25 fevral 2023 00:20
1191

Xocalı soyqırımı qeyri-insani vəhşilikləri ilə bəşər tarixində vandalizm aktıdır

Erməni vandallarının bəşəri dəyərləri ayaqlar altına atdığı, insani duyğuları heçə saydığı Xocalı qətliamından 31 il keçir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə  Azərbaycan xalqına qarşı törədilmiş Xocalı soyqırımı ağlasığmaz qəddarlığı və qeyri-insani vəhşilikləri ilə bəşər tarixində misilsiz vandalizm aktıdır. Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımının 30-cu ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında deyildiyi kimi, Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb. 
Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu az olan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları həm də daha uzağa hesablanmış məqsəd güdürdülər. Onların əsas niyyəti Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Onlar tarixdə ən dəhşətli qanlı səhifələrdən birinin yazılmasına nail ola bildilər. Bununla ötən əsrdə Xocalı daha bir faciə yaşamış oldu. Həmin faciədən əvvəl də Xocalı öz tarixində bir neçə dəfə erməni təcavüzünə məruz qalmış, soyqırımlarına uğramışdı. Təkcə XX əsrin əvvəllərində 1905, 1906, 1917 və 1918-ci illərdə də Xocalı dörd dəfə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkdi. 
Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir. BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsində bu qeyd edilib. Eyni zamanda 1951-ci il yanvarın 12-dən qüvvəyə minən “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” konvensiyasında soyqırımı cinayətinin hüquqi əsası təsbit olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı həmin konvensiyada təsbit edilmiş soyqırımı cinayətini təşkil edən bütün əməllər azərbaycanlılara qarşı tətbiq olunub. 
Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyətinə ilk qiymət Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə Xocalı soyqırımını törədənləri xüsusi bəyanatla ittiham etmişdir. 1993-cü ildə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Xocalı soyqırımına dövlət səviyyəsində hüquqi-siyasi qiymət verdi. Ümummilli Liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisdə “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildi. Həmçinin Ümummilli Liderimiz Heydər Əliyevin 1997-ci il fevral ayının 25-də imzaladığı “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” sərəncama əsasən hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Lakin mütləq şəkildə qeyd olunmalıdır ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası çərçivəsində mühüm işlər görülür. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilib. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasət nəticəsində dünya dövlətləri də artıq ermənilərin törətdikləri bu soyqırıma öz münasibətlərini bildirir və Xocalıda törədilmiş qətliamı kəskin pisləyirlər. Qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və şanlı ordumuzun şücaəti sayəsində  ərazi bütövlüyümüz bərpa olunub, 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsində düşmən tapdağından azad edilib, erməni vandalları tərəfindən qətlə yetirilmiş günahsız soydaşlarımızın qanı yerdə qalmayıb.

Anar Məmmədov,

Milli Məclisin deputatı