01 aprel 2023 03:44
655

Narkomaniya: Çətin və erkən ölüm

Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabe müəssisələri tərəfindən 2022-ci ilin ikinci yarısı və 2023-cü ilin birinci yarısı ərzində bir sıra tədbirlər keçirilmişdir.

2022-ci ilin iyul ayında Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən “Premyeraların paradı” festivalı çərçivəsində “Məchul pilləkən” balet-tamaşasının premyerası olmuşdur. Narkomaniyaya qarşı təbliğat vasitəsi kimi nəzərdə tutulan səhnə əsərinin süjet xətti, bədii tərtibatı tamaşaçılarda maraq doğurmuşdur.

Avqust ayında Salyan, Sabirabad, Beyləqan, Ağcabədi və digər rayonların Heydər Əliyev mərkəzlərində, kitabxana və təhsil ocaqlarında narkomaniyanın ağır fəsadlarına həsr olunan müxtəlif səpkili tədbirlər təşkil edilmişdir.

Avqust ayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında müstəqil “Səhnə” teatrının “Qaranlıqdan işığa” adlı tamaşası nümayiş etdirilmişdir. Səhnə əsəri narkomaniyaya aludə olmuş gəncin keçirdiyi iztirablardan, yaşadığı acınacaqlı həyatdan və ailəsinə gətirdiyi faciələrdən bəhs edir.

Sentyabr ayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzi Kitabxana Sisteminin (MKS) 1 nömrəli kitabxana filialında “Sağlam həyat naminə narkomaniyaya “yox” deyək!”, həmçinin Beyləqan rayon Mədəniyyət Mərkəzi və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniya əsrin bəlasıdır”, Cəlilabad Rayon Tarix-Diyarşünaslıq Muzeyində “Narkomaniyaya “yox” deyək!”, Tovuz Rayon Mərkəzi Kitabxanasında isə “Narkomaniya: Çətin və erkən ölüm” mövzusunda tədbirlər təşkil edilmişdir.

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) və Masallı Regional Mədəniyyət İdarəsinin (RMİ) birgə təşkilatçılığı ilə oktyabr ayında “Zərərli vərdişlərdən imtina” adlı maarifləndirici seminar keçirilmişdir.

Oktyabr ayında Leopold və Mstislav Rostropoviçlərin Ev-Muzeyində Abdulla Şaiqin Mənzil-Muzeyi ilə birlikdə “Həyatını məhv etmə!” adlı tədbir təşkil edilmişdir.

Noyabr ayında yuxarıda adıçəkilən Dövlət Proqramının müvafiq bəndinin və “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022–2023-cü illəri əhatə edən Tədbirlər Planı”nın icrası ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyində təlim keçirilmişdir. Təlim Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun birgə təşkilatçılığı gerçəkləşmişdir.

Noyabr ayında MEMİM və Sumqayıt RMİ-nin birgə təşkilatçılığı, aidiyyəti qurumların iştirakı ilə Xızı rayonunda “Narkomaniyaya yox deyirəm və sağlam həyatı seçirəm. Bəs sən?” adlı maarifləndirici seminar keçirilmişdir.

Dekabr ayında Balakən Rayon Mədəniyyət Mərkəzində narkomaniyanın fəsadlarından bəhs edən “Külə dönmüş arzular” tamaşası nümayiş olunmuşdur. Gəncə Şəhər MKS-nin 6 saylı Gənclər kitabxana filialında “Narkomaniya elə bəladır ki, ömrü sonlandırır!” başlığı altında tədbir keçirilmişdir. Astara rayon Heydər Əliyev Mərkəzi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək!” mövzusunda tədbir gerçəkləşmişdir. Quba Tarix-Diyarşünaslıq Muzeyi isə Quba şəhər 5 saylı tam orta məktəbdə “Narkomaniyaya və zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir təşkil etmişdir. Bundan əlavə, Şabran Rayon Mədəniyyət Mərkəzinin filialı olan Xaqani Poeziya evində, Gəncə şəhər MKS-nin 15 saylı kitabxana filialında, Masallı Tarix-Diyarşünaslıq Muzeyində də bəşəri bəlaya həsr olunmuş maarifləndirici tədbirlər keçirilmişdir.   

Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupunun birgə təşkilatçılığı ilə təlim təşkil edilmişdir.

2023-cü ilin fevral ayında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zığ qəsəbə Mədəniyyət evində “Səhnə” teatrının təqdimatında “Qaranlıqdan işığa” tamaşası nümayiş olunmuşdur.

Fevral ayında Nəsimi Rayon Polis İdarəsinin (NRPİ) təşkilatçılığı ilə Bakı Xoreoqrafiya Akademiyasında (BXA) “Narkomaniyaya “yox” deyək!”, “Erkən nikah və onun fəsadları” və “Uşaqlar və yol hərəkəti təhlükəsizliyi” mövzularında maarifləndirici tədbir keçirilmişdir.

Mart ayında BXA-da Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən “İrs: mədəni dəyərlərimizin təbliği” layihəsi ilə bağlı tədbir təşkil olunmuşdur. Layihə cəmiyyət üçün çox ciddi problemlərdən olan narkomaniya, erkən nikah, bullinq (məktəbdə aqressiv davranış), məişət zorakılığına qarşı mübarizə, eləcə də vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması kimi məsələləri əhatə edir.

Bundan əlavə, mart ayında Lənkəran Dövlət Dram Teatrında yazıçı K.Məmmədovanın narkomaniyanın fəsadlarından bəhs edən “Yaşayan ölü” pyesi əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası olmuşdur.

Rəvanə Abdullayeva,
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi