20 yanvar 2023 20:21
810

Uğurlu iqtisadi inkişaf modeli

Azərbaycan qlobal məsuliyyətini yüksək səviyyədə dərk etdiyini əməli addımlarla nümayiş etdirən, bəşəriyyəti narahat edən çağırışlara qarşı birgə mübarizəni, humanizm prinsiplərini təşviq edən bir ölkə kimi beynəlxalq münasibətlər sistemindəki mövqeyini getdikcə daha da gücləndirməkdədir. Bu isə öz növbəsində dövlətimizin başçısının yalnız Azərbaycanın deyil, bütövlükdə bəşəriyyətin gələcəyinə münasibətdə aydın baxış bucağına malik olduğunu göstərir. Azərbaycan daşıdığı yüksək dəyərləri Prezident İlham Əliyevin liderliyi sayəsində qlobal müstəviyə çıxarır və ölkəmizin timsalında qlobal məsuliyyətliliyin yeni nümunəsini yaradır.

Birləşmiş Ərəb Əmirlikləri iqtisadi potensialına görə, təkcə Ərəbistan yarımadasının deyil, bütövlükdə Yaxın Şərqin lider dövlətlərindəndir. BƏƏ-nin Ümumdaxili Məhsulun (ÜDM) həcminə görə dünya dövlətləri arasında yeddinci yerdə olması, iqtisadiyyatının sürətlə böyüməsi, dünyanın ən önəmli biznes mərkəzlərindən biri kimi qlobal iqtisadi proseslərdəki rolunun getdikcə daha da güclənməsi, bu ölkənin beynəlxalq iqtisadi-siyasi proseslərdəki rolunu daha da artırır. BƏƏ-ni Azərbaycan üçün cazibədar edən amillərdən biri də sözügedən ölkənin iqtisadi inkişaf modeli ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatların mahiyyətinin uzlaşması, logistika, yaşıl enerji, enerji və nəqliyyat dəhlizlərinin diversifikasiyası istiqamətində gerçəkləşdirilən layihələr arasında paralellərin olmasıdır.

  Qarşılıqlı münasibətlərin mövcud vəziyyətini və inkişaf perspektivlərini nəzərdən keçirərkən, BƏƏ-nin Azərbaycanın ərazi bütövlüyünə münasibətdə hər zaman prinsipial mövqe sərgilədiyini, BMT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təsisatlarda ölkəmizin ədalətli mövqeyini müdafiə etməsini, 44 günlük müharibədə ölkəmizə verdiyi dəstəyi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən quruculuq-bərpa işlərində BƏƏ şirkətlərinin iştirakını və digər bu kimi mühüm məqamları da xüsusi qeyd etmək lazımdır. Siyasi ekspert bildirib ki, Azərbaycan isə BƏƏ üçün Avropa və Mərkəzi Asiya regionunda, enerji və nəqliyyat dəhlizlərinin qovşağında mühüm geostrateji mövqeyə sahib olan bir ölkə kimi önəmli tərəfdaşdır və qarşılıqlı münasibətlər yüksələn xətt üzrə inkişaf etməkdədir.

Qarşılıqlı münasibətlərinin mövcud səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin BƏƏ də daxil olmaqla Ərəb Liqasına üzv ölkələrlə əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətin müstəsna rolu var. Şübhə etmirəm ki, Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri qarşılıqlı əlaqələrin inkişafına böyük töhfə verəcək, ölkəmizə sərmayələrin cəlb edilməsi istiqamətində atılan addımları daha da sürətləndiriəcək.

Əbu-Dabidə keçirilən Davamlılıq Həftəsi bu ilin noyabr-dekabr aylarında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransı (COP28) ərəfəsində davamlı inkişafın əsas prioritetlərinə yönəlmiş bir sıra yüksək səviyyəli sessiyaları əhatə edir. Bu xüsusda, Prezident İlham Əliyevin sözügedən tədbirə dəvət alması, qlobal əhəmiyyət kəsb edən istiqamətləri əhatə edən məsələlərlə bağlı nitq söyləməsi, şübhəsiz ki, dövlətimizin başçısına, bütövlükdə isə ölkəmizə olan yüksək etimadlı münasibətin növbəti göstəricisi kimi qiymətləndirilməlidir.

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi (“ADSW”) başlayıb. Qlobal problemlərin yalnız inklüziv iştirak yolu ilə həll oluna biləcəyinə dair möhkəm inam əsasında qurulan bu platforma davamlı inkişafı təmin edəcək iqlim fəaliyyəti və innovasiyaları müzakirə etmək üçün dövlət başçıları, siyasətçiləri, sənaye liderləri, investorlar, sahibkarlar və gəncləri bir araya gətirir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” energetika şirkəti tərəfindən dəstəklənən bu qlobal təşəbbüs iqtisadi, sosial və ekoloji tərəqqiyə yardım edəcəyi gözlənilir.

Əslində, belə tədbirlərə dəvət həm də ikitərəfli əməkdaşlığın, münasibətin göstəricisi sayıla bilər.

Tədbirin açılış mərasimində Prezident İlham Əliyev və Cənubi Koreya Prezidenti Yun Suk Yolun fəxri qonaq qismində çıxış etməsi dövlət başçısı və ölkəmizin beynəlxalq nüfuzu ilə əlaqəlidir. Cənubi Koreya ilə Azərbaycanın oxşarlığı da var. Bu, həm də bölünmüş millətlərin taleyinə münasibətdən də irəli gələ bilər.

Beləliklə, Prezident İlham Əliyevin bu beynəlxalq tədbirə dəvət olunması Azərbaycanın müsəlman və türk dünyasındakı roluna, regional əhəmiyyətinə verilən qiymətdir.

Şəhla Muradova,
Bakı şəhəri, 263 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini