25 fevral 2023 20:09
425

Meksikalı deputatlar Azərbaycan xalqı ilə həmrəylik göstərərək “Xocalıya ədalət!” çağırışı edirlər

Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin və Meksika Deputatlar Palatasının birgə təşkilatçılığı ilə Mexiko şəhərinin Tlakskoake/Xocalı meydanındakı “Xocalı soyqırımı” abidəsinin önündə anım tədbiri keçirilib.

Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyeqas, Deputatlar Palatasının səhiyyə komissiyasının sədri Emmanuel Reyes Karmona, Konqresin digər üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli KİV-lərin və QHT-lərin nümayəndələri, həmçinin Meksikada yaşayan həmvətənlərimizin iştirakı ilə keçirilmiş tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbov mərasimdə çıxış edərək Xocalı soyqırımı və erməni təcavüzünün tarixi barədə tədbir iştirakçılarına məlumat verib. O, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ən qəddar cinayətlərdən biri olduğunu vurğulayıb, bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmalarının və faciəyə beynəlxalq səviyyədə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini qeyd edib. Diplomat bu xüsusda bir sıra ölkənin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini söyləyib və bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü ifadə edib.

Sonra Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viyya Viyeqas 31 il əvvəl ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş faciə qurbanlarının xatirəsinin məhz Azərbaycan hökumətinin dəstəyi ilə abadlaşdırılmış Tlakskoake meydanında yad edildiyini qeyd edərək, Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının kədərini bölüşdüyünü bildirib.

Dostluq qrupunun üzvü deputat Xavyer Kasike Zarate Xocalı soyqırımının canlı şahidi, 8 gün erməni əsirliyində qalmış Dürdanə Ağayevanın sözlərindən sitat gətirərək, bu qətliamın bəşəriyyətin ən dəhşətli faciəsi adlandırıb, “Xocalıya ədalət!” çağırışı edib. O, həmçinin 2011-ci ildə Meksika Deputatlar Palatası və Senatı tərəfindən qəbul edilmiş, Xocalı soyqırımı ilə bağlı ədalətin bərqərar olunmasının zəruriliyini ehtiva edən sənədlərə sadiqliklərini bir daha vurğulayıb.

Konqresin digər üzvləri Emmanuel Reyes Karmona, deputat Elva Vixil Ernandes və deputat Migel Anxel Peres Qaribay çıxış edərək bəşəriyyətin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı qurbanlarının ailələri və Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib, dünya ictimaiyyətini Xocalıya ədalətə səsləyiblər.

Tədbirdə səfirliyin və Meksika-Azərbaycan dostluq qrupunun adından “Xocalı soyqırımı” abidəsi önünə əklillər, iştirakçılar tərəfindən gül dəstələri qoyulub. Qonaqlara qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.