30 mart 2023 23:25
438

“Demokratiya”nın Qərb modeli

ABŞ Admistrasiyasının “demokratiya” sammitinə bu dəyərlərdən anlayışı olmayan dövlətləri dəvət etməsi tədbirin adı ilə məramı arasında böyük təzadın mövcudluğuna işıq saldı

Bu gün dünyanın ikili standarlara əsaslanan siyasətdən yaxa qurtara bilmədiyi hadisələrin gedişindən daha aydın görünür. Məlum olduğu kimi, martın 30-da  ABŞ Administrasiyası 120 ölkəni “demokratiya” sammitinə dəvət etdi. Adı ilə məqsədi, məramı təzad təşkil edən belə bir tədbirin keçirilməsi təəccüb doğurmaya bilməz. Sammitə dəvət olunan ölkələrə diqqət yetirdikdə  mahiyyət bəlli olur.

Dünyaya demokratiya dərsi keçən, özünü “demokratiyanın beşiyi” kimi təqdim edən ABŞ-ın demokratik dəyərlərə hansı prizmadan yanaşdığı müxtəlif sualların yaranmasına səbəb olur. Sammitə dəvət olunan ölkələr arasında Azərbaycanın, qardaş Türkiyənin  olmaması təəccüb doğurmaya bilməz.  Demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə təsdiqləyən, bu dəyərlərin   tətbiqində dünyadan vahid meyar tələb edən ölkələrin sammitə dəvət olunmaması müxtəlif fikirlərin yaranmasına rəvac verir.  

Bu,  “demokratiya” sammitinin mənasız bir tədbir olması və Amerikanın qlobal səviyyədə rəqiblərinə qarşı yönəldiyi  dünyaya məlumdur. Bu cür münasibətin əsas yaranma səbəbi, sammitə dəvət olunan dövlətlərin qərəzli, ədalətsiz və qeyri-sağlam məntiqlə seçilməsidir. Demokratiyadan uzaq, fundamental insan hüquqlarının pozulduğu ölkələrin tədbirə dəvət olunması,  bu tədbirin əslində anti-demokratik mahiyyətini ifşa edir.

Ermənistan kimi işğalçı, terroru dəstəkləyən, anti-demokratik dövlətin sammitə dəvət edilməsi sözün əsl mənasında fiaskodur. Azərbaycan dünyanın ikili standartlara əsaslanan siyasətini həm artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllində, həm də demokratik islahatlara yanaşmada daha aydın görür. ABŞ-ın “Freedom House” təşkilatı daim hesabatlarında Azərbaycanı “qeyri-azad”, Ermənistanı “azad” ölkələr sırasında qərarlaşdırır. Təşkilat daim bir qədər də irəli gedərək Qarabağı Azərbaycanla Ermənistanın müştərək ərazisi kimi göstərirdi. ABŞ Dövlət Departamentinin dünya dövlətlərində insan hüquqlarının qorunması ilə bağlı hesabatında  da ölkəmiz  bu ikili yanaşmalarla daim üz-üzə qalıb.

Bayden Adminstrasiyası Ermənistanı “demokrtiya” sammitinə dəvət edərkən işğalçı dövlətdə hansı dəyərləri əsas tutub? Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, demokratik prinsipləri kobud şəkildə pozan bir ölkəni “demokratiya” sammitində görmək istəyi ABŞ-ın bu dəyərləri necə dəyərləndirdiyinə işıq salır.  Əgər insan hüquq və azadlıqlarının təminatı dünya üçün önəmlidirsə, ən əsası əsas şərtdirsə, nə üçün Ermənistan kimi demokratiyadan xəbərsiz bir ölkəni tədbirə dəvət edir və onun bununla bağlı təcrübəsinin sammitdə paylaşması məqsədəuyğun hesab edilir?  Bu, ikili siyasətin təzahürü deyilmi?  Qərb demokratik dəyərlərə münasibətdə də “Avropa standartları”ndan deyil, ikili standartlardan çıxış edir.  ABŞ-da demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən sərbəst  toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışlar unudulub, dinc nümayişlər mütəmadi  amansızlıqla dağıdılır, insanların səsvermə hüquqları kobudcasına tapdanır. Artıq bu reallıqlar “demokratiya” sammitinin təşkilatçısının  hansı dəyərlərə söykənərək  dövlətlər arasında seçim aparmasına aydınlıq gətirir. Azərbaycanın, qardaş Türkiyənin demokratiya təcrübəsi daim dünyada nümunə kimi qeyd edilir.  

ABŞ-ın bu addımı ölkəmizdə heç də təəccüblə qarşılanmır. Bu baxımdan ki, dünyada bilavasitə demokratik dəyərlərin inkişafı ilə məşğul olan Avropa Şurası işğalçı ilə işğala məruz qalanı 2001-ci ildə eyni vaxtda  üzv qəbul edirsə, artıq Avropanın və Qərbin demokratiya dəyərlərinə də zamana və məkana görə yanaşdıqlarına şübhə yeri qalmır.   “Öz gözlərində tiri görməyib başqasında çöp axtarmağa” öyrəncəli olan ABŞ kimi “demokratiya carçıları” demokratik prinsiplərdən xəbərsizdir. Maraqlar üst-üstə düşəndə dəyərlər qorunur, toqquşanda isə dəyər deyilən bir məfhumun olmadığı bildirilir.

Ermənistanın demokratiyadan  xəbərsiz olmasını təsdiqləyən xeyli sayda faktlar sadalamaq olar. Bu ölkə üçün demokratiya özbaşınalıq, xaos, anarxiya deməkdir. Hakimiyyətə qeyri-demokratik yolla gələn  Nikol Paşinyan  sonra bütün siyasi rəqiblərinə qarşı repressiya həyata keçirdi. Onların bir qismi həbs edildi, digər qismi isə zor gücü ilə susduruldu. Ermənistanda  insan hüquqlarından, söz azadlığından söhbət belə gedə bilməz. Belə olan halda, Paşinyanın demokratiya sammiti”nə dəvət edilməsi, Ermənistan üçün zorla demokrat imici yaratmaq cəhdindən başqa bir şey deyil.  Paşinyan isə əvəzində ikili oyununu davam etdirir. Ukraynadakı müharibə ilə bağlı yekun sənədə imza atmaqdan boyun qaçırmaqla, rəsmi Vaşinqtona bir daha göstərdi ki, o, Rusiyanın yanındadır.

Nə zamanadək dünya ikili standarlara əsaslanan siyasətindən yaxa qurtara bilməyib  dövlətlərarası münasibətlərdə əsas faktor olan etimad mühitindən danışmaq sadəlövlük olar. Bu isə öz növbəsində  beynəlxalq hüquq, demokratik dəyər, ədalət məfhumlarının maraqların arxasında əriməsi ilə müşaiyət olunacaq.

Yeganə Əliyeva, “İki sahil”