19 yanvar 2023 23:12
574

Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi

Yanvarın 18-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xalqımızın qürur və qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi.

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Vətənimizin azadlığı və ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri açan “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd etdi ki, 20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi kimi tarixə yazılıb: “İrəli” İctimai Birliyi tərəfindən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş sosial media kampaniyasının keçirilməsi nəzərdə tutulur. Ümumilikdə tədbirlər planının əsas məqsədi Azərbaycan xalqının mübarizələrlə dolu tarixinin gənclərə aşılanması, habelə 33 il öncə baş vermiş faciə barədə gənc nəslin məlumatlılığını daha da artırmaqdır.”

Ş.Rəhmanlı qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymətin verilməsi məsələsinin ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdığını diqqətə çatdırdı. Ümummilli məsələlərdə gənclərin fəallığının olduqca mühüm amil olduğunu qeyd edən İctimai Birliyin sədri həmyaşıdlarını bu kimi proseslərdə yaxından iştirak etməyə çağırdı: “Ardıcıl olaraq istər qanlı Yanvar, istərsə də, digər tarixi əhəmiyyət kəsb edən günlərdə “İrəli” İctimai Birliyi tərəfindən sosial media kampaniyaları təşkil olunur. Bu tədbirlərin əsas məqsədi ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq miqyasda sosial şəbəkə istifadəçilərinə çatdırmaqdır.”

Çıxış edən Azərbaycan Respublikasının Xalq artisti, görkəmli teatr və kino aktyoru Nurəddin Mehdixanlı 33 il öncə xalqımızın keçdiyi mübarizə yolundan söz açaraq, həmin dövrü dövlət müstəqilliyinə gedən yolun başlanğıcı kimi səciyyələndirdi.

N.Mehdixanlı, həmçinin bildirdi ki, 20 Yanvar xalqımız üçün təkcə hüzn deyil, həm də milli qürur və iradəmizin zəfər çaldığı gün kimi tarixə düşdü. Diqqətə çatdırıldı ki, gənclərimiz bu hadisələri heç zaman unutmamalı və xalqımızın qəhrəmanlıq salnaməsini gələcək nəsillərə ötürməlidir.

Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova təmsil etdiyi qurumun tarixi haqqında ətraflı məlumat verdi. Həmçinin X.Əsədova 20 Yanvar faciəsindən danışaraq bu qanlı hadisənin xalqımızın qan yaddaşında dərin iz buraxdığını, bununla bağlı Milli İncəsənət Muzeyində mütəmadi olaraq sərgilərin keçirildiyini vurğuladı.

Tədbirdə Əməkdar jurnalist, 20 Yanvar şəhidlərinə həsr edilmiş “Şəhidlər” kitabının müəllifi Rafiq Səməndər çıxış edərək bildirdi ki, bu qanlı hadisələrdən cəmi 30 il sonra – 2020-ci ildə Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Qələbə 20 Yanvar faciəsinin açdığı yaraya da məlhəm oldu. Ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Tədbir zamanı İctimai Televiziyanın 20 Yanvar faciəsi ilə bağlı hazırladığı videoçarx, həmçinin Milli İncəsənət Muzeyinin sərgi kolleksiyasından kadrlar nümayiş etdirildi.

Tədbir gənclərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə başa çatdı.

Cavid Əkbərov, “İki sahil”