"Fransanın ölkəmizə qarşı qərəzli addımları məqsədli xarakter daşıyır və onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir. Fransanın bu mövqeyi isə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir, xalqların rifahına və təhlükəsizliyinə xidmət etmir. Ermənistan oyuncaq bir dövlət olduğundan, hər bir dövlət müxtəlif vasitələrin hesabına işğalçı ölkəni istədikləri səmtə yönəldə və istədikləri maraqları diqtə edə bilir. Ermənistan sülhə doğru real addımlar atmaq istəyi nümayiş etdirən kimi bəzi ermənipərəst dövlətlər, xüsusilə, Fransa buna imkan vermir."
“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, Fransanın Overn-Ron-Alp bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin «xarici işlər naziri» kimi özünü təqdim edən Sergey Kazaryan ilə İrəvanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib.
Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır. Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də, beynəlxalq aləmdə tanınmış qaydalara və normalara uyğun olaraq, suveren ərazilərimizdə hər hansı bir ölkənin humanitar fəaliyyəti Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir.
Deputat diqqətə çatdırıb ki, Fransanın ermənipərəst mövqeyini açıq şəkildə ortaya qoyduğu birinci hal deyil: «Vətən müharibəsinin elə ilk günlərində Fransa Prezidenti «Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik», – deyə beynəlxalq hüquqa zidd olan bəyanat vermişdi.
K.Bayramov əlavə edib ki, Vətən müharibəsindən, artıq, üç ilə yaxın vaxt keçməsinə baxmayaraq Fransa keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini açıq şəkildə və həyasızcasına nümayiş etdirir.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri