Azərbaycan Respublikası 18 oktyabr 1991-ci ildə öz dövlət müstəqilliyini bərpa etdi. Müstəqilliyin ilk illəri ölkəmiz üçün çox məşəqqətli keçdi. Siyasi hakimiyyətin bacarıqsızlığı və milli maraqları tam mənada dərk edə bilməmələri, Ermənistanın ölkəmizə qarşı geniş hərbi təcavüzü, daxildəki separatçılıq meylləri vəziyyəti böhran həddinə gətirib çatdırmışdı. Vəziyyəti çətinləşdirən digər bir məqam isə ölkə daxilindəki siyasi qüvvələr arasında dövlətçilik və ümummilli maraqlarla bağlı məsələlərdə konsensusun mövcud olmaması idi. Siyasi çəkişmələr, ordunun həddən artıq siyasiləşməsi, hakimiyyəti ələ keçirməyə çalışan qüvvələr arasında kəskin konfrantasiya dövlətçiliyimizi parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə vəziyyət isə heç şübhəsiz xarici düşmən qüvvələrin ölkəmizə qarşı geniş təxribat, pozuculuq fəaliyyəti aparmasına münbit şərait yaradırdı. Yalnız 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə ikinci qayıdışından sonra ölkəmizdə siyasi dialoqa nail olunması istiqamətində önəmli addımlar atılmağa başladı. Məhz Ulu Öndərin səyləri nəticəsində Azərbaycan Respublikasında siyasi konsensusa nail olundu və ölkədə möhkəm siyasi sabitlik bərbərar oldu. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin bu siyasi kursunu layiqincə davam etdirərək 2003-cü ildən ən son dövrə qədər siyasi dialoqun daha da dərinləşdirilməsi istiqamətində çox vacib addımlar atır.
Son illərdə iqtisadi inkişafda nail olduğumuz uğurlar, 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər, ölkəmizin dünyada hər ötən gün artan nüfuzu şübhəsiz ki, bizə düşmən kəsilən qüvvələri bərk narahat edir. Buna görə də ölkə daxilindəki müxtəlif siyasi qüvvələr ictimai-siyasi hadisələri şərh edərkən qərəzli yanaşmalardan maksimum uzaq olmalıdırlar. Azacıq qeyri-obyektivlik və yaxud qərəzlilik düşmən dəyirmanına su tökmək anlamına gələcək. Bu isə xarici düşmən qüvvələrin marağına xidmət etməyin bariz təzahürüdür. Əgər hər hansı siyasi qüvvə dialoqdan imtina edib insanları küçə etirazlarına səsləyirsə bu artıq ifrat radikallıqdır və ölkəmizdə formalaşmış möhkəm siyasi sabitliyi pozmağa yonəldilmiş xəyanətkar fəaliyyətdir.
Ölkəmizdə “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi, siyasi partiya rəhbərləri ilə təşkil olunan çoxsaylı görüşlər, aparılan dialoqlar məhz sosial-siyasi mühitin daha da sağlamlaşdırılması istiqamətində atılan çox vacib və önəmli addımlardır. Ölkə başçımız Cənab İlham Əliyevin siyasi dialoq mühitinin dərinləşdirilməsi ilə bağlı atdığı bütün addımlar Azərbaycan Respublikasında demokratik dəyərlərin və ənənələrin zənginləşdirilməsinə xidmət edir. Ədalət naminə həm də qeyd etməliyik ki, dialoq təşəbbüsləri ilə çıxış edən tərəf məhz bugünkü Azərbaycan iqtidarıdır.
Müxalifətin mövcudluğu hər bir demokratik cəmiyyətin mühüm tərkib elementidir. Lakin bir məqam mütləq şəkildə nəzərə alınmalıdır ki, rasional və demokratik müxalifətçilik dialoqsuz mümkünsüzdür.
Cavid Məmiyev,
YAP Sumqayıt şəhər təşkilatının sədr müavini
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri