19 yanvar 2023 11:33
241

20 yanvar Azərbaycan xalqının öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin liderlik fəaliyyəti xalqımızın çağdaş tarixinin yarım əsrlik bir dövrünün başlıca yönünü və məzmununu təşkil edir. Ulu öndər tarix yaradan bir şəxsiyyət olmaqla yanaşı, həm də tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir dövlət xadimi, misilsiz bir şəxsiyyətdir. Bu baxımdan dahi siyasətçinin 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir. Xalqımızın böyük oğlu Heydər Əliyev, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. İkincisi, 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Üçüncüsü, müstəqilliyimizin banisi faciə qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, onun zərədidələrinə dövlət qayğısı göstərilməsi üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. 20 yanvar hadisəsi ilə bağlı ulu öndərin mövqeyi, açıqlamaları, atdığı addımlar 3 onillik öncə baş vermiş mürəkkəb və qanlı hadisələrin mahiyyətini anlamaqda, onun ibrət dərslərini öyrənməkdə xalqımızın qiymətli mənəvi qaynağıdır.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə o vaxtkı sovet rəhbərliyinin ali vəzifə borcuna və adi insanlıq xislətinə zidd olaraq, bütün qoşun növlərini səfərbər etməklə, güc nazirlərinin bilavasitə iştirakı ilə ittifaq dövlətinin müttəfiq bir subyekti olan Azərbaycan SSR-in paytaxtına irimiqyaslı hücum təşkil etməsi, nəticədə çox sayda dinc insanın qətlə yetirilməsi və yaralanması uşaqdan-böyüyə, qadından-qocaya hamını ayağa qaldırdı, nifrət və qəzəb adlı nəhəng bir tonqalı alovlandırdı.Törədilmiş vəhşiliyin qanlı görüntüləri, xəyanətkar izləri milyonlarla insanı yüksək bir cərəyan kimi silkələyib eyni məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Şəhərə yeridilmiş zəhmli bir güc-gecə yatmış şəhərin başında fırtına qoparmış müasir hərbi texnikanın və mərkəzi obyektlərə sıx-sıx yerləşdirilmiş qoşun bölüklərinin özü səhərin açılması ilə güclü bir qasırğanın qoynuna düşüb acizləşdi.
Ulu öndər öz yekun qənaətini isə belə ifadə etmişdi: “Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır”.Böyük siyasət və dövlət xadimi Heydər Əliyev az sonra Vətənə dönəndə Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Xalq o günlərdə böyük bir həqiqəti-- həqiqi liderin meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş günlərdə Heydər Əliyevin-- qüdrətli liderin yoxluğu günün ən böyük həqiqəti kimi dərk olundu. 20 Yanvar günündə xalqının səsinə hər kəsdən əvvəl səs verən də Heydər Əliyev oldu. Heydər Əliyevin dediyi kimi, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı