23 fevral 2023 13:08
2784

Qana boyanmış gecə

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmi., onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu…Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı - əsas hədəf

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əskəran -Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə hava limanı da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi adibələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri - daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada memarlıq abidələri - dairəvi qəbir (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti-türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndindən qovulmuş azərbaycanlıların bəziləri şəhərdə məskunlaşmışdılar. Sonralar erməni tərəfi etiraf etmişdir ki, erməni silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əskəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan hava limanının ələ keçirilməsi idi.

"Xocalı platsdarmının məhv edilməsi" sözlərinə diqqət yetirin. İndi söylənilən bu ifadə ermənilər tərəfindən törədilmiş qanlı qırğının, kütləvi surətdə uşaqların, qadınların, qocaların məhv edilməsinin səbəbini aydın göstərir.

Xocalı 1991-cı ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin həlakından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu. Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.

Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-cı alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu, məkrli hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləborana tutulmuşlar. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əskəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilmişdir. Bu hadisələr regiona İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin vasitəçilik missiyası ilə səfəri günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın hakimiyyət rəhbərləri ilə görüşmüş və fevralın 27-də Qarabağa, sonra isə Ermənistana səfər planlaşdırırdı. Bununla əlaqədar olaraq tərəflərin razılığı ilə fevralın 27-dən martın 1-dək üçgünlük atəşkəs elan edilmişdi. Ermənilər ona məhəl qoymadılar və vədlərinə xilaf çıxdılar.

Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik və Əməkdaşlıq Şurasının missiyasının vəziyyətlə tanışlıq və münaqişənin tənzimlənməsi məsələlərinin təhlili məqsədilə Qarabağa gəldiyi zaman da baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər etməli idi. Məhz fevralın 12-də erməni silahlı dəstələri tərəfindən Şuşanın Malıbəyli və Quşçular kəndləri qarət edilmiş və yandırılmışdır, təkcə Malıbəylidə 50 nəfər öldürülmüş, yaralanmış və əsir götürülmüşdür. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular.

Fevralın 28-də tərkibində yerli jurnalistlər də olan qrup 2 vertolyotla azərbaycanlıların həlak olduqları yerə çata bildilər. Gördükləri mənzərə hamını dəhşətə gətirdi - düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə baxmayaraq, ermənilərin güclü atəşi altında ancaq 4 meyiti götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin iştirakı ilə hadisə yerində daha da dəhşətli vəziyyət müşahidə olunmuşdur. Meyitlərin skalplarının götürülməsi, qulaqlarının və digər orqanlarının kəsilməsi, gözlərinin çıxardılması, ətrafların kəsilməsi, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırılma halları aşkar edilmişdir.

Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər.

366-cı alay Xocalı soyqırımında 366-cı alayın rolunu xüsusi qeyd etmək lazımdır. Bu alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak etmişdir. Alaydan qaçmış hərbiçilərin ifadələri bu faktları sübut edir və hərbi hissənin şəxsi heyətinin mənəvi durumu və münasibətləri haqqında təsəvvür yaradır. 366-cı alayın təcili surətdə Xankəndidən çıxarılması da bu alayın Xocalı hadisələrində iştirakını sübut edir.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdır ki, guya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçı əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldılar. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Beləliklə də gələcəkdə Azərbaycana qarşı cinayətlərin törədilməsi, separatçılıq hərəkətlərinin davam etdirilməsinə rəvac verildi. Bunun özü də Xocalı soyqırımında birbaşa iştirakın sübutudur!Erməni silahlı dəstələri və 366-cı motoatıcı alayın şəxsi heyəti Azərbaycanın yaşayış məntəqələrinin atəşə tutulmasında iştirak etmiş üzvləri Xocalı şəhərində törədilmiş vandalizmin əsas cinayətkarlarıdır. Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların köməkçilərinin hərəkətləri insan haqlarının kobud pozulması, beynəlxalq hüquqi aktlara - Cenevrə konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və siyasi hüquqlar barədə Beynəlxaq Saziş, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi Bəyannaməsinə həyasızcasına məhəl qoyulmamasıdır.

Bu faciədə həmçinin, Azərbaycanın o vaxtkı siyasi və hərbi rəhbərliyi də günahkardır. Ayaz Mütəllibov Azərbaycanın Prezidenti və Ali Baş Komandanı olaraq ölkənin ərazi bütövlüyünün, təhlükəsizliyininn və onun vətəndaşlarının mühafizəsinin təminatçısı kimi Qarabağda,o cümlədən Xocalıda baş verən hadisələrin qarşısının alınması üçün zəruri olan tədbirləri görməmişdir. Ölkənin ali vəzifəli şəxsi kimi Konstitusiya qaydasının, ərazi bütövlüyünün, insanların hüquq və azadlıqlarının müdafiəsini təmin edə bilmədi. Onlar hətta qırğın baş verəndən sonra, xalqın qəzəbindən qorxaraq acı həqiqəti bilməkdən çəkindilər və erməni silahlı cinayətkarlarının törətdikləri azğınlıqların həqiqi miqyası barədə məlumatlar gizlədildi.

Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaqdır.

Ümummilli lider Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman vermişdir. Azərbaycan Respublikasının Milli Məclisinin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunmuş, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilmişdir.

25 fevral 1997-ci ildə "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" ulu öndər Heydər Əliyev tərəfindən Fərman verilmişdir. Hər il 26 fevralda ölkə başçısı "Xocalı Soyqırımı" ilə əlaqədar xalqa müraciət edir.

Orxan İsmayılov,
YAP Xətai rayon teşkilatının fəalı