 
                    Dünya azərbaycanlılarının vahid ideologiya ətrafında birləşməsi Ulu Öndərin adı ilə bağlıdır
Milli birlik və həmrəylik ideyası sivil insan cəmiyyəti formalaşandan mövcud olmuş, mürəkkəb mərhələlərdən keçərək təkmilləşmiş, hər bir xalqın vahid məqsədlər ətrafında birləşməsində mühüm rol oynamışdır.
Dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, xalqımızın siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacibdir. Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal uğrunda birləşməsi, həmrəylik nümayiş etdirməsi tarixi missiya, dövrün tələbidir. Bunun üçün ilk növbədə dünyanın müxtəlif ölkələrində, Vətəndən uzaqda yaşayan azərbaycanlılar arasında fikir, əməl birliyinin yaradılması, möhkəmləndirilməsi son dərəcə zəruridir.
Azərbaycanda diaspor quruculuğu və dünya azərbaycanlılarının təşkilatlanması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider gənc, müstəqil dövlətimizin xarici siyasətində Azərbaycan lobbisi probleminin həllini vacib məsələlər sırasına daxil etmişdir. Ulu öndər Heydər Əliyevin çoxsaylı xarici səfərləri zamanı vaxt azlığına baxmayaraq Azərbaycan diasporu ilə keçirdiyi səmimi görüşləri onun bu məsələyə hansı səviyyədə diqqət və qayğı ilə yanaşdığının göstəricisidir. Bu görüşlər zamanı söylənilən fikirlər yalnız həmin ölkələrdə yaşayan soydaşlarımız üçün deyil, dünya azərbaycanlılarının milli həmrəyliyi, özünüdərki və mənəvi bağlılığı istiqamətində atılan ən mühüm addımlardır və dahi rəhbərimiz bununla xaricdə diaspor təşkilatlarının formalaşmasının vacibliyini, lobbiçilik fəaliyyətimizin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir.
Sovetlər birliyinin dağılması və Azərbaycanın dövlət müstəqilliyini qazanması diaspor fəaliyyətinə mühüm canlanma gətirdi. Baş verən qlobal siyasi hadisələr, mənfur qonşularımızın əsassız torpaq iddiaları nəticəsində yaranan o zamanki Qarabağ problemi, bir milyondan artıq soydaşımızın öz doğma yurdlarından didərgin düşməsi, respublikamıza və xalqımıza qarşı məkrli siyasi, ideoloji, hərbi təxribatlar planının bütün vasitələrlə hərəkətə gətirilməsi, 20 Yanvar, Xocalı soyqırımları kimi amillər xaricdə yaşayan həmvətənlərimizin ictimai fəallığının artmasını şərtləndirdi. Soydaşlarımızın bir qismi yeni tarixi situasiyaya uyğun olaraq məhdud dərnəkçilik səviyyəsindən çıxmağa və milli-siyasi yöndə təşkilatlanmağa başladılar. Buna görə də Heydər Əliyevin Almaniyaya səfərlərinin birində Bonn şəhərində soydaşlarımızla görüşdə söylədiyi dərin məzmunlu, proqram xarakterli nitqində müdrik tövsiyələrindən biri məhz fikir, əməl birliyinə aid idi: “... Mən demirəm ki, 40 milyon azərbaycanlının hamısı bir yerə yığışsın, bu, heç lazım da deyil. Ancaq hamısının qəlbi, fikri, gələcəyə baxışı və Azərbaycan haqqında fikirləri bir olsa, əlbəttə ki, respublikamız da öz müstəqilliyini bundan sonra daha da möhkəmləndirər, inkişaf yolunu məharətlə keçə bilər... Mən Azərbaycanın Prezidenti kimi, xalqımızın mənə göstərdiyi etimada güvənərək respublikamıza rəhbərlik edən bir şəxs kimi bu gün deyirəm. Azərbaycanın özündə də bu günümüzün, gələcəyimizin zəmanəti rəhni birlikdir və bütün dünyada da soydaşlarımızın bir olması vacibdir.”
Bu bir həqiqətdir ki, o vaxtadək Azərbaycana rəhbərlik edənlər xaricdə yaşayan soydaşlarımızın problemlərinin həlli məsələsinə ümummilli lider Heydər Əliyev qədər önəm verməmişdir. Məhz dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra istər daxildə, istərsə də qürbətdə yaşayan soydaşlarımız arasında milli Azərbaycan dövlətçiliyinin varlığına və gələcəyinə inam yaranmış, onların Vətənlə əlaqələri genişlənərək ardıcıl xarakter almışdır.
Müxtəlif ölkələrdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələrinin daha da möhkəmləndirilməsi, onların arasında həmrəyliyin təmin olunması, habelə icmalar, cəmiyyət və birlikərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi mühüm bir zərurət idi. Ulu öndər Heydər Əliyevin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 23 may 2001-ci il tarixli Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətlənmiş böyük bir addımdır. Həmin il noyabrın 9-10-da Bakıda keçirilən tədbirdə 36 ölkədən 200-dən çox təşkilatı təmsil edən 406 nümayəndə və 63 qonaq iştirak etmişdi. Qurultayda, həmçinin Azərbaycanın 130-dan çox dövlət və ictimai qurumundan, müxtəlif təşkilatlardan, 25 siyasi partiyadan 702 nümayəndə və 844 qonaq təmsil olunmuşdur. Bu qurultay xaricdə soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addım, gələcəyə istiqamətlənmiş önəmli tədbirlərdən biri kimi yadda qaldı. Qurultayda xaricdəki həmvətənlərimizlə sistemli işin aparılmasını təmin etmək, milli birliyin möhkəmləndirilməsini təşkil etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası irəli sürüldü. Heydər Əliyevin 2002-ci il iyulun 5-də “Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” Fərmanı və 2002-ci il dekabrın 27-də “Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında” Qanunu imzalaması Azərbaycan diasporunun fəaliyyətinin koordinasiya edilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunması, onların təşkilatlanması baxımından ciddi rol oynadı. 2006, 2011, 2016-cı illərdə Bakı şəhərində Dünya Azərbaycanlılarının İkinci, Üçüncü və Dördüncü qurultaylarının keçirilməsi, müasir dövrün tələbləri nəzərə alınaraq, Prezident İlham Əliyevin 2008-ci il noyabrın 19-da imzaladığı müvafiq Sərəncamla Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılması da məhz zərurətdən irəli gəlir və bu sahənin inkişafına öz töhfəsini verirdi.
2022-ci il aprelin 22-23-də Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında (Zəfər Qurultayı) 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Hazırda dünya üzrə qeyri-rəsmi statistikaya görə sayı 60 milyona çatan azərbaycanlıların qitələr üzrə yayılma arealı genişlənib və təşkilatlanma prosesi buna uyğun olaraq dərinləşib. Azərbaycan diasporunun əhatə dairəsi böyüyüb. Bu gün 80-ə yaxın ölkədə azərbaycanlılarla rabitə əlaqəsi qurulub. Müqayisə üçün qeyd edək ki, Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən nümayəndələr təmsil olunub. Eləcə də təşkilatlanma diqqətdə saxlanılıb, ötən Qurultayda Azərbaycanın 462 diaspor təşkilatı fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 570-ə çatıb.
Qeyd olunan tədbirlər yalnız bir məqsədə - diaspor qarşısında duran vəzifələri müəyyən etməyə, lobbiçiliyimizi qurmağa, xarici ölkələrdə yaşayan azərbaycanlıların sosial, mənəvi, iqtisadi fəaliyyətinə və diaspor təşkilatlarının mütəşəkkil qüvvə kimi təşkilatlanmasına dəstək vermək, eyni zamanda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün fəaliyyət istiqamətlərini müəyyən etməyə xidmət etmişdir.
Vətən müharibəsi bir daha ölkə əhalisi ilə yanaşı, xaricdə yaşayan azərbaycanlılar da doğma Azərbaycan naminə bu günü və sabahı üçün mütəşəkkil qüvvəyə çevrildiyini göstərdi. Dövlətin diqqət və qayğısı sayəsində əldə olunmuş bu böyük nailiyyət Azərbaycanın ata-babalarımızdan qalan irsini göz bəbəyi kimi qorumaq və gələcək nəsillərə ötürmək üçün ruh yüksəkliyi verir. Nəticədə Azərbaycan məhdud çərçivədə deyil, sərhədləri aşaraq dünyanın beş qitəsində nüfuzunu gündən-günə möhkəmləndirməyə və qürbətdə yaşayan övladlarının hərtərəfli himayə edə biləcək gücə qadirdir. Məhz görülən əməli işlərin nəticəsində indi Azərbaycan diasporu çiçəklənmə dövrünü yaşayır və palitrası zənginləşir.
Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun üzvləri ilə görüşlər keçirir, onların qayğı və problemləri ilə maraqlanır, mövcud problemlərin həll edilməsi üçün müvafiq tapşırıqlar verir. Bu gün Azərbaycanda dövlət quruculuğu prosesi uğurla davam etdirilir. Qazanılan siyasi və iqtisadi uğurlar həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımızın həyatında özünü göstərmiş, onların doğma vətənlərinə bağlılığını artırmışdır. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı xalqımızın ən qiymətli mənəvi-ideoloji sərvəti sayılan milli birliyə nail olmaq və dövlətçiliyimizin daha da möhkəmləndirilməsi uğrunda bütün güc və bacarığını səfərbər etməyə borcludur. Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi: “Bizim bir Vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi.”
Cavid Əkbərov, “İki sahil”