02 aprel 2023 02:15
576

Azərbaycan Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardı

2023-cü il mart ayının 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edildi. Ölkə Başçısı rayonunda xüsusi nümayəndə Məsim Məmmədovla görüş zamanı yüksək potensiallı  rayonlardan biri Laçına xüsusi nümayəndə təyin olunmanı böyük etimad olduğunu bildirdi.

28 il işğal altında qalmış Laçın rayonuna Ermənistan tərəfindən böyük ziyan vurulmuş, meşə fondu qanunsuz istismar edilərək 60 min hektar ərazi məhv və talan olunmuşdur. Ermənistan bütün beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılan qanunsuz məskunlaşma siyasəti aparmış, Laçın şəhərinə və bir neçə kəndinə xaricdə yaşamış erməniləri yerləşdirmiş, bu hərbi cinayətə görə hələ də məsuliyyətə cəlb edilməmişdir.

Cənab Prezident İlham Əliyev görüş zamanı erməni vandalizmindən danışarkən “biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq” fikrini bildirərək 44 günlük müharibədə Şanlı Zəfərimizi bir daha yada saldı. Müzəffər Ordumuzun Laçın rayonunun cənub hissəsini, Güləbird və digər bir neçə kənd döyüşərək azad etdiyini, hərbiçilərimizin Laçın-Xankəndi yoluna çıxmasını, Şuşa şəhərinin erməni işğalçılarından azad edilməsini Ermənistan dövlətinin kapitulyasiyasına gətirib çıxardığını bildirdi. “Vaxtilə “Qarabağ Ermənistandır” deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. Laçın rayonunun digər hissəsi - ən böyük hissə artıq siyasi yollarla azad edilmişdir. Bu, bizim böyük tarixi Zəfərimizdir”.

Cənab Prezident İlham Əliyev görüş zamanı uzun illər aparılmış və heç bir nəticə verməmiş siyasi danışıqlardan bəhs edərkən ATƏT-in o vaxtkı Minsk qrupunun fəaliyyətsizliyindən, əksinə, işğalı möhkəmləndirməyə çalışırdılarını bildirdi. Şanlı qələbəmizdən iki il ötməsinə baxmayaraq, siyasi təziqlərin hələ də davam etdiyini, işğal dövründə çaşdırmaq məqsədilə pərdələnmiş Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibətini, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi bir sıra qətnamənin ermənipərəst, rüşvətxor və anti-Azərbaycan qruplaşmanın fəaliyyəti məhsulu olduğunu diqqətə çatdırdı.

Laçın şəhərinin abadlaşdırılmasından bəhs edən Ölkə Başçısı yaxın gələcəkdə sakinlərin öz yurdlarına qayıdacaqlarını, su xətləri, kanalizasiya xətləri, elektrik enerjisi xətləri, yollar, Laçın şəhərinin bütün daxili yolları yenidən qurulurduğunu bildirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ermənilərin təbiətə vurduğu ziyana diqqəti yönəldərək xüsusi nümayəndə Məsim Məmmədova tapşırıq verərək qeyd etdi: “Biz keçmiş köçkünləri qaytaracağıq, infrastruktur yaradacağıq və orada iş yerləri yaradılacaq, çox gözəl imkanlar yaradılacaq. Ancaq qayıdacaq hər bir keçmiş məcburi köçkün özü də bilməlidir, siz də mənim nümayəndəm kimi bilməlisiniz, biz ətraf mühiti qorumalıyıq”.  

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri