23 fevral 2023 14:33
464

Xalqımızın unutmayacağı faciə

1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı faciəsi iki yüz ilə yaxın müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı, ən qanlı səhifəsidir. Xocalı qətliamı Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədi ilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı rayonu erməni separatizminin, şovinizminin qurbanı olmuşdur. Həmin gecə erməni cəlladları Xankəndidə yerləşən 366-cı alayın yaxından köməyilə Xocalıya soxulub onu tamamilə yandırdılar. Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş verdi. Bu faciə XX əsrin Xatın, Sonqmi və Xirosima müsibətlərindən də acınacaqlı idi. Bu hərəkətləri ilə uzun illərdən gizli müharibəyə hazırlaşan torpaqlarımızda məskunlaşmış ermənilər XX əsrin sonlarına yaxın həmin əsrin əvvəllərində olduğu kimi, Azərbaycan xalqının bir daha qənimi olduqlarını sübut etmiş oldular.1992-ci il yanvarın sonu - fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına ölkə rəhbərliyinin göstərdiyi biganəlik Xocalıya münasibətdə də aşkar idi. Güc nazirliklərinin tez-tez dəyişdirilməsi hərbi uğursuzluqların əsas səbəblərindən birinə çevrilmişdi.

Xocalının müdafiəsi üçün mərkəzi hakimiyyət səviyyəsində planlı tədbirlərin həyata keçirilməməsi son nəticədə ermənilərin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız qətliamına şərait yaratmış oldu. Şəhəri mərdliklə qoruyan, əllərindəki yüngül silahlarla döyüşən xocalılılar təpədəndırnağadək silahlanmış orduya qarşı uzun müddət tab gətirə bilmədilər. Şəhəri yalnız atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdu. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir. Bununla yanaşı, 2008-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsinin ildönümündə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası təsis edilmiş və 2009-cu ilin fevralından bu kampaniyaya start verilmişdir.Soyqırımın tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verməkdədir.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə yanaşı, xalqımız bütünlüklə dövlətimizin başçısının ətrafında səfərbər oldu. Azərbaycan torpaqlarının hər qarışının azad edilməsi uğrunda gedən döyüşlər, qüdrətli ordumuzun şanlı tarix yazaraq düşmən üzərindəki sarsıdıcı zərbələri, eləcə də işğal altında olan şəhərlərimizin, yaşayış məntəqələrimizin, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin işğalçılardan azad edilməsi xalqımızda böyük inam və ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyevin xarici kütləvi informasiya vasitələrinə verdiyi çoxsaylı müsahibələri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, davam edən hərbi əməliyyatlarla bağlı tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanaraq tutarlı arqumentlər üzərində qurulan aydın, məntiqli fikirləri, ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Həmçinin bu müsahibələr informasiya məkanında da düşmənin yalan üzərində qurulmuş təbliğat maşınına ağır zərbə vurdu və Ermənistanın təcavüzkar siyasətinin, eləcə də onun himayədarlarının ifşa olunması ilə nəticələndi. Azərbaycan Prezidentinin  bildirdiyi kimi əgər kimsə Ermənistanda revanş haqqında düşünürsə, o, bizim dəmir yumruğumuzu bir daha görəcək. Bu dəmir yumruq onların belini qırdı, onların başını əzdi. Əgər bizə qarşı hər hansı bir təxribat törədilərsə, cavabımız çox sərt olacaq, çox peşman olacaqlar və yenə də acı məğlubiyyətlə üzləşəcəklər.Ermənistanda revanş haqqında düşünənlər Azərbaycanın dünyaya nümayiş etdirdiyi XXI əsrin müharibə nümunəsini unutmasınlar. Dövlətimizin başçısı birmənalı olaraq bildirib ki, Azərbaycanın işi haqq işidir və Qarabağ Azərbaycandır!

Aynur Həsənova,
YAP-ın gənc fəalı