24 fevral 2023 13:24
414

Xocalı soyqırımı beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır

İyirminci əsr bəşəriyyət tarixinə yüksək elmi-texniki nailiyyətlər, kosmosun fəthi sahəsində qazanılmış uğurlarla yanaşı, kütləvi insan qırğınları, Babi Yar, Liditse, Oradur, Xatın, Xirosima, Naqasaki, Sonqmi, Srebrenitsa kimi dəhşətli faciələr də bəxş etdi. Ötən əsrin 90-cı illərinin əvvəllərində bu “qara” siyahıya daha bir ad əlavə olundu - Azərbaycanın Xocalı şəhəri. Baş verən fəlakətin, törədilən vəhşiliklərin miqyasına görə bu faciə özündən əvvəlkilərdən  daha amansızlığı ilə seçilirdi. 1992-ci ilin fevralında Xocalı artıq çətin günlərini yaşayırdı. Ətraf aləmlə əlaqə demək olar ki kəsilmişdi. Blokada şəraiti davam edir, mühasirə halqası get-gedə daralırdı. Yollarda hərəkət dayanmışdı. Ümid ancaq hava nəqliyyatına idi. Axırıncı uçuş fevralın 13-də olmuşdu. Şəhərdə heç bir xidmət sahəsi işləmir, rabitə əlaqəsi kəsilmiş, işıqlar söndürülmüş, su, istilik təchizatı yox idi. Qida və ərzaq məhsulları çatışmırdı. Bir tərəfdən də şəhər ermənilər tərəfindən vaxtaşırı atəşə tutulurdu. Yaşayış son dərəcə ağırlaşmışdı. Əhalinin yarıya qədəri artıq isti yuvalarını tərk edib getmişdi. Ümid yalnız Allaha qalırdı. Şəhəri Əlif Hacıyevin (ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür) komandir olduğu aeroport milis mühafizəçilərinin, könüllülərin və şəhər milis bölməsinin yüngül silahlı dəstələri müdafiə edirdi. Xocalı imdad diləyir, kömək gözləyirdi. Lakin sakinlərin, yerli qurumların Mərkəzə ünvanladığı müraciətlər qulaqardına vurulur, eşidilməz olurdu... Yaranmış gərgin vəziyyət hansısa məşum faciənin yaxınlaşdığından xəbər verirdi... Fevralın 25-dən 26-na keçən gecə təpədən-dırnağadək silahlanmış erməni silahlı dəstələri Xankəndində yerləşən sovet ordusuna məxsus 366-cı hərbi briqadanın şəxsi heyətinin iştirakı ilə ağır texnikayla Xocalıya hücuma keçdi. Düşmən heç nəyə məhəl qoymadan evləri dağıdır, yandırır, qarşılarına çıxan hər kəsi - uşaqdan qocaya hamını amansızlıqla qətlə yetirirdi. Canını qurtarıb birtəhər şəhəri tərk etməyə macal tapanlar Naxçıvanik kəndi yaxınlığında gülləbaran edildilər. Beləliklə, baş verən qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca xüsusi qəddarlıqla öldürüldü. 1275 nəfər əsir və girov götürüldü. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdır ki, onlardan da 76-sı uşaqdır. 8 ailə bütövlükdə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi, 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla işgəncə verilərək diri-diri tonqalda yandırıldı, hamilə qadınların bədəni süngü ilə dəlik-deşik edildi. 

Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrilib. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olunub, qəbiristanlıq vandallara xas üsullarla dağıdılıb, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara aid bütün izlər silinib.
 Bu faciə illər boyu xalqımızın qəlbində köz tutmayan ağır yaraya çevrildi. İnsanlara əzab verən acı hiss  Xocalı soyqırımı qurbanlarının yerdə qalan qisası idi. Nəhayət bu intiqamın zamanı yetişdi. 

Qəhrəmanlığı ilə başqalarına həyat verib, ölümə qalib gələn igidlərimiz döyüş meydanlarında düşmənə elə bir dərs verdilər ki, bu günə qədər özlərinə gələ bilməyiblər. Vətən uğrunda ölən Şəhidlərimiz düşmənə göz dağı verərək  əbədiyyətə qovuşdular. Və  şəhidlik zirvəsinə yüksəlməklə bildirirdilər ki, ölümdən qorxmayan milləti məhv eləmək, onun torpaqlarına yiyələnmək mümkünsüzdür. 20 Yanvarda Bakıda qırğın törədən imperiya qoşunlarının, «qızıl ordu»nun tərkibində paytaxtımıza daxil olan  ermənilərin qarşısına yalın əllə çıxaraq düşmənə  baş əyməyən, dilimizə şəhidlik sözünü gətirən, azadlıq uğrunda qurban gedən qəhrəmanlarımız  Xocalı soyqırımında da düşmənə əyilmədilər. Haqqa qovuşdular, düşmənə arxa çevirmədilər. Paytaxtdan ümidlə  gözlədikləri  yardım gəlməsə belə  Xocalını  son dəqiqəyə qədər  qorudular, amma səngərləri tərk etmədilər. 30 ilə yaxın torpaqlarımızı işğal  altında saxlayan hiyləgər   düşmənə təslim olmayan, son gülləsi ilə özünü öldürən oğullarımız qanları ilə tarix səhifələrinə əyilməzlik,  mərdlik  simvolu kimi həkk olundular.

Erməni faşistlərinin və  imperiya ordusunun 366-cı motoatıcı alayının sərxoş  əsgərlərinin  Xocalının əliyalın  sakinlərinə qarşı törətdikləri vəhşiliklər bu günə qədər unudulmayıb. Əksinə, illər keçdikdə  qaysaq bağlamayan yaralar göynəyir, xalqımıza qarşı  soyqırımı törədənlərə  nifrət artırdı.  44 gün davam edən müharibədə qalib gələn Azərbaycan Ordusu Ermənistan silahlı birləşmələrini darmadağın etməklə  qətlə yetirilən 613 Xocalı sakininin qisasını aldı və Xocalıda həlak olanlara öz vəfa borcunu ödədi.  Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan Ordusunun qalib kimi ayaq basdığı torpaqlarımız Xocalı qurbanlarının ruhlarına dinclik gətirdi. 

44 gün davam edən Vətən müharibəsində igidliyini  çaldığı zəfərlə nümayiş etdirən  Azərbaycan Ordusu  havadarları hesabına  Xocalıda qətliam törədən erməni vəhşilərini torpaqlarımızdan it kimi qovdu.  Xocalını qana boyayan,  şəhəri yandırıb külə döndərən erməni vəhşiləri dabanlarına tüpürüb qaçdılar. Müharibənin davam etdiyi müddətdə  döyüş bölgəsindən xeyli aralıda yerləşən Gəncəni, Tərtəri, Bərdəni və digər  yaşayış məntəqələrini   raket atəşinə tutan erməni vandalları Xocalıda dinc əhaliyə qarşı törətdikləri vəhşilikləri təkrarladılar. Adı çəkilən şəhərlərə yağdırılan mərmilər xalqımızın inamını sarsıtmadı. Bütün dünya ictimaiyyəti gördü ki, xain düşməni susduran dövlətimizin güclü iradəsi, qüdrətili ordusu var. İşğaldan azad olunan ərazilərimiz, paytaxtda keçirilən Zəfər  paradı Xocalı soyqırımı qurbanlarının, keçmiş Dağlıq Qarabağ münaqişəsinin yarandığı gündən erməni cəlladları tərəfindən qətlə  yetirilən soydaşlarımızın qisasının alınmasına həsr olunmuş  yürüş idi. Azərbaycan əsgəri Xocalıda hərbi cinayət törədən,   faşizmə xidmət edən erməni mifini dağıtdı, bütün qonşularına qarşı torpaq iddiaları irəli sürən ermənilərin mənfur niyyətlərinə son qoyuldu,  bölgədə sabitliyin qorunması təmin edildi. Ali Baş Komandanın dediklərini xalqımız bir nəfər kimi qürur və əzəmətlə dinlədi: «Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi.”
Artıq üçüncü ildir ki,  Xocalı qurbanlarının xatirəsi həmişəkindən fərqli olaraq qələbə əhval-ruhiyyəsi ilə qeyd edilir. Qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunub.  Şəhidlərimizin xatirəsi sevinc göz yaşları ilə  yad edilir.

Əntiqə Qasımova,
Bakı şəhəri, Xətai rayon 204 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 11" ünvanı üzrə ərazi partiya təşkilatının üzvü