19 yanvar 2023 10:23
261

20 Yanvar cinayətləri bəşər tarixinin ən qanlı hadisələrindən biridir

Yanvarın 20-si Azərbaycanda Ümumxalq Hüzn Günü kimi qeyd olunur.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixində ən zalım, insanlıqda misli görülməmiş faciə baş verdi. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb.Rus ordusu Bakının ardınca Naxçıvana, Lənkərana və bəzi digər bölgələrə də girdi. Qorbaçov Azərbaycan ərazilərinə əsgər göndərərkən Gəncə ətrafında və Xanlar rayonunda hücuma keçən ermənilərə qarşı heç bir silahlı hərbi müdaxilə etməmişdir. Qorbaçovun bu siyasəti digər müsəlman dövlətlərə tətbiq olunan siyasətin də əsasını təşkil edirdi. Xristian Qərb dünyasının diqqətini çəkmək istəməyən Moskva ermənilərə müdaxilə etməmiş, lakin məsələyə ikili standartlardan yanaşaraq, eyni mövqeyi Azərbaycana qarşı göstərməmişdir. Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. “Zərbə” kod adı verilən hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb.20 yanvar faciəsi xalqımızın yaddaşında hüzn və kədər, qürur və qəhrəmanlıq səhifəsi kimi qalıb. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhidlərin qanı ilə Azərbaycanın yeni tarixi yazılıb. Həmin hadisə xalqımızın qəhrəmanlıq dastanına ən parlaq səhifələrdən biri kimi daxil olub. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün ilk növbədə 20 Yanvar şəhidlərinə borcluyuq. Yanvar faciəsinin ertəsi günü o vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinə gəlib, burada xalqımızın kədərini bölüşüb və kommunist rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyanı qətiyyətlə pisləyən bəyanatla çıxış edib. Böyük liderin bu addımı xalqımıza güc verib, ona dayaq və dəstək olub.  1990-cı il yanvarın 22-də Bakıdakı dağüstü parkda müxtəlif millətlərdən olan qadınlar, qocalar, gənclər və uşaqların dəfn edildiyi Şəhidlər xiyabanı salınıb. Həmin gün binaların damlarında hərbçilər tərəfindən quraşdırılmış pulemyotların müşayiəti ilə yüz minlərlə Bakı sakini güllələnən dinc insanların dəfnində iştirak edib. Faciə qurbanları müstəqillik uğrunda mübarizə qəhrəmanları kimi dəfn olunub.Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Hər il faciənin ildönümündə milyonlarla insan paytaxtın ən yüksək nöqtəsində salınan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarının xatirəsini anırlar.Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Rza Eyvazlı,
YAP-ın gənc fəalı