01 aprel 2023 17:00
1528

Laçın dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcək

Laçın ölkəmizin ən böyük rayonlarından biridir. İşğalda qalan digər rayonlarımız kimi Laçının da bütün infrastrukturu 28 il ərzində Ermənistan tərəfindən məhv edilmiş, ətraf mühitə böyük ziyan vurulmuşdur. İşğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparmış, xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm də bir neçə kəndə gətirilərək orada yerləşdirilmişlər. Laçının işğalı həmin dövrdə hakimiyyətə can atan və istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışan AXC-Müsavat xəyanətkar cütlüyünün çirkin xəyanətinin nəticəsidir.

Prezident cənab İlham Əliyevin həyata keçirdiyi düşünlümüş siyasət  nəticəsində və rəşadətli ordumuzun sayəsində Laçın rayonu da 2020-ci ilə işğaldan azad olundu. Laçın rayonu həm döyüş meydanında, həm də siyasi yollarla qaytarıldı. İşğaldan azad edilmiş hər bir bölgəmiz kimi Laçın rayonunda da hazırda böyükmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilməkdir. Laçında beynəlxalq hava limanı inşa edilir, yollar çəkilir, tunellər tikilir. Bir sözlə, yaşamaq və işləmək üçün bütün infrastruktur yaradılır. Bərpa-quruculuq işləri yekunlaşdıqca Laçından olan keçmiş məcburi köçkünlərin mərhələli şəkildə öz rayonlarına qayıdışı təmin olunacaq. Plana əsasən bu ilin sonuna qədər minlərlə insan artıq Laçın şəhərində yaşayacaq və laçınlılar öz doğma diyarına qayıdacaqlar. Ötən il avqustun 26-dan etibarən yenidən qurulmasına başlanan Laçın şəhəri ilə bərabər Zabux və Sus kəndlərinin də tamamilə yenidən qurulması prosesinə start verilib. Ümumilikdə isə rayon ərazisində yenidənqurma işlərinə müharibə başa çatan kimi başlanılmış və işlər plana uyğun həyata keçirilməkdədir.

Prezident cənab İlham Əliyev Laçın rayonunda xüsusi nümayəndə təyin etdiyi Məsim Məmmədovu qəbul edərkən bildirdi ki, hazırda bütün infrastrukturu yenidən qurulan Laçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid də inşa ediləcəkdir. Həyata keçirilən kompleks işlər nəticəsində Laçın, nəinki Azərbaycan, eləcə də dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcəkdir. Təbii ki, Azərbaycan Laçın rayonu da daxil olmaqla işğaldan azad edilmiş bütün ərazilərdə bərpa-quruculuq işlərini öz gücü hesabına həyata keçirir. Bu isə Azərbaycanın güclü dövlət olmasından xəbər verir. Azərbaycanın güclü dövlət olmasının əsasını məhz Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti və ölkədə davamlı olaraq həyata keçirdiyi uğurlu islahatlar təşkil edir. Bu islahatlardan biri də azad olunmuş ərazilərdən tətbiq edilməyə başlanan yeni idarəetmə üsuludur. Ölkə başçısının qeyd etdiyinə əsasən yaxın gələcəkdə yeni idarəetmə üsulu bütün ölkə ərazisində tətbiq olunacaqdır. Yeni idarəetmə üsulunun bütün ölkə ərazisində tətbiqi bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir.

Anar Şahmuradov,

YAP Ağdaş rayon təşkilatının əməkdaşı