Azərbaycanın dilbər guşələrindən olan Laçın rayonu ölkəmizin ən qədim insan məskənlərindən biridir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayonunun işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur. Laçın Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qaldı, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonun əhalisi 79,1 min nəfər olmaqla, respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və müzəffər Ordumuzun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. Beləliklə, Azərbaycan xalqı beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi.
2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam və Kəlbəcər rayonlarından sonra, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Laçın rayonu zəngin faydalı qazıntılarla və inşaat materialları yataqları, civə, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli mineral yataqları daha böyük ehtiyatlara malikdir.Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Azad edilmiş bütün bölgələr kimi, Laçın rayonunun da iqtisadi, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik.
Digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonunun da ictimai və iqtisadi həyatında yeni dövr başlamışdır. Bu gün Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda işə salınan Güləbird Su Elektrik Stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Hava limanının çox böyük mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti vardır. Laçın rayonunun Qorçu kəndinin ərazisində beynəlxalq hava limanının tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın beynəlxalq hava limanı Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq.
Azad olunmuş ərazilərin inkişafında əsas amil kimi, tikinti sektoruna yararlı xammal bazası baxımından Laçın rayonu mühüm paya sahib olacaq. Laçın rayonunda iqtisadi cəhətdən səmərə gətirəcək bir sıra sahələr var. Bu sahələrə kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. Bununla yanaşı işğaldan əvvəl rayonda əmək qabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır. Bundan başqa Laçın rayonunun toxuculuq sənəti ənənələri mövcud olmuşdur. Rayonda yundan toxunan toxuculuq məhsulları xüsusi gözəlliyi ilə seçilib. Bu amil Qarabağın yüngül sənayesinin gələcək inkişafına müsbət təsir göstərəcəkdir.
Ölkəmizin iqtisadi qüdrəti hesabına həyata keçirilən yenidənqurma işləri və infrastruktur layihələri nəticəsində azad olunmuş ərazilər, o cümlədən Laçın rayonunda həyat yenidən canlanır.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
İqtisadiyyatın şaxələndirilməsi, dayanıqlı inkişaf: Azərbaycanın qarşıdakı hədəfləri