni iqtisadi mənbələr axtarışında daha güclü təşəbbüskarlığa sövq edəcək. Prezident bu addımı atmaqla media orqanlarının və media əməkdaşlarının bir neçə istiqamətdə təşəbbüskarlığının artlrılmasına şanslar açdı. Medianın vergilərdən azad edilməsi media qurumları üçün əlavə iqtisadi-maliyyə resursları deməkdir. Medianın vergilərdən azad edilməsi başqa bir dəyişdiricilik xüsusiyyətinə də malikdir. Ümumən media orqanları ilə bərabər hər bir jurnalistin və media əməkdaşının fəaliyyətində də yeni mərhələ açılır. Hər bir media əməkdaşı təmsil etdiyi orqanın iqtisadi və maliyyə fəaliyyətində daha təşəbbüskar, daha fəal və daha məsuliyyətli olmağa çalışacaq.
Medianın vergilərdən azad edilməsi son 15 ildəki media islahatlarının məntiqi davamıdır. Bu islahat mediamızın qarşısında keyfiyyətcə yeni perspektivlər açacaq və zaman keçdikcə bu perspektivlər özünü konkret şəkildə göstərəcək. Medianın iqtisadi təminatlı durumuna nail olmaq hələ son hədəf deyil, çox vacibdir ki, media qrant və ianələrdən başqa həm də müstəqil iqtisadi mənbələr üzərində təminatlı olsun. Prezidentin imzaladığı yeni Qanun mediamızın məhz daha çox müstəqil iqtisadi mənbələr üzərində təminatlılığına yollar açmaq gücündədir. Medianın iqtisadi təminat mənbəyi olaraq reklam bazarına çıxışın genişlənməsi Qanunun mühüm təsirlərindən və nəticələrindənbiri ola bilər. Prezident İlham Əliyev medianın və media əməkdaşlarının gözlədiyi və həyati önəm verdiyi addımı atdı.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri