23 fevral 2023 12:41
273

Xocalı soyqırımı bəşər tarixinin ən böyük cinayətlərindən biridir

Tarixin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 31 il ötür. Azərbaycanın Xocalı şəhəri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçıları tərəfindən yerlə-yeksan edilib. Erməni şovinistlərinin qəddarlıqla həyata keçirdiyi bu amansız və qanlı cinayətdə Xocalı şəhərinin sakinləri son anadək özlərini qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər. Ümummilli liderimiz Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönəlmiş ən qəddar soyqırımı kimi dəyərləndirərək deyirdi: “Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.Xocalı həqiqətlərinin bütün dünyanın diqqətinə çatdırılması, xalqımızın başına gətirilmiş bu müsibətin genosid aktı kimi qəbul edilməsi istiqamətində ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü sistemli tədbirlər, Heydər Əliyev Fondu tərəfindən reallaşdıran ”Xocalıya ədalət!” beynəlxalq kampaniyası əsl həqiqətləri dünyaya bəyan etdi.

2020-ci il sentyabrın 27-də başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı sayəsində düşmənin darmadağın edilməsi, şanlı qələbənin qazanılması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi və üçrəngli bayrağımızın doğma Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı şəhidlərinin qanı yerdə qalmadı.

Xocalı soyqırımına hüquqi qiymətin verilməsinin və ermənilərə qarşı beynəlxalq hüquqi iddialarla çıxış edilməsinin bir sıra mühüm məqamları vardır. Çünki, hazırda malik olduğumuz mövcud resurslar – təkmil dövlət siyasəti, qəbul olunmuş beynəlxalq hüquqi aktlar və dövlətdaxili qanunvericilik, diplomatik şərait, respublikamızın sahib olduğu real hərbi-iqtisadi güc, xüsusilə ölkəmizin 2016-cı ilin aprel döyüşlərindəki qalibiyyəti və Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı dövlət başıçsı tərəfindən atılan konseptual addımlar, nəhayət 44 günlük müharibə və qazanılan Zəfər Xocalı hadisələrinin soyqırım kimi tanıdılmasına, eyni zamanda Ermənistanın digər beynəlxalq cinayətlərinin hüquqi cəhətdən qiymətləndirilməsinə tam əsas verir və imkan yaradır.

Rəna Süleymanlı,
YAP-ın gənc fəalı