23 fevral 2023 21:01
423

Naxçıvanda “Xocalı soyqırımı -31” mövzusunda sərgi açılıb - VİDEO

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda Xocalı soyqırımının 31 illiyi ilə əlaqədar sərgi açılıb. 

Tədbirdə şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının və qardaş Türkiyə Respublikasında zəlzələdə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“İki sahil” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxışında Xocalı soqırımının dəhşətlərindən söz açıb. Qeyd olunub ki, hər bir tarixi proses o zaman xalqın tarixi yaddaşına həkk olunur ki, baş vermiş hadisələr eyni zamanda sənət əsərlərinin mövzusuna çevrilir. Tarixən Azərbaycan xalqının yaradıcı insanları milli faciələri, xalqımızın başına gətirilən müsibətləri gələcək nəsillərə çatdırmaq üçün güclü təsirə malik sənət əsərləri yaradıblar.

Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya bildirib ki, tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Diqqətə çatdırılıb ki, Naxçıvanda türkiyəli sənət adamlarının da dəfələrlə sərgiləri təşkil olunub. Asip Kaya təqdim olunan sərginin gənclərin vətənpərvərlik tərbiyəsindəki rolundan danışıb, əl işlərini yüksək qiymətləndirib.

Tədbirdə Əməkdar rəssam Cavid İsmayılov və Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Mahir Xəlilov qeyd ediblər ki, sərginin əsas məqsədi 1992-ci ilin 26 fevralında Xocalıda törədilən və insanlığa sığmayan soyqırımı rənglərin dili ilə tamaşaçıya çatdırmaqdan ibarətdir.    

Sonra sərgiyə baxış olub. Sərgidə 30 rəssamın simvolik olaraq 31 tematik əsəri nümayiş olunur. Əsərlərdə erməni terrorçularının xalqımızın başına gətirdiyi müsibətlər rənglərin dili ilə dolğun şəkildə ifadə olunub.

Sərgi bir həftə davam edəcək.