24 fevral 2023 22:14
392

Bəşər tarixinin qanlı faciəsi

İyirminci əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımından 31 il keçir. Faciənin ildönümü ilə bağlı respublikamızın hər yerində olduğu kimi, Masallı rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil ocaqlarında müxtəlif səpkili tədbirlər təşkil edilir. Masallı Tarix- Diyarşünaslıq Muzeyin təşkilatçılığı Masallı Dövlət Rəsm Qalereyası, Masallı Dövlət Regional Kolleci, Masallı Rayon Gənclər və idman İdarəsinin dəstəyi sayəsində bu münasibətlə “Xocalı soyqırımı-Unutmayaq!” mövzusunda dəyirmi masa keçirildi. Tədbirə adı çəkilən müəssisənin əməkdaşları və tələbələr qatılmışdı.

Xocalı soyqırımı qurbanları və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başlanan tədbirdə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Əntiqə Tağıyeva giriş sözündə bildirdi ki, Xocalı faciəsini törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpağımız olan Qarabağımızın itirilməsi ilə barışmağa məcbur etmək istəyirdi. Lakin hiyləgər düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətinləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirdi. Belə ki, günahsız qanlar yerdə qalmadı. Qəhrəman oğullarımız hesabına düşməndən qisas alındı.

Muzeyin əməkdaşı S. Əliyevanın Xocalı soyqırımı ilə bağlı geniş məruzəsi oldu. Mövzu ətrafında digər danışanlar- Masallı Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi M. Qurbanov, Masallı Dövlət Regional Kollecin müəllimi A. Məcidli, Qalereyanın direktor vəzifəsini icra edən T. Məcidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanıdılması yönümdə apardığı tədbirlərin hər bir soydaşımız üçün nümunə olmasını dilə gətirdilər, həm də bildirdilər ki, hüquqi baxımdan Xocalıda baş vermiş faciə təsadüf və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünülmüş şəkildə xalqımıza qarşı həyata keçirilmiş soyqırımıdır. Məhz buna görə hər bir soydaşımızın yaşından, peşəsindən asılı olmayaraq qəsbkara cəzasını vermək üçün hər zaman bir yumruq altında birləşməsi çox vacibdir.

Yekunda tədbir iştirakçıları muzeydə, eləcə qalereyada Xocalı soyqırımına həsr olunmuş sərgi ilə tanış oldular.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü