17 fevral 2023 00:36
1032

NAXÇIVAN TEATRININ İNKİŞAF YOLU

NAXÇIVAN TEATRI – 140

“Yaxın Şərqin ən qocaman sənət ocaqlarından biri olan Naxçıvan teatrı çox şərəfli bir yol keçmişdir. Teatr bu gün də zəngin yaradıcılıq ənənəsini şərəflə davam etdirir”.

ULU ÖNDƏR HEYDƏR ƏLİYEV

Naxçıvanın teatr-sənət ictimaiyyəti 2022-ci ilin aprelində fərəh və qürur doğuran bir xəbər aldı. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına milli mədəniyyətin təbliği sahəsində müstəsna xidmətlərinə, uzun illər səmərəli fəaliyyətinə, ölkə daxilində və xaricdə əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 26 aprel tarixli qərarı ilə “milli” statusu verildi. Bu qərar qocaman sənət ocağının uzunillik fəaliyyətinə (140 illik yubileyi ərəfəsində) göstərilən yüksək diqqətin, özünəməxsus ənənələri ilə Azərbaycan səhnə sənəti tarixində oynadığı rola verilən dəyərin təzahürüdür.  

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Azərbaycan tarixinə, elminə, ədəbiyyat və ictimai fikrinə çoxsaylı görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu şəxsiyyətlərin mühüm, tarixi xidmətlərinin nəticəsidir ki, bu qədim diyarda elmi, ədəbi, mədəni fikrin inkişafı bir çox dövrlərdə nümunə rolunu oynamışdır. Orta əsrlərdən bəri Azərbaycan incəsənətinin, mədəniyyətinin inkişafında Naxçıvan məktəbi aparıcı mövqedə olmuş, XIX əsrin sonu, XX əsrin əvvəllərindən etibarən naxçıvanlı mütərəqqi ziyalılar dövrün hadisələrinə, inkişaf və tərəqqisinə açıq gözlə baxdıqları üçün onlar bu diyarda maarif və mədəniyyətin inkişafı naminə xidmət göstərmiş, çətin, mübarizələrlə dolu bir şəraitdə teatrın yaranması, təşəkkülü sahəsində də səmərəli fəaliyyətləriylə inkişafa nail olunmuşlar. Bu işlərin gerçəkləşməsində Eynəli bəy Sultanov, Paşa ağa Sultanov, Qurbanəli Şərifov, Fərəculla və Nəsrulla Şeyxov qardaşları, Mirzə Ələkbər Süleymanov, Məmmədqulu bəy Kəngərli, Mirzə Cəlil Şürbi, Mirzalı bəy Bəktaşi və digərlərinin xidmətləri danılmazdır.

Naxçıvanda yuxarıda adları qeyd olunan mütərəqqi ziyalılar demokratik ideyaların xalq arasında yayılmasında Qori Müəllimlər Seminariyasında təhsil alan Mirzə Əliməmməd Xəlilov, Məmməd Xəlilov, Hüseyn Xəlilov, Ələsgər Şeyxov, Heydərqulubəy Muradəsilov, Mirzə Ələkbər Süleymanov, Cəlil Məmmədquluzadə və digər gənclərin yay tətilində doğma şəhərdə olmalarından da istifadə edirlər. 

Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə yazıçı, şair, dramaturq, publisist, tərcüməçi, pedaqoq, teatr xadimi, teatr tənqidçisi Eynəli bəy Sultanov 1882-ci ildə öz evində “Ziyalılar cəmiyyəti”ni təşkil edir, dövrün qabaqcıl yerli ziyalılarıyla, məsləkdaşlarıyla: Məhəmməd ağa Şahtaxtılı, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Baxşəli ağa Şahtaxtılı, Mirzə Əliməmməd Xəlilov, Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Ələkbər Xəlilov, Əsəd ağa Kəngərli, Qurbanəli Şərifov, Mirzə Məmməd Zamanbəyov, Nəsrulla və Fərəculla Şeyxov qardaşları ... əlaqə saxlayır və onları cəmiyyətə cəlb edir. Bu cəmiyyətdə dövrün ictimai-siyasi, qadın azadlığı, milli dünyəvi teatrın yaradılması haqqında məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır. Cəmiyyətdə vaxtaşırı elmi, ədəbi mübahisələr keçirilir, xalqı maarifləndirmək üçün mühüm səy göstərilir. Cəmiyyət üzvlərinin təşəbbüsü ilə 1883-cü ildə Naxçıvanda ilk olaraq “Naxçıvan (Şiə) Müsəlman İncəsənəti və Dram Cəmiyyəti” yaradılır. Cəmiyyətin üzvləri M.F.Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah” əsərini tamaşaya hazırlayır və tamaşanın göstərilməsinə icazə almaq üçün İrəvan Xalq Məktəbləri inspektoru U.V.Lovalnikova 1883-cü il aprel ayının 11-də teleqram göndərilir. 140 il bundan öncə dini xurafatın fironluq etdiyi bir əyyamda qədim Naxçıvan şəhərinin “Zaviyyə” məhəlləsində, Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun “Müsyö-Jordan və dərviş Məstəli şah” komediyası may ayının 11-də tamaşaya qoyulur və həmin gün Naxçıvan teatrının təvəllüd tarixinə çevrilir. Naxçıvan şəhərində göstərilən ilk tarixi teatr tamaşası o zaman burada yaşayan mürtəce ünsürləri, rus çinovnikləri və məmurlarını və onların yardımı ilə başqa ölkələrdən gəlmiş erməniləri “narahat” edir. Şəhər rəisi isə həmin mürtəce qüvvələrin “xalqın adından” verdiyi “şikayətlərini” nəzərə alaraq Azərbaycan dilində teatr tamaşaları göstərilməsini qadağan edir.

E.Sultanov bu “qadağaya” məhəl qoymayaraq “Tatarka” (“Azərbaycan qadını”) adlı əsərini rus dilində yazır və 1984-cü ilin fevralında Naxçıvan şəhər məktəbinin inspektoru Nikolayevin təşəbbüsü və yeniliyə can atan həvəskarların iştirakı ilə xeyriyyə məqsədilə rus dilində tamaşaya qoyur. Bundan sonra 1885-ci ildə yerli müəlliflərin “Kəl döyüşü” və “Üsuli-cədid” adlı vedovilləri, 1886-cı ildə M.F. Axundzadənin “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyası yoxsul şagirdlərin xeyrinə oynanılır. “Naxçıvan (Şiə) Müsəlman İncəsənəti və Dram Cəmiyyəti” üzvlərinin təşəbbüsü ilə məktəbi yaşada bilmək və yoxsul uşaqları məktəbə cəlb etmək məqsədilə 1887-ci ilin sentyabr ayının 2-də Naxçıvan şəhər məktəbinin ana dili və şəriət müəllimi Mirzə Sadıq Qulubəyovun vasitəsilə  M.F.Axundzadənin “Molla İbrahim Xəlil kimyagər” komediyası oynanılır. Tamaşada Cəlil Məmmədquluzadə – Molla İbrahim Xəlil, Əkbər Bəyalı oğlu Süleymanov – Şeyx Saleh, Məhəmməd Tağı Səfərəlibəyov (Sidqi) – Molla Həmid, Mirzə Əliməmməd Xəlilov – Hacı Kərim Zərgər, Mirzə Əhməd Hüseynov – həkim Ağazaman rollarını oynayırlar. Tamaşaya rejissorluğu C.Məmmədqulqzadə  və M.Ə.Xəlilov, sufliyorluğu isə M.S.Qulubəyov edir. Əsərin tamaşaya qoyulması haqqında 2 sentyabr 1887-ci ildə şəhər deputatı Starov tərəfindən Naxçıvan Qəza rəisinə raport göndərilir.

Dövrünün tanınmış ziyalısı Mirzə Əliməmməd Xəlilovun evində 1889-cu il mart ayının 27-də tamaşaya qoyulan “Müsyö-Jordan və Dərviş Məstəli şah” komediyasında isə əsas rolları Müsyö Jordan – Cəlil Məmmədquluzadə, Hatəm xan ağa – Əliqulu Sultanov, Məstəli şah – Mirzə Ələkbər Süleymanov, Şahbaz bəy – Ələsgər Şeyxov, Şərəfnisə – Mirzə Sadıq Xəlilov ifa edirlər. Tamaşanın rejissoru C.Məmmədquluzadə və E.Sultanov, suflyoru isə M.S.Xəlilov idi. Bu tamaşadan sonra ziyalılar bir-birinin ardınca Mirzə Fətəlinin “Lənkəran xanının vəziri”, “Xırs quldurbasan”, “Hacı Qara”, E.Sultanovun “Tatarka” (“Azərbaycan qadını”) pyesləri də tamaşaçılara göstərilir. M.F.Axundzadənin həmişəyaşar komediyalarının tamaşaya qoyulmasında Eynəlı bəy Sultanov, Mirzə Sadıq Qulubəyov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şurbi, Paşa ağa Sultanov və başqa ziyalılar əsl mənada fədakarlıq göstərirlər. Axundovun əsərləri XIX əsrin sonunda teatr sənətinin inkişafina güclü təkan verir. Ümumiyyətlə, 80-90-cı illər Axundov dramaturgiyasının təntənəsinə çevrilir. Mirzə Fətəlinin xalq həyatını bütün canlılığı və təbiiliyi ilə göstərən, illərin sınağından çıxmış həmişəyaşar komediyaları həm Naxçıvan teatrının, həm də realist aktyor sənətinin formalaşmasında, yetkinləşməsində son dərəcə böyük əhəmiyyətə malik olmuşdur.

XX əsrin ilk illərində Naxçıvan teatrının sənət iqlimində ciddi dönüş yaranır. Bakıda yaşayan teatr xadimləri ilə yaradıcılıq körpüsü salınır. Azərbaycan teatrının qüdrətli sənətkarları Sidqi Ruhulla, Zülfüqar Hacıbəyov, Cəlil Bağdadbəyov, Mirzağa Əliyev, Abbas Mirzə Şərifzadə, Mərziyə Davudova və digərlərinin tez-tez Naxçıvana gəlməsi və yerli aktyorlarla birlikdə tamaşalarda oynamaları teatrın professional səviyyəsini artırır.  

Naxçıvan teatrının yaranma tarixindən və onun bədii mənzərərsindən söhbət açanda Cəlil Məmmədquluzadənin adı iftixarla çəkilir. Onun ölməz pyesləri: “Ölülər”, “Anamın kitabı”, “Dəli yığıncağı”, “Qurbanəli bəy” teatrın ən qiymətli tamaşalarından olmuş və bu gün də teatrın repertuarında yer almaqdadır.

1917-ci ildə dahi sənətkar Rza Təhmasibin rejissorluğu ilə “Ölülər” əsəri yeni yaradılan “El güzgüsü” dram cəmiyyətində oynanılır və Naxçıvanın mədəni həyatda böyük sensasiyaya səbəb olur. Tamaşada qüdrətli aktyor Rza Təhmasibin və molla nəsrəddinçi şair Əliqulu Qəmküsarın məharətlə yaratdıqları İsgəndər və Şeyx Nəsrullah obrazları teatrın tarixinə qızıl hərflərlə yazılır. Naxçıvan teatrının təşəkkülündə R.Təhmasib böyük xidmətlər göstərmiş, “Ölülər”, “Arşın mal alan”, “Dağılan tifaq”, “Bəxtsiz cavan” kimi tamaşaları uğurla səhnəyə qoymuşdur. Adları çəkilən bu tamaşaların rəssamı böyük istedad sahibi Bəhruz Kəngərli olmuşdur. Qüdrətli sənətkar R.Təhmasib Naxçıvan səhnəsinə qız və qadınların cəlb edilməsində də xüsusi rolu olmuşdur. Məhz onun və görkəmli Azərbaycan yazıçısı Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə 1917-ci ildə (12 noyabr, cümə günü) Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası tamaşaya qoyulur. Bu tamaşada iştirak edən ifaçıların hamısı qız və qadınlar olmuşlar. Hətta kişi rollarını da məhz qadınlar oynamışlar. Bu hal Azərbaycan teatr tarixində ən qiymətli və unudulmaz və yaddaqalan hadisələrdən biridir. Məhz bu tamaşadan sonra naxçıvanlı qız və qadınların teatra marağı xeyli dərəcədə artmışdır.  

1912-1917-ci illərdə Naxçıvan teatrının səhnəsində “Müsyö-Jordan və dərviş Məstəli şah”, “Molla İbrahim Xəlil kimyagər”, “Hacı Qara”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəhləvanani-zəmanə”, “Qonşu qonşu olsa, kor qız ərə gedər”, “Nadir şah”, “Ölülər”, “Qırt-qırt”, “Daşım-daşım”, “Molla Cəbi”, “Məşədi İbad”, “Ər və arvad”, “Arşın mal alan”, “Evliykən subay”, “50 yaşında cavan” və digər tamaşalar yerli dram həvəskarları və eləcə də Naxçıvana qastrola gələn Bakı və Tiflis teatrlarının aktyorları tərəfindən göstərilir.

Həmin illərdə çar xəfiyyə idarəsi bütün Zaqafqaziyada, o cümlədən Naxçıvanda müsəlman ziyalıları üzərində ciddi nəzarət qoyur, məktəbi, teatrı, maarif müəssisələrini bağlayır, bu sahədə göstərilən hər bir kiçik təşəbbüsü belə qadağan edirdi. Odur ki, həmin dövrdə naxçıvanlı ziyalılar məktəb, teatr binası tikdirməyə cəhd göstərsələr də, buna nail ola bilmirlər. Xəfiyyə idarəsi isə “Naxçıvan (Şiə) Müsəlman İncəsənəti və Dram Cəmiyyəti”nin fəaliyyətinə qadağa qoyur. Lakin, həmin illərdə xəfiyyə idarəsinin qadağaları və təqibləri, həbslər, sürgünlər Naxçıvanda çox güclü olan ziyalılar dəstəsini, xüsusilə də teatr həvəskarlarının fəaliyyətlərini dayandıra bilmir. Teatr həvəskarları inadla öz fəaliyyətlərini gah Naxçıvanda, gah da Təbrizdə davam etdirirlər.   

1921-ci ilin axırlarında Naxçıvanın Fövqaladə Komissarı Bahadır Vəlibəyovun təşəbbüsü ilə Naxçıvanda həvəskar qadınlar tərəfindən Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası yenidən tamaşaya qoyularaq qadınlara göstərildi.

XX əsrin iyirminci illərində Naxçıvan teatrının ab-havasında, sənət iqlimində ciddi dönüş əmələ gəldi. Aktyorlar vahid truppada birləşdi. Naxçıvan Xalq Komissarlar Sovetinin 21 yanvar 1922-ci il tarixli qərarı ilə Milli teatrın qanun layihəsi təsdiq edildi. Naxçıvan Xalq Maarif Komissarlığının 8 fevral 1922-ci il tarixli 28 nömrəli əmri ilə Naxçıvan ölkəsində teatr işlərini idarə etmək üçün sənaye nəfsə (incəsənət) şöbəsi (Dövlət teatrolar direktoriyası) yaradılır. Həmin şöbəyə Həsən Səfərov sədr, Həmid Mahmudov və Əli Xəlilov üzv təyin olunurlar.  Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin qərarı əsasında 1923-cü ildə Naxçıvanda teatrın yaranmasının 40 illiyi ilə əlaqədar teatrın binası əsaslı  təmir edildi və Milli teatr Naxçıvan Dövlət Dram Teatrı adlandırılır. Həmin il teatrın repertuarına “Pəri cadu”, “Laçın yuvası”, “Pəhləvanani-zəmanə”, “Ağa Məhəmməd şah Qacar”, “Arşın mal alan”, “Məşədi İbad”, “Əlli yaşında cavan” kimi əsərlər salınır. Teatrın tərkibi Həsən Səfərov, Həmid Mahmudov, Rza İsfəndiyarlı, Əyyub Abbasov, Səməd Allahverdiyev, Mirhəsən Mirişli, Heydər Muradov, Heydər Məmmədov, Ə.Rzayev, M.Ə.Cəlalov, Rza Vəzirov, Cümşüd Zülfüqarlı, Əsəd Cəfərov (Cəfərzadə), Məşədi Abdulla Sultanov, Seyid Səbrı, Teymur Qasımov, M.Ə.Abuzərli kimi gənclərin hesabına daha da güclənir. Onlardan bir çoxu talelərini həmişəlik Naxçıvan teatrına bağlayırlar.  

Naxçıvan teatrı 1930-1940-cu illərdə iki istiqamətdə-həm romantik, həm də realist səpgidə formalaşmağa başlayır. H.Cavidin və C.Cabbarlının pyesləri teatrının repertuarında xüsusi mərhələ təşkil edir. Bu dramaturqların əsərləri bir çox aktyor və rejissorların – Səməd Mövləvi, İbrahim Həmzəyev, İsa Musayev, Əyyub Haqverdiyev və Zəroş Həmzəyeva kimi sənətkarların ərsəyə gəlməsində mühüm rol oynayir.    

Müqtədir sənətkar Sidqi Ruhulla 1931-1933-cü illərdə Naxçıvan teatrının direktoru və baş rejissoru vəzifəsində çalşdığı zaman teatrın eləcə də, aktyorların mənəvi cəhətdən inkişafında əvəzolunmaz xidmətlər göstərir. Onun uğurla tamaşaya qoyduğu “Otello”, “Qaçaqlar”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Hacı Qəmbər”, “Hacı Qara” tamaşaları özünün profesionsal həlli ilə diqqəti cəlb etdir.  

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin anadan olmasının 125 illiyi münasibəti ilə İsa Musayevin quruluşunda “Hacı Qara” komediyası 1938-ci ilin martında tamaşaya qoyuldu. Tamaşada Sadıq Həsənov (Hacı Qara), Səməd Mövləvi (Heydər bəy), Əyyub Haqverdiyev (Kərəməli), Firuzə Əlixanova (Tükəz), Xədicə Qazıyeva (Sona), Rza Tumbullu (Naçalnik), Əyyub Abbasov (Həsən ağa, Ohan və Sərkis) yaratdıqları  obrazlar diqqəti cəlb edir. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin 26 dekabr 1938-ci il tarixli qərarı ilə Naxçıvan Dövlət Dram Teatrına Mirzə Fətəli Axundzadənin adı verilir. Teatrın yaradıcı kollektivi bu şərıfli adı doğrultmaq üçün repertuarını orijinal əsərlərlə zənginləşdirir.

Müharibə illərində Naxçıvanın teatrı repertuarında qəhrəmanlıq və vətənpərvərlik ideyalı əsərlərə üstünlük verməklə tamaşaçılarda Vətənə məhəbbət, düşmənlərə qarşı nifrət hissləri aşılanır. S.Vurğunun “Fərhad və Şirin”, R.Rzanın “Vəfa”, Z.Xəlilin “İntiqam”, M.Təhmasibin “Aslan yatağı”, K.Simonovun “Vətən oğlu”, V.Şekspirin “Otello”, A.Şaiqin “Vətən” əsərləri, Ü.Hacıbəyovun “Arşın mal alan”, “O olmasın, bu olsun” ... opera və operettaları İ.Həmzəyev, İ.Musayev və S.Mövləvinin quruluşlarında tamaşaya qoyulur.   

Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illik yubileyi münasibəri ilə (1964) teatr böyük dramaturqun adını daşımaqla Naxçıvan Dövlət Müsiqili Dram Teatrı adlandırılır. Teatrın repertuarına dramaturqun “Anamın kitabı” əsəri daxil edilir. Əsər 1965-ci ilin dekabr ayında tamaşaya qoyulur. Həmin ilin iyul ayında teatr Bakı şəhərində geniş və tələbkeş tamaşaçı qaşısında K.Ağayevanın “Məhsəti”, H.Razinin “Odlu diyar”, C.Əmirovun “Sahil əməliyyatı” əsərlərinin tamaşalarını müvəffəqiyyətlə nümayiş etdirir.

Naxçıvan teatrında yeniliyə həmişə güclü meyil olmuş, xüsusən 1970-1980-cı illərdə teatrın bədii həyatında ciddi dönüş yaranmışdır. Repertuara daxil edilən əsərlərə qismən nəzər salsaq bunu aydınlığı ilə görə bilərik. Anarın “Adamın adamı”, Rüstəm İbrahimbəyovun  “Yaşıl qapı arxasında”, “Kabinet əhvalatı”, İmran Qasımovun “Nağıl başlandı...”, Ramiz Rövşənin “Dərs”, Ramiz Heydərin “Bahar qız”, Loğman Rəşidzadənin “Toya bir gün, bir gunorta qalmış”, Cahan Əfruzun “Qanqın böyük dalğası”, Andrey Makayenokun “Tribunal”, Oralxan Bokayevin “Yetkinlər”, Georqi Midivaninin “Vətən namusu”, “Konsulu oğurladılar”, Nodar Dumbadzenin “Darıxma ana”, Georgi Xuqayevin “Arvadımın əri”, “Mənim qayınanam”, Raymond Kauqverin “Ağır cəza”, Çingiz Aytmatov və Kaltay Məhəmmədcanovun “Füdzi dağında qonaqlıq” və s. tamaşalar özünün əxlaqi-etik problemi, müasirlik duyğusu, ən başlıcası isə maraqlı rejissor-rəssam təsviri və yaddaqalan aktyor oyunu ilə diqqəti çəlb edir.   

Teatrın 100 illik yubileyi 1987-ci il iyunun 13-də təntənə ilə qeyd edildi. Yubiley tədbirində Zaqafqaziyanın və eləcə də ittifaqın müxtəlif sənət adamları iştirak etdi. Yubileyi münasıbəti ilə respublikanın müxtəlif qəzet və jurnallarında onların yazıları dərc edildi. “Sovet Naxçıvanı” qəzetinin 13 iyun 1987-ci il tarixli nömrəsi bütünlüklə teatrın yubileyinə həsr edildi. Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərinə və yaradılmasının 100 illiyi ilə əlaqədar Naxçıvan Dövlət Musiqili Dram Teatrı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edildi. Teatrın bir sıra əməkdaşları fəxri adlara layiq görüldü.

Naxçıvan teatr tarixinə diqqət yetirərkən samballı rejissor nəslinin – B.Naxçıvanski, R.Təhmasib, H.Səfərli, S.Mövləvi, K.Ziya, S.Ruhulla, Y.Yulduz, İ.Musayev, İ.Həmzəyev, Ə.Hüseynov, H.Ağayev, B.Qələndərli, V.Babayev, N.Sadıqzadə, V.Əsədov, Ə.Lalayev, K.Quliyevin maraqlı və yaddaqalımlı tamaşaları diqqəti cəlb edir.  

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Sankt-Peterburqda Ali rejissorluq təhslili alan, uzun illər İrəvan Azərbaycan Dövlət Dram Teatrında baş rejissor vəzifəsində işləyən Baxşı Qələndərli 1964-cü ildən ta ömrünün sonunadək Naxçıvan teatrında fəaliyyətini davam etdirmişdir. Onun quruluşunda hazırlanan K.Ağayevanın “Məhsəti”, B.Lavryonovun “Hücum”, A.Şirvanzadənin “Nakam qız”, V.İvanovun “Zirehli qatar-14-19”, S.Vurğunun “Vaqif”, C.Cabbarlının “Solğun çiçəklər”, H.Cavidin “Şeyx Sənan”, “Şeyda”, H.Razinin “Arxalı dağlar”, “Haray səsi”, Ə.Yusiflinin “Səadət naminə”, “Siz xoşbəxt yaşayın”, M.Tarverdiyevin “Qəmqüsar”, H.Fətullayevin “Alınmaz qala”, H.Dumbadzenin “Darıxma ana”, N.Nehrəmlinin “Qəmli günlər”, S.S.Axundovun “Laçın yuvası”, Ə.Yusifovun “Məhəbbət abidəsi”, K.Qoldoninin “Məzəli hadisə”... tamaşaları zəngin rejissor yozumu ilə diqqəti cəlb etmişdir.

Qədim sənət məbədinin tarixini araşdırarkən burada fəaliyyət göstərən isedadlı rəssamlar nəslinə də rast gəlirsən. XX əsrin əvvəllərində Naxçıvan teatrında tamaşaya hazırlanan əsərlərin əksəriyyətinin quruluşçu rəssamı böyük Azərbaycan boyakarı, istedadlı realist rəssam Bəhruz Kəngərli olmuşdur. O, 1912-ci ildən ömrünün sonuna qədər burada göstərilən tamaşaların səhnə tərtibatını böyük ustalıqla yaratmış, səhnəyə lazım olan dekor və pərdələr hazırlamışdır. Onun bədii quruluş verdiyi tamaşalar sırasına “Ölülər”, “Pəri cadu”, “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Hacı Qara”, “Müsibəti Fəxrəddin”... kimi klassik əsərlər daxildir. Bəhruz Kəngərli irsindən bəhrələnən rəssamlar Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Məmməd Qasımov, Yuran Məmmədov, Mircəlil Seyidov, Sabir Qədimov, Məmmədli İsmayılov, Hüseynqulu Əliyev, Əbülfəz Axundov, Səyyad Bayramov, Əli Səfərli və digərləri teatrda fəaliyyət göstərmiş, tamaşaya qoyulan əsərlərə uğurlu quruluşlar vermişlər. Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Məmməd Qasımov sözün əsl mənasında yüksək peşəkarlığı ilə fərqlənən görkəmli teatr rəssamı idi. O, 30 ildən artıq fasiləsiz Naxçıvan  teatrının baş rəssamı işləmiş, 105 tamaşaya quruluş vermişdir.

Naxçıvan teatrında bəstəkarlar da mühüm rol oynamışlar. Mənsur Sultanov, Tapdıq Hüseynov, Ənvər Hüseynov, Adil Kəngərli, Səfər Rəcəbli, Məmməd Cavadov, Məmməd Ələkbərov, Rəşid Məmmədov, Ramiz Mirişli, Nəriman Məmmədov, Yüsif Əsgərov, Şəmsəddin Qasımov, Əkrəm Məmmədov, Əqidə Ələkbərova, Yaşar Xəlilov, Kamal Əhmədov... tamaşaya qoyulan əsərlərə maraqlı musiqilər yazmışlar.

Teatrının müstəqillik illərindəki qaynar fəaliyyətindən, yaradıcılıq uğurlarından bəhs edərkən kəmiyyət etibarı ilə keyfiyyət amilini də nəzərə alsaq gözlərimiz önündə böyük bir sənət panoramı canlanır. Bu illərdə teatr milli dramaturgiyanın klassik nümunələrinə geniş meydan verməklə, azərbaycançılıq ideyasının yayılmasına, milli mənəvi dəyərlərə üstünlük verir, atılan hər bir addım yalnız milli mənafeə xidmət etdiyinin şahidi oluruq. Bu uğurlar Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin apardığı prinsipial, sağlam mənəviyyatlı siyasi kursun bəhrələridir. Möhtərəm Heydər Əliyevin (3 sentyabr 1991) Muxtar Respublikanın Ali Məclisinə Sədr seçilməsi ilə Naxçıvanda bir çox sahələr kimi mədəni mühitdə də ciddi canlanma, dönüş yarandı. Bu qədim sənət məbədinə rəğbət bəsləyən ulu öndər Naxçıvan teatrını da düşdüyü burulğandan xilas edib onun dirçəlməsi və inkişafı qayğısına qaldı. Həmin ildə Əsgər Əsgərovun hazırladığı “Şəhidlər” (Rza Səməndər) pyesi dövrün diktəsindən irəli gələn mühüm amil idi. Tamaşanın ideya mərkəzində günahsız şəhidlərimizin faciəli taleyi təsvir olunurdu. Həmin rejissorun uğurla tamaşaya (1991) qoyduğu İslam Səfərlinin “Xeyir və Şər” pyesi  ictimai, sosial mahiyyəti ilə fərqləndi. C.Məmmədquluzadənin “Anamın kitabı”  özünün uğurlu səhnə həlli ilə (1992) xüsusi diqqət çəkdi. Gənc rejissor Vaqif Əhmədov müəllifin qarşıya qoyduğu ali məqsədi – azərbaycançılıq, bütöv Azərbaycan ideyasını ön plana çəkməklə tamaşanın təsir qüvvəsini, əxlaqi və etik dəyərlərini bir daha qüvvətləndirirdi. Tamaşanın finalında müstəqil Azərbaycanın üç rəngli bayrağının əzəmətlə dalğalanması birliyimizin sarsılmazlığına xidmət edirdi.  

Azərbaycan Milli Akademik Dram Teatrının rejissoru Mərahim Fərzəlibəyovun müstəqillik illərində Naxçıvan teatrı ilə yaradıcılıq əlaqəsi bu qədim sənət məbədində ciddi dönüş yaratdı. Onun tamaşaya qoyduğu Nəriman Həsənzadənin “Atabəylər” ( 10 may 1999 ) və “Pompeyin Qafqaza yürüşü” (16 aprel 2002) rejissorun  (Kamran Quliyev) yozumunda özünün layiqli səhnə həllini tapdı və teatrın yaradıcılıq imkanlarını bir daha aşkarladı. Tamaşalarda xalqımızın qəhrəmanlıq səhifəsi, yadellilərə qarşı apardığı mətin mübarizə tərənnüm olunurdu. Bədii vüsətli şeiriyyat, güclü dramatizm, zəngin və dolğun xarakterlər, hər iki pyesin ictimai-siyasi mahiyyətini bir daha qüvvətləndirirdi. “Atabəylər” tamaşası bərpa olunaraq Naxçıvan Muxtar Respublikası yaradılmasının 80 illiyi münasibəti ilə (14 may 2014) tamaşaya qoyuldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, dövlət nümayəndələri və qonaqlar tamaşaya baxdılar.

Vətənimiz müstəqilliyə qovuşduqdan sonra həyatımızın müxtəlif sahələrində olduğu kimi, mədəniyyət və incəsənət sahələrini öyrənmək, tədqiq etmək sahəsində də geniş şərait yaradıldı. Bu gün fəxrlə deyə bilərik ki, muxtar respublikanın tarixinin, mədəniyyətinin, ədəbiyyat və incəsənətinin öyrənilməsi elmi əsaslara söykənir. Bütün bu müsbət keyfiyyətlər ölkəmizdə bərqərar olan sağlam iqlimin, sosial-ictimai sabitliyin nəticəsi kimi qiymətləndirilir. Bu uğurlar müstəqil Azərbaycan dövlətinin yaradıcısı, xalqımızın Ümummilli lideri, əvəzolunmaz dahi şəxsiyyət Heydər Əliyevin siyasi kursunun uğurlu davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev teatr sənətinə böyük önəm verərək 2008-ci ilin yanvar ayının 31-də Azərbaycan teatr sənətinin inkişafında özünəməxsus yeri olan, xalqımızın mədəni və ictimai həyatında mühüm rol oynayan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin geniş şəkildə qeyd olunması üçün Sərəncam imzaladı. Ölkə Prezidentinin 25 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə  teatrın bir sıra aktyorları Prezident təqaüdü və mükafatına layiq görüldü, fəxri adlarla təltif olundu. Bu teatra göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi idi. Teatrın 125 illik yubileyi 2008-ci ilin sentyabr ayının 27-də təntənə ilə qeyd olundu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 19 fevral tarixli “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamı  teatrlarımıza dövlət tərəfindən göstərilən diqqət və qayğı idi. Ölkə Prezidentinin teatr sənətinin inkişafı ilə bağlı 2009-cu il 18 may tarixli Sərəncamına əsasən “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı hazırlandı. Bu proqramda Azərbaycan xalqının ictimai-siyasi həyatında, milli mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynayan Azərbaycan teatrlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq imkanlarının  inkişaf etdirilməsi, habelə teatr sisteminin daha da yaxşılaşdırılması məqsədi ilə tədbirlərin hazırlanıb həyata keçirilməsi nəzərdə tutulmuşdur. Dövlət Proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən teatrlarda xeyli sayda layihələr gerçəkləşdirildi, əhəmiyyətli işlər görüldü. Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının binası əsaslı surətdə yenidən qurularaq ictimaiyyətin ixtiyarına verildi.  

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında 14 yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev Sərəncam imzaladı. Sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır. Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.

Naxçıvan teatrının müstəqillik illərində əldə etdiyi nailiyyətlər böyükdür. Teatrın bu illərdəki fəaliyyəti, yaradıcılıq uğurları istər-istəməz tamaşaçılarda qürur hissi doğurur. Aparılan tədqiqatlardan məlum olur ki, 1991-2023-ci illərdə teatrda yüzdən artıq əsər (həmin tamaşalardan altmışa yaxını ilk dəfə) uğurla tamaşaya qoyulub, müsbət səhnə həllini tapıb. Məhz bu illərdə teatr milli dramaturgiyanın klassik nümunələrinə geniş meydan verməklə, qan yaddaşımıza, soy kökümüzə, milli şüurun formalaşmasına,  azadlıq uğrunda mübarizəyə həsr edib, ictimai geriliyi və cəhaləti qamçılayıb, göstərdiyi hər birr tamaşa yalnız milli mənafeyə xidmət edib.    

Naxçıvan Dövlət Milli Dram Teatrı 140-cı mövsümünü oktyabrın 24-də Hüseyn Cavidin “Topal Teymur” əsərinin tamaşası ilə açdı. Yeni mövsümdə muxtar respublikanın şəhər və rayonlarında Elçinin “Teleskop”, H. Cavidin “Topal Teymur”  əsərlərini zəhmətkeşlərə təqdim etdi. Bu il 140 yaşlı qocaman sənət ocağında A.Babayevin “Xilaskar” (quruluşçu rejissor Xalq artisti Kamran Quliyev), M.F.Axundzadənin “Lənkəran xanının vəzirinin sərgüzəşti” (quruluşçu rejissor Həcərxanım Məmmədova) tamaşalarının stolarxası, Həmçinin türkiyəli dramaturq Ü.Görgülünün “Cibimizdəki dəlilik” (quruluşçu rejissor Səməd Canbaxşiyev) məşqləri gedir. Tamaşaların mart və may ayında göstərilməsi planlaşdırılmışdır. Eyni zamanda, il ərzində Elçinin “Şekspir”, J.B.Molyerin “Skapenin kələkləri” tamaşalarının da hazırlanması nəzərdə tutulmuşdur. “Milli” statuslu Naxçıvan teatrının kollektivinə bundan sonra da yaradıcılıq uğurları arzulayırıq.

Əli Qəhrəmanov,
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent