19 yanvar 2023 11:36
227

20 Yanvar faciəsi xalqımızın mübarizə əzmini daha da gücləndirdi

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda  günahsız insanların gülləbaran edilməsi əməliyyatı  SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, ərazi bütövlüyü, suverenlik uğrunda mübarizliyini məhv edib sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda “erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, “millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını örtbasdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin “dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi.

Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Mən belə fikirdəyəm ki, Böyük Vətən müharibəsi qurtarandan sonra Sovet İttifaqında, ölkənin daxilində — heç bir yerdə, heç bir regionda bu qədər, bu miqyasda qanlı qırğın olmamışdır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul edildi. Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən  Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkəmizdə bu istiqamətdə böyük tədbirlər həyata keçirilir. şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. 

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı