28 mart 2023 10:41
512

Azərbaycan xalqına qarşı törədilmiş 31 Mart soyqırımı tariximizin faciəli səhifələrindən biridir

XIX əsrin sonunda Qafqazda ilk terror təşkilatları regiona gəlmə etnik ünsür olan ermənilər tərəfindən yaradılıb. “Armenakan”, “Hnçak” və “Daşnaksütyun” kimi erməni terrorçu partiyalarının əsas məqsədi Şərqi Anadolu və Azərbaycan ərazisinin yerli dinc sakinləri olan türk-müsəlman əhalisini soyqırımına məruz qoyaraq bu ərazilərdə qondarma “Armeniya” dövləti yaratmaq idi. Qaraçı hay qəbiləsinin törəməsi olan ermənilər tarixən malik olmadıqları vətən və dövlət anlayışlarını məhz Şərqi Anadoluda və Azərbaycan torpaqlarında reallaşdırmaq istəyirdi. XX əsrin əvvəllərində onları silahlandıran isə Avropanın bir sıra dövlətləri və Rusiya imperiyası oldu. Öz havadarlarından hər cür maliyyə və hərbi dəstək alan ermənilər Qafqaz regionunun tarixində ən böyük soyqırımını törətməyə hazırlaşırdılar. Ermənilərin Qafqaza gəlmə etnik ünsür olduğunu sübut edən xeyli sayda mənbələr mövcuddur: 1911-ci ildə rus tədqiqatçısı N.Şavrov yazırdı ki, Rusiya imperiyası tərəfindən 1828-1830-cu illərdə Cənubi Qafqaza İrandan 40 min, Osmanlı dövlətindən isə 84 min nəfər erməni köçürülüb. Onlar əsasən Yelizavetpol (Gəncə), İrəvan və Tiflis quberniyalarında ən münbit torpaqlarda yerləşdirilib. N.Şavrov daha sonra qeyd edir ki, XX əsrin əvvəllərində Cənubi Qafqazda 1,3 milyon nəfər ermənidən bir milyonunu ruslar köçürüblər. Rusiya imperiyasının erməniləri köçürməkdə məqsədi nə idi? Əlbəttə ki, Qafqaz regionunda ən güclü etnik və siyasi amil olan türk-müsəlman əhalisinə qarşı xristian azlığını süni şəkildə artırmaq, əsrlər boyu Qafqazda ən güclü dövlətçilik ənənələrinə malik olmuş Azərbaycan türklərinin bu ənənələri bərpa etmək ideyasının qarşısını almaq, regionu bu gəlmə ünsürün hesabına daim etnik münaqişələr fonunda uzunmüddətli təsir dairəsində saxlamaq və təbii resurslarını maksimum şəkildə mənimsəmək idi.

Məhz bu səbəblərə görə əvvəlcə Rusiya imperiyası, sonra isə Sovet Rusiyası həmişə erməniləri fəal şəkildə müdafiə edib, hətta öz xarici siyasətində erməni məsələsini xüsusi diqqətdə saxlayıb. S. Şaumyan martın 29-da Bakı limanından “Evelina” gəmisi ilə Lənkərana getmək istəyən müsəlman əsgərlərini tərksilah etmək haqqında əmr verdi. Azərbaycanlı əhali silahların geri qaytarılmasını tələb etdikdə martın 30-da bolşevik-daşnak qüvvələri atəş açmağa başladılar. Bununla da S.Şaumyanın təxribat planı baş tutdu. Martın 31-də səhər açılan kimi toplar və pulemyotlarla silahlanmış bolşevik-daşnak qüvvələri şəhər əhalisini vəhşicəsinə qətlə yetirməyə başladılar. Xüsusi təlim görmüş erməni terrorçuları şəhərin görkəmli binalarını və azərbaycanlıların yaşayış evlərini dağıdaraq yandırır, özlərini isə yerindəcə güllələyirdilər: “Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında 1918-ci il iyulun 15-dən 1920-ci ilin aprelinədək fəaliyyət göstərən Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən məlum olur ki, 1918-ci il martın 30-dan aprelin 2-dək yalnız Bakı şəhərində erməni quldurları tərəfindən 12 min nəfərdən çox azərbaycanlı öldürülüb. Bütövlükdə isə Bakı quberniyasında sentyabrın 15-dək davam etmiş kütləvi qırğınlar nəticəsində 50 min nəfərdən çox dinc azərbaycanlı əhali qətlə yetirildi. S.Şaumyanın xüsusi tapşırığı ilə erməni quldurları izi itirmək üçün qətlə yetirilən insanların bir çoxunun cəsədini yandırdıqları evlərin od-alovunun içərisinə, quyulara və dənizə atmışlar. Bakıda Təzəpir məscidinin və Şah məscidinin minarələri top atəşinə tutulmuş, İçərişəhərdə Şirvanşahlar saray kompleksinin ərazisində XIV əsrdə inşa edilmiş Keyqubad məscidi, “İsgəndəriyyə” və “İslamiyyə” mehmanxanaları dağıdılmış, Tağıyev teatrı, “İsmailiyyə” binası, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılmışdı”. Bolşevik-daşnak hərbi birləşmələri Bakıdan başqa Azərbaycanı digər şəhərlərində də soyqırımı törədiblər. Belə ki, Şamaxı, Quba, Lənkəran, Kürdəmir, Salyan, Göyçay, Naxçıvan, İrəvan, Göyçə, Vedi, Ağbaba, Şörəyel, Şərur-Dərələyəz və Zəngəzur qəzalarında da on minlərlə dinc azərbaycanlı əhalisi erməni daşnakları tərəfindən qətlə yetirildi. 

Bu soyqrıma ümummilli lider Heydər Əliyev 1998-ci il 26 mart Fərmanını verərək siyasi qiymət vermişdir.  Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə 2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlanıb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı