28 fevral 2023 08:05
1061

Nyu-Cersi ştatının Senatı Xocalı soyqırımı ilə bağlı qətnamə qəbul edib

ABŞ-ın Nyu-Cersi ştatının Senatı Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar qətnamə qəbul edib.

“İki sahil” xəbər verir ki, ştatın senatoru Co Krayn (Joe Cryan) tərəfindən imzalanan qərarda Xocalı soyqırımı barədə müfəssəl məlumatlar yer alıb: "Nyu Cersi Ştatının Senatı 1992-ci ilin fevralında Azərbaycanın Qarabağ bölgəsində baş vermiş Xocalı qətliamının otuz birinci ildönümünü dərin hüznlə qeyd edir.

Bu, Ermənistanın törətdiyi çoxsaylı qırğınların ən böyüyü idi, Xocalı şəhərində yaşayan dinc sakinlər evləri və iş yerləri xarabalığa çevrildi və onlar ağlasığmaz vəhşiliyə məruz qaldılar.

Ağır artilleriya bombardmanlarından sonra şəhər hər tərəfdən mühasirəyə alındı, nəticədə 600-dən çox insan həlak oldu, ölənlər arasında yüzlərlə qadın və 83 uşaq var. Sağ qalan uşaqların çoxu valideynlərini itirdi. Bu acı reallıqdır ki, bu günə qədər itkin düşən 150 nəfərdən xəbər alınmayıb və təqsirkarlar cəzalandırılmayıb.

Xocalıda baş verənlər beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənilib, münaqişə zamanı mülki şəxslərə qarşı güc tətbiq etmək və beynəlxalq humanitar hüququn ciddi pozuntularını sənədləşdirilib".

Sənəddə Azərbaycan xalqının Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və regional inteqrasiyaya aparan yolu təşviq edən səylərə sadiq olduğu və onu dəstəklədiyi qeyd olunub. Bildirilib ki, Nyu-Cersi ştatının Senatı Azərbaycan xalqının baş verənlərə ədalət axtarışında daimi dəstəkçisi olacaq: "Senat Xocalı Soyqırımı zamanı sülh və sivilizasiyanı bərpa etmək üçün səy göstərərkən həlak olanların xatirəsini ehtiramla yad edir və bütün Nyu-cersililəri bu kədərli ildönümünün qeyd edilməsində layiqincə iştirak etməyə çağırır".