Jurnalist Aslan Aslanov 45 ildən çox Azərbaycanın müxtəlif mətbuat orqanlarında çalışıb. Ömrünün 30 ili Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı olub. Əvvəlcə agentlikdə müxbir, baş redaktor, 1997-2002-ci illərdə baş direktorun birinci müavini, 2002-2022-ci illərdə baş direktor, İdarə Heyətinin sədri işləyib. Ulu öndər Heydər Əliyevin 1993-çü il iyunun 9-da xalqın təkidli tələbi ilə Bakıya gələrək iyunun 11-də AMEA-nın Rəyasət Heyətinin binasında xarici ölkələrin səfirləri ilə ilk görüşündən başlayaraq, 2003-cü ilədək keçirdiyi görüşlərin, qəbulların, iclasların və digər tədbirlərin, eləcə də xarici ölkələrə səfərlərinin tam əksəriyyətində AZƏRTAC-ın əməkdaşı kimi iştirak edib. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Hazırda təqaüddə olan Aslan Aslanovun Ulu Öndərin 100 illiyi münasibətilə yazdıgı “Mən Heydər Əliyev məktəbində necə dərs aldım” sərlövhəli xatirələrini oxuculara təqdim edirik.
Yaxşı yadımdadır, 1970-ci illərin sonları idi. Heydər Əliyevin Bərdə, Ağcabədi və digər rayonlara səfəri gözlənilirdi. O vaxt Hedər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü və Sosialist Əməyi Qəhrəmanı idi. Ağcabədi rayonuna yeni təyin olunmuş birinci katib Nadir Abbasova da Sosialist Əməyi Qəhrəmanı adı verilmişdi. O, dəfələrlə məni çağırıb müəyyən tapşırıqlar vermişdi. Ona görə də raykomdan zəng edib deyəndə ki, birinci katib səni yanına çağırır, bu mənə heç də qəribə gəlmədi. Mən birinci katibin qəbul otağına gələndə orada raykomun bir neçə əməkdaşı da vardı. Nadir Abbasov hamımızı birlikdə qəbul etdi, Heydər Əliyevin Ağcabədiyə də gələcəyini dedi, hazırlıq işləri barədə rayon partiya komitəsinin əməkdaşlarının məlumatlarını dinlədi. Sonra Bərdə rayonunda keçiriləcək zona müşavirəsindən söhbət açaraq dedi:
- İstəyirəm ki, bu dəfə mənə çıxışı gənc jurnalist Aslan Aslanov hazırlasın.
“Bu etimadı doğrulda biləcəyəmmi?” – deyə düşündüm. Axı mən birinci katibə belə mötəbər tədbir üçün ilk dəfə çıxış yazacaqdım.
Biz otaqdan çıxanda katib yarızarafat-yarıgerçək dedi:
-Cıxış yaxşı olsa, xoşuma gəlsə mükafat da olacaq, Aslan.
İki gündən sonra biz yenə birinci katibin otağına yığışdıq. Respublikanın rəhbəri sabah rayona gələcək, birinci katibin bircə dəqiqə də boş vaxtı yoxdur. O, özü hər şeyi birbəbir yoxlamalı, Heydər Əliyevin gedəcəyi yerlərə, tarlalara şəxsən baxmalıdır. Abbasov nə qədər yorğun olsa da, bizi gülərüzlə qarşıladı. Axı Heydər Əliyevin Ağcabədiyə gəlişi həm çox şərəfli, həm də çox məsuliyyətli hadisədir. Yenə də raykomun əməkdaşları hazırlıq vəziyyəti ilə bağlı məlumatlar verdilər. Deyəsən hər şey normal idi, katib razı qalmışdı.
- Buyur Aslan, yazdığın çıxışı oxu, qoy buradakılar da qulaq assın.
Katibin narahatlığı başadüşülən idi. Heydər Əliyevin qarşısında çıxış etmək, rayonun sosial-iqtisadi, ictimai-siyasi həyatı, mövcud potensialı, üzləşdiyi problemlər və onların həlli yolları, qarşıda duran vəzifələr beş-altı dəqiqəlik çıxışda yığcam, ümumiləşdirilmiş şəkildə çatdırılmalı idi. Həm də o illərdə ənənə halı almış zona müşavirəsində bir çox rayonların birinci katibləri danışacaqdı. Heydər Əliyevin qarşısında çıxış etməyin nə qədər məsuliyyətli olduğunu nər kəs çox yaxşı bilirdi.
Mən yazdığım mətni çox aramla, vurğuları yerli-yerində, bir az da pafosla oxuyub qurtaranda baxdım ki, katibin sifətində razılıq əlaməti görünür. Rahat nəfəs aldım: şükür, deyəsən razı qaldı.
Düzü, çıxışa bir neçə düzəlişləri də oldu. Biz otaqdan çıxanda məni səslədi:
-Aslan, sən dayan, mükafat məsələsi qaldı axı.
Mən fürsətdən istifadə edib dedim:
- Yoldaş katib, ən yaxşı mükafat o olar ki, Heydər Əliyev tarla düşərgələrinə gedərkən mən də orada olum, onu yaxından görə bilim.
Hiss etdim ki, xahişim heç də Nadir Abbasovun ürəyincə olmadı, lakin etiraz etməyərək dedi:
- Day nə etmək olar, söz vermişəm, gərək yerinə yetirəm. Amma bu şərtlə ki, çox da yaxına gəlməyəsən, bir az aralıda dayanasan”
Beləcə mən Ulu Öndəri iki dəfə yaxından görə bildim, pambıqçılarla söhbətini dinlədim. Bu, heç də hər jurnalistə nəsib olmayan unudulmaz anlar idi.
Bəli, bu xoş xatirələr heç vaxt yaddan çıxmaz. Heydər Əliyevlə hər bir görüş, hər bir ünsiyyət uca Yaradanın mənə bəxş etdiyi bir şans idi.
Yenidən 1993-cü ilin yayına qayıdaq. İyunun 16-dan agentliyimiz üçün həqiqətən gərgin günlər başladı. Qəbullar, görüşlər, səfərlər, müxtəlif tədbirlər bir-birini əvəz edirdi. Ölkədə davam etməkdə olan ictimai-siyasi gərginlik, xəyanət, təxribat, terror... Düşmən bütün bunlardan istifadə edərək yeni ərazilər ələ keçirməyə cəhd göstərirdi. AXC-Müsavat cütlüyünün siyasi səriştəsizliyi, bacarıqsızlığı, vəzifə hərisliyi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxarmışdı. Onlar xalqın qəzəbindən qorxaraq siyasi meydandan çəkilmişdilər, hətta bəziləri qaçıb xarici ölkələrdə gizlənmişdi. Belə gərgin vaxtda daha bir gözlənilməz hadisə baş verdi. Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə Bakını qəfil tərk edərək Ordubad rayonuna, doğulduğu Kələki kəndinə getdi. Guya Azərbaycanı oradan idarə edəcəkdi.
Bu qeyri-müəyyənlik çox davam edə bilməzdi. İyunun 24-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədrinə keçdi. İyulun 2-də Heydər Əliyev bəyanatla çıxış etdi. Bəyanatda vurğulanırdı ki, son günlər görülən tədbirlər nəticəsində xalqımız üçün çox təhlükəli olan vətəndaş müharibəsinin qarşısı alınmış və ölkəmizdə daxili siyasi gərginlik müəyyən qədər azalmışdır. Lakin Ermənistan tərəfdən Azərbaycana qarşı aparılan müharibə və xüsusən də son günlərdə həmsərhəd rayonlara edilən hərbi təcavüzlər daxili siyasi mühitə mənfi təsir göstərir. Heydər Əliyev bəyanatının sonunda münaqişənin sülh yolu ilə nizama salınmasının tərəfdarı olan Azərbaycan Respublikası adından dünyanın nüfuzlu dövlətlərinin rəhbərlərini, BMT, ATƏM və digər nüfuzlu beynəlxalq təşkilatları Ermənistanın beş ildən artıq davam edən təcavüzünü qətiyyətlə pisləməyə, təcavüzkarı cilovlamaq məqsədilə təcili və təsirli tədbirlər görməyə çağırdı.
İyulun 5-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Ali Sovetin sədri daha bir bəyanatla çıxış etdi: ATƏM-in Minsk konfransının sədri Rafaelli iyulun 5-də Azərbaycana gəlməli idi, biz onu qarşılamağa hazırlaşdığımız vaxt məlum oldu ki, səfər təxirə salınıb. Həm sədrin Bakıya gəlməməsi, həm də belə münasibət bizi çox təəccübləndirdi. Üç böyük dövlət – ABŞ, Rusiya, Türkiyə və BMT bu məsələyə diqqəti artırmalı və Ermənistana lazımi təsir göstərməyə çalışmalıdır.
Bax, belə kəskin iradlardan, tələblərdən sonra ATƏM-in Dağlıq Qarabağa dair Minsk konfransının sədri Mario Rafaelli Bakıya gəldi və Heydər Əliyevlə birlikdə mətbuat konfransı keçirdi. Mətbuat konfransı çox ciddi, gərgin anlarla yadda qaldı. Aparılan danışıqlardan sonra Rafaelli rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Yerevana getdi, axşamüstü yenidən Bakıya qayıtdı.
İyulun 12-də avropalı qonaqlar Ağdama, oradan Xankəndiyə getməli idilər. Lakin burada erməni hiyləsi yenidən işə düşdü. Onlar danışıqlardan hər vəchlə yayınmaq, buna əngəl törətmək istəyirdilər: gah dedilər Ağdam yolu, gah dedilər Füzuli-Xankəndi yolu başdan-başa minalıdır. Heydər Əliyev ATƏM-in Minsk konfransı sədrinin regiona səfəri zamanı qarşıya çıxan bütün problemləri, ermənilərin çirkin əməllərinin ən xırda detallarını belə kütləvi informasiya vasitələri nümayəndələrinə, bununla da bütün dünya ictimaiyyətinə çatdırdı: danışıqlar məhz Ermənistan tərəfinin günahı üzündən heç bir nəticə vermir.
Heydər Əliyevin geri çəkilmək fikri yox idi. Çox keçmədən, 1993-cü il iyulun 26-da o, BMT Təhlükəsizlik Şurasının dərhal çağırılması və bütün bu məsələlərin ətraflı müzakirə edilməsi üçün BMT TŞ-nin sədrinə və BMT-nin baş katibinə rəsmi məktub göndərdi.
İyulun 23-də Ağdam şəhəri də Ermənistan tərəfindən işğal olundu. Bu həm də Heydər Əliyevi gözdən salmaq, onun apardığı işə mane olmaq üçün əvvəlcədən düşünülmüş ssenarinin tərkib hissəsi idi. İnsanları narazı salmaq istəyirdilər. Amma anlamırdılar ki, Heydər Əliyev vaxtilə SSRİ kimi nəhəng imperiyanın rəhbərlərindən biri olmuş dahi şəxsiyyətdir. Onun arxası, dayağı xalqdır. Ona görə də doğma ev-eşiyindən didərgin salınaraq ağır vəziyyətə düşmüş insanların yanına getməyi qərara aldı.
1993-cü il iyulun 24-də işin axırında mənə zəng gəldi və tapşırıq verildi: təcili dəmiryol vağzalında olmalısan. Oradan hara gedəcəyimiz deyilmədi, amma təxmini hesab etdim ki, Ağdam tərəfə gedəcəyik. Vağzala gələndə yol yoldaşlarımı gördüm və öyrəndim ki, Heydər Əliyev Bərdəyə, qaçqın və məcburi köçkünlərlə görüşə gedir, digər tədbirlər də olacaq. Hökumət qatarında yol getmək çox maraqlı olsa da, Ağdamın işğalı çox ciddi qanqaralıq yaratmışdı. Hamı kədər içində idi. Bir azdan Heydər Əliyev gəlib öz vaqonuna qalxdı.
Sübh tezdən Bərdəyə çatdıq. Heydər Əliyev bütün nümayəndə heyəti ilə birlikdə rayon icra hakimiyyətinin iclas zalına keçdi. Burada Bərdə, Ağcabədi və digər ətraf rayonlara pənah gətirmiş məcburi köçkünlərin yerləşdirilməsi, ərzaqla təmin edilməsi, onlara tibb xidməti göstərilməsi sahəsində təxirəsalınmaz vəzifələr müzakirə olundu.
Ağdam şəhərinin işğalı bölgənin elektrik enerjisi, yanacaq, içməli su ilə təminatında da əngəllər yaratmışdı. Məsələn, yüzlərlə artezian quyusu işləmirdi. Bir tərəfdən düşmən Ağdam rayonu ərazisindəki taxıl zəmilərinə od vurub yandırırdı, digər tərəfdən nisbətən təhlükəsiz ərazilərdə təsərrüfat işləri tamamilə dayanmışdı, mal-qaranın, yığılmış məhsulların çıxarılmasına fikir verilmirdi. Müşavirədə qərara alındı ki, yaranmış gərginliyin aradan qaldırılması üçün bütün canlı qüvvə və texnika səfərbər edilsin. Rayon rəhbərliyinə digər vacib tapşırıqlar da verildi.
Heydər Əliyev müşavirədən sonra icra hakimiyyətinin binasının qarşısına toplaşmış Bərdə və Ağdam sakinləri ilə görüşdü, bir sıra kəndlərə gedib orada məskunlaşan məcburi köçkünlərlə söhbət etdi. Ağır kədər içində olan insanlar Heydər Əliyevi ən əziz adamları - ata, dost, qardaş kimi qarşılayır, ona bəslədikləri böyük ümidi dilə gətirirdilər. Aağbirçək Gövhər Səfiyarovanın Ulu Öndərə kədər və ümid dolu müraciəti hələ də yadımdadır: “Əziz rəhbərimiz, sizi gördük, özümüzdə güc tapıb bu ağır dərdə dözərik. İnanırıq ki, xalqı öz ətrafınızda birləşdirərək hərc-mərcliyə son qoyacaqsınız. Əli silah tutan hər kəsi səfərbər edərək azğın erməni vəhşilərinə lazımi dərs verəcəksiniz, bu təcavüzün qarşısını alıb torpaqlarımızı geri qaytaracaqsınız. Ümidimiz sizədir, nicat yolumuz sizin ətrafınızda sıx birləşməkdir”.
Məcburi köçkünlüyün, yurd itkisinin necə dözülməz dərd olduğunu bu əzabı yaşayan hər kəs yaxşı bilir. Lakin Bərdədə keçirilən görüşlərdə heç kim şəxsi problemlərdən, qarşılaşdığı çətinlikdən danışmadı. Ölkəni düşdüyü ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bir dahinin xilas edəcəyinə böyük inam vardı. Bu inam çöhrələrdən, baxışlardan oxunurdu, bu çətin anda hamının fikri üst-üstə düşürdü: xalqımız kürək-kürəyə verib torpağımızın müdafiəsinə qalxmalı və düşmənə layiqli cavab verilməlidir.
Elə həmin gün biz Bərdədən Gəncə şəhərinə getdik. Heydər Əliyev Gəncə ictimaiyyətinin nümayəndələri ilə görüşdü, hərbçilərlə müşavirə keçirdi.
/ardı var/