26 fevral 2023 17:52
375

Xocalı həqiqətləri İtaliya mətbuatında

Azərbaycanın Vatikandakı səfiri İlqar Muxtarov İtaliyanın “Agenzia Nova” informasiya agentliyinə verdiyi müsahibədə ermənilərin 31 il əvvəl Xocalıda törədikləri soyqırımı cinayətlərindən bəhs edib.

“İki sahil” xəbər verir ki, səfir müsahibəsində Birinci Qarabağ müharibəsi zamanı, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş soyqırımında 613 nəfərin vəhşicəsinə qətlə yetirildiyini bildirib. Qeyd edib ki, soyqırımı zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb və 150 nəfər itkin düşüb. İ.Muxtarov 10-dan çox ölkənin Xocalıda ermənilər tərəfindən törədilmiş cinayətləri soyqırımı kimi tanıdığını, eləcə də 20-dən çox dövlətin qanunvericilik orqanları tərəfindən qəbul edilmiş qətnamələr və bəyanatlarda bu amansız qətliamın pisləndiyini vurğulayıb.

“Biz beynəlxalq aləmdə Xocalı soyqırımı qurbanlarının xatirəsinin yaşadılması və gələcəkdə dünyanın hər hansı yerində oxşar faciələrin təkrarlanmaması üçün səylə çalışırıq. Bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilən, etnik təmizləmə siyasətinin tərkib hissəsi olan bu cinayətləri törədənlərin cəzalandırılmasını, hüquq və ədalət naminə bu faciəyə qiymət verilməsini tələb edirik”, - deyə səfir qeyd edib.

İ.Muxtarov, eyni zamanda, yüksək səviyyədə olan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrindən, Heydər Əliyev Fondunun Vatikanda mədəni irs nümunələrinin bərpası istiqamətində həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb.

O, həmçinin ermənilərin Laçın yolundakı vəziyyətə dair yalan iddialarından, humanitar məqsədlər üçün açıq olan yolla bağlı əsl həqiqətlərdən, azərbaycanlı ekofəalların təşkil etdikləri aksiyanın mahiyyətindən də bəhs edib.