Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində mövcud olmuşdur. Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin dekabrın 26-da tanımışdır. BƏƏ ölkəmizlə 1992-ci il sentyabrın 1-də diplomatik münasibətlər qurmuşdur.
Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri yüksək səviyyədədir. Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. BƏƏ ilə Azərbaycan Respublikası arasında əlaqələrin mühüm formalarından biri xarici ticarətdir. Azərbaycana BƏƏ-dən kimya və neft-kimya, maşınqayırma məhsulları, elektrotexnika avadanlığı, yüngül və yeyinti sənaye məhsulları gətirilir. Azərbaycandan BƏƏ-nə isə kimya və neft-kimya sənaye məhsulları, yeyinti sənayesi və metallurgiya məhsulları ixrac edilir.
Ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi və 2019-cu ilin yanvar ayından Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycan Ticarət Evi müxtəlif sahələr üzrə Azərbaycana dair müfəssəl məlumat təminatı rolunu daşıyır. Burada 600-dən artıq Azərbaycan məhsulu mövcuddur. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır. Azərbaycanda 233 BƏƏ investisiyalı şirkət fəaliyyət göstərir.
Bu günlərdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri və Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı mühüm əhəmiyyət daşıyır. Bu mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük etimadın və inamın təzahürüdür. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən, yaşıl enerjinin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında bildirib ki: “Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri iqtisadi sahədə əməkdaşlığın dinamikasını artıracaq və mövcud ikitərəfli münasibətləri daha da inkişaf etdirəcək.
Cavid Mehdizadə,
YAP Xətai rayon təşkilatının fəalı
Şanxay Əməkdaşlıq Təşkilatı ölkəmizin xarici siyasətində mühüm istiqamətlərdən biridir
Kamran Bayramov: Azərbaycan Avrasiyada siyasi və iqtisadi mövqelərini gücləndirir