19 yanvar 2023 09:05
403

Hüzn və qürur günü

Ötən əsrin sonunda SSRİ-in dağılması fonunda sovet dövlətinə daxil olan respublikalarda milli hərəkatlar formalaşmağa başladı. Azərbaycanda isə bu prosses nisbətən tez başlamışdı. Xalqın müstəqillik uğrunda mübarizəyə atılması Sovet rəhbərliyinin ciddi təşvişinə səbəb olmuşdu. Buna görə də hər vasitə ilə bu mübarizəni beşiyində boğmağı planlaşdırırdılar. Onlar bilirdi ki, Pribaltika ölkələrindən və Azərbaycandan başqa sovet dövlətlərində milli şüuru müəyyən qədər öldürə biliriblər.

20 yanvarda Azərbaycan xalqı üzərinə quru, hərbi-dəniz, hərbi-hava, hava-desant qoşunları, xüsusi təxribatçı hissələri, DTK və DİN qoşunları, ən dəhşətlisi isə SSRİ-nin müxtəlif regionlarından toplanan cinayət aləminin üzvlərini kütləvi surətdə Bakıya yeritdilər. İmperiya Bakıda tarixi analoqu olmayan qırğın, vəhşilik, talan, qarət və əxlaqsızlıq göstərdi. Cinayət aləminin nümayəndələrindən 4448 nəfərini Respublika   Daxili   İşlər Nazirliyi 20 yanvar hadisəsi zamanı həbs edib qeydə ala bilsə də, lakin onları dərhal azad etmişlər. Qanunsuzluqlar, pozğunluqlar, təxribatlar törətməklə fövqəladə vəziyyət  tətbiq etmək üçün Moskva hələ1989-cu ilin sentyabrından sistemli olaraq Bakıya təxrıbatçı qrupıar, mütəxəssislər göndərmişdi. 20 yanvar təcavüzünə qədər beş ay respublika rəhbərliyinin gözü qarşısında, təbii ki, onun iştirakı ilə Azərbaycan xalqı cinayətə və cəzalandırılmağa hazırlanmışdı.

Bunların yekunu kimi 1990-cı il yanvar ayının 19-da saat 19:27-də Azərbaycan Televiziyası­nın enerji bloku partladılmaqla canlı teleradio yayımı sıradan çıxarıldı. Bir neçə saat sonra Bakının hər yerindən güclü atəş səsləri gəlməyə başladı. Hamı həyəcan içərisindəydi. Sovet qoşunları hər tərəfdən şəhərə soxulurdu. Küçələrdə qan su yerinə axırdı. 40 min nəfərlik ordu əliyalın əhaliyə divan tuturdu. Azərbaycan Respublikasının Konstitusiyası tapdalanmışdı. Helsinki Yekun Aktını və Vyana müqaviləsini imzalamış SSRİ dövləti dinc əhaliyə qarşı görünməmiş bir cinayət işlədi.

Gözyaşardıcı qaz tətbiq edilir, dinc əhali atəşə tutulurdu. Əsgərlər hərbi maşınlardakı projektorlardan istifadə edərək qaranlıq yerlərdə atəşdən gizlənənləri, hətta təcili yardım maşınla­rını gülləyə tuturdular. Mərkəz əmin idi ki, Bakıda xalq susdurulsa, bütün respublikada sakitlik təmin ediləcək, beləliklə də SSRİ-nin Qafqazda qlobal mənafeləri tam müdafiə ediləcəkdir. Ancaq bu, yanlış fikir idi. Buna görə də bədnam sovet rəhbəri Mixail Qorba­çov Bakıda qanlı qırğın törətməkdən çəkinmədi. Lakin 1990-cı il yanvarın 20-də xalqımıza qarşı törədilən faciə Azərbaycan xalqını, daha da sıx birləşdirdi. 20 yanvar hadisəsi ilə Azərbaycan xalqının özünün millət kimi yenidən təsdiqi baş tutdu.

O dövrlər Moskvada yaşayan Ümummilli lider Heydər Əliyev faciənin ertəsi günü ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış etmiş, bu qırğına görə Sovet rəhbərliyini qınamış, xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırmışdır. Eyni zamanda Azərbaycanda hakimiyyətə gələn ulu öndər ilk dəfə bu hadisəyə siyasi və hüquqi qiymət vermişdir.

Üzərindən neçə illər keçsə də, həm dövlət səviyyəsində bu tarixdə şəhid olanların xatirəsi anılır, həm də Azərbaycan xalqı azadlıq mübarizəsinin bir parçası kimi tarixə düşən qəhrəman şəhidlərini qəlbində yaşadır.

Əli Babazadə,
YAP-ın gənc fəalı