24 fevral 2023 13:05
680

Xocalı şəhidlərinin qanı yerdə qalmadı

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciədən 31 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür.

Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır.

BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının və eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini dinc yolla tapmamışdır.

2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması prosesində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyası əvəzolunmaz əhəmiyyətə malikdir. Leyla xanım Əliyeva demişdir: “Xocalıya ədalət” kampaniyası bütün dünyada insanları müharibəyə, ədalətsizliyə qarşı çıxmağa səsləyir. Birgə belə təşəbbüslər irəli sürməklə dünyamızı daha ədalətli və sülh şəraitində yaşada bilərik”.

Xatırladaq ki, “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir və hazırkı tarixdə 100 minlərlə şəxs və 115 təşkilat onun fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələr, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər oxşar tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.

Geniş vüsət almış “Xocalıya ədalət” kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır.

Yaşanmaqda olan dövrün mürəkkəbliyinə baxmayaraq Azərbaycanın şanlı hərbi-siyasi tarixinin növbəti şanlı səhifəsi yazıldı. Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağa məqsədyönlü şəkildə gətirilmiş muzdlu terrorçu quldur dəstələri və himayəçi dövlətlərin hərbi qüvvələrinin köməyi ilə 1988-1994-cü illər arasındakı dövrdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və bölgənin ətrafındakı 7 rayonu işğal edərək 30 ilə yaxın bir müddətdə vaxtilə çiçəklənən bir diyarı "boz zonaya" çevirmişdi. Azərbaycan Ordusu Ermənistanın 6 il ərzində apardığı müharibə nəticəsində işğal etdiyi torpaqları cəmi 44 gün ərzində işğaldan azad edərək Ermənistan silahlı qüvvələrinin "məğlubedilməzliyi haqqında mifi" darmadağın etdi, işğal dövründə yaradılmış mühəndis-istehkam qurğularının külünü göyə sovurdu, milli ordumuzun gücü və potensialını bütün dünyaya göstərdi.