Prezident İlham Əliyevin Laçına səfəri zamanı, eləcə də bir neçə gün öncə Laçın üzrə xüsusi nümayəndəni qəbul edərkən söylədiyi fikirlər reallaşmaqdadır. Dövlət başçısı bildirmişdi ki, Azərbaycan öz məqsədlərinə çatacaq və bu işdə ona heç kim mane ola bilməz. Azərbaycan torpaqlarına gizli silah daşınması və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
K.Nurullayeva qeyd edib ki, ötən gün Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələrin nəzarətə götürülməsi bizim növbəti böyük uğurumuzdur. Məlumdur ki, Ermənistandan Qarabağa qanunsuz silah-sursat, eyni zamanda yeni istehsal olunan minalar daşınırdı. Azərbaycan bu təhlükənin də qarşısını təkbaşına almaqdadır. Belə ki, Ermənistan 10 noyabr 2020-ci il tarixdə imzaladığı üçtərəfli bəyanatın şərtlərini icra etmir. Bölgədə sözdə sülh istəyən tərəflərin bu məsələyə laqeydliyi Ermənistanı yeni cinayətlərə daha da həvəsləndirməkdədir. Belə olan halda Azərbaycan Gorus-Laçın rayonu istiqamətindəki sərhədimizi də tam nəzarətə götürdü.
Bu son əməliyyatla faktiki olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin fikirləri öz təsdiqini tapmış oldu.
Sözügedən əməliyyat Azərbaycan ordusu tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib. Uğurlu əməliyyat nəticəsində bir neçə yaşayış məntəqəsi, strateji yollar nəzarətə götürülüb. Hətta erməni mediası da bu əməliyyatın Azərbaycan Ordusu tərəfindən yüksək peşəkarlıqla reallaşdırıldığını etiraf edir. Əməliyyatdan sonra Xankəndi-Laçın yoluna nəzarət imkanları genişlənib. Bu yol boyunca bütün ərazilər artıq Azərbaycan ordusunun qəti nəzarəti altındadır. Dövlət başçımızın da söylədiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq və burada möhkəmlənirik.
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri