19 yanvar 2023 12:35
335

20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsi

Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan verdi.

Eyni zamanda bu hadisələr beynəlxalq cinayət kimi də qiymətləndirilməlidir. XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında 20 Yanvar cinayəti də var. Bu, bəşəriyyət və insanlıq əleyhinə törədilmiş dəhşətli əməl idi.

Məhz, bu hadisələrə ilk hüquqi qiymətin verilməsi Ümummilli lider Heydər Əliyevin siyasi iradəsinin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi.

Ulu öndər Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu. Məhz Ümummilli liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlament “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı.

Azərbaycan dövləti və xalqı öz şəhidlərini unutmur. 20 Yanvar hadisələrin nəticəsində şəhid olmuş ailələrin sosial vəziyyəti daim dövlətin diqqət mərkəzindədir. Prezidenti İlham Əliyevin dediyi kimi, “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur”.

20 Yanvar şəhidləri məhz Vətənini dərin məhəbbətlə sevən əsl vicdanlı insanlar idilər. Buna görə də öz canlarını Vətən, xalqımızın işıqlı gələcəyi uğrunda fəda etdilər.

Bu mənada biz 20 Yanvarı həm də cəsurluq, igidlik, qəhrəmanlıq və milli birlik rəmzinə çevirməli, onu gələcək nəsillərə bu şəkildə təqdim etməyi özümüzə borc bilməliyik.

Aynur Abbaszadə,
YAP  Nizami rayon təşkilatının məsləhətçisi